Hadisə

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin iki əməkdaşı rüşvət alma ittihamı ilə həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub müxtəlif məbləğlərdə pul vəsaitləri müqabilində ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Qurumdan qeyd olunub ki, iş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxsləri də eyni ittihamlarla istintaqa cəlb olunub.(Turan)

Bənzər yazılar

Back to top button