Bizim seçimGündəmİqtisadiyyatManşet

Hər 4 nəfərdən 1-nin borcu var: “Krediti qaytarmaq üçün möhlət verilməlidir”

“Borclarla bağlı yaranmış durumdan udan məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlar, uduzan isə banklar və onların müştərilərdir. Bu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı var”.

Bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, bu, hər 4 nəfərdən birinin ya özünün və ya da sahibi olduğu sahibkarlıq subyektinin bank qarşısında birbaşa öhdəlikləri mövcud olması deməkdir:

“Son məlumatlarda bankların əsasən də devalvasiyadan əvvəl və devalvasiyalararası dövrdə verdikləri kreditlərə görə yaranmış məsuliyyətsiz borclar ucbatından hazırda məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddia qeydə alınıb. Problemləri məhkəmə müstəvisində araşdıranların sayı kredit borcu olanların 12 faizini və ya hər 8 nəfərdən 1-ni təşkil edir. Bu iddiaların əsasən inzibati-iqtisad məhkəmələrində və rayon məhkəmələrində araşdırıldığını nəzər yetirsək, onda bəlli olacaq ki, inzibati-iqtisad məhkəmələrində bank-müştəri münasibətlərinə həsr olunmuş iddiaların sayı on minlərlə, rayon məhkəmələrində isə minlərlədir. Bu hesabdan da məhkəmə qərarlarının icrası qurumlarının sərəncamına yönələn işlərin sayı da durmadan artır.

Belə vəziyyətin yaranması məhkəmə və hüquq xidməti xərclərini ödəyən bankların və müştərilərin məsrəflərini xeyli artırmaqdadır. Hər iki tərəfin maliyyə durumunu daha da ağırlaşdıran halların artdığı indiki şəraitdən daha çox məhkəmələr və məhkəmə qərarlarının icrası orqanları faydalanırlar. Onlar həm rəsmi və həm də qeyri-rəsmi ödənişlər hesabına bu prosesdən bəhrələnirlər. Yaranmış vəziyyətdən problemi məhkəmə müstəvisində həll olunmayan banklar və onların müştəriləri uduzurlar”.

Qubad İbadoğlunun sözlərinə görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb:

“Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il fevral ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 705 milyon 200 min manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz azdır. Göründüyü kimi, kredit qoyuluşlarının həcmi azalır, eləcə də kredit protfelində vaxtı keçmiş borcların payı da artır, belə olanda da məhkəmə müstəvisinə çıxarılan bank-müştəri mübahisələrinin sayı da çoxalır. Müşahidələr göstərir ki, borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur, ayrı-ayrı hallar üzrə qəbul edilən qərarlardan da bəhrələnənlər də məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlardır. Odur ki, hesab edirəm ki, bu prosesə dövlət müdaxiləsi olmalı, problemi tənzimləmək üçün uyğun hüquqi və normativ baza formalaşdırmalı, məhkəmənin düzgün və sosial cəhətdən ədalətli qərar verməsi üçün fiziki şəxslərin və fərdi sahibkarların müflis olmasına dair müvafiq qanun layihəsi qəbul edilməli və məhkəmələrdə həmin qanuna və borcların təsnifatına müvafiq olaraq müştərilərə ümid və şübhəli borcları qaytarmaq üçün möhlət hüququ verməlidir”.

Bənzər yazılar

Back to top button