Siyasət

Avropa Parlamenti Qubad İbadoğlunun işini müzakirə edəcək

Azərbaycanlı müxalifətçi və iqtisadçı alim Qubad İbadoğlunun işi Avropa Parlamentinin insan hüquqları üzrə təcili debatının gündəliyinə daxil edilib. Müzakirələr sentyabrın 13-də keçiriləcək, ertəsi gün isə təklif olunan qərarla bağlı səsvermə keçiriləcək, xəbər Avropa Parlamentinin saytında yerləşdirilib.

Müzakirələrdə iştirak edəcək Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynovun sözlərinə görə, debat zamanı deputatlar İbadoğlunun işi ilə bağlı fikirlərini bildirəcəklər və Avropa Komissarlarından birinə siyasətçinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən tədbirlər haqqında suallar verəcəklər.

Hüseynovun Turan-a verdiyi məlumata görə, qətnamə səslərin çoxluğunu qazansa, debat İbadoğlunun işi üzrə qətnamənin qəbulu ilə başa çata bilər.

Qətnamədə İbadoğlunu azad etmək çağırışının yer alacağı və Avropa Komissiyasına siyasətçi və alimin cinayət təqibinə xitam verilməsi üçün Bakı ilə fəal dialoq aparmaq tövsiyələrinin irəli sürüləcəyi gözlənilir.

“İstənilən halda Avropa Parlamentində dinləmələr İbadoğlunun işinə beynəlxalq diqqəti artıracaq”, deyə hüquq müdafiəçisi bildirib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı “dini-ekstremist materiallar hazırlama, saxlama və ya yayma” ittihamı irəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şxəslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Bənzər yazılar

Back to top button