Siyasət

Eynulla Fətullayev Rauf Arifoğlunu niyə “vurdu”?

«Yeni Müsavat»ın baş redaktoruna «MTN-lə əməkdaşlıq» ittihamı

Eynulla Fətullayevin rəhbəri olduğu Virtualaz.org saytında “Eldar Mahmudovdan Ziya Məmmədova qarşı təxribat” başlıqlı yazı dərc edilib. Azinforum.az xəbər verir ki, həmin yazıda, bugünlərdə Ziya Məmmədova məxsus 17 ton ağırlığında pulun tutulmasına dair informasiyanın məqsədli şəkildə yayılması və həmin məlumatın Eldar Mahmudovun marağına uyğun olması ilə bağlı çox sərt iddia irəli sürülür.

Virtualaz.org saytı bu xüsusda yazır: “…Burada maraqlı bir detala diqqət etmək lazım gəlir. Bəzi KIV-lərdə 17 tonluq hansısa bir yükün xaricə çıxarılarkən tutulması barədə çox qəribə bir informasiya yayılmışdı. Həmin məlumatda deyilirdi ki, bu yük nağd puldan ibarət olub, həmin vəsaiti ölkədən çıxarmağa çalışan şəxs isə nazirlərdən biri imiş.

Çox qəribə və təzadlısı da budur ki, həmin informasiyada Eldar Mahmudovun adının əvəzinə tamamilə başqa bir ad – keçirdi nəqliyyat naziri Ziya Məmmədovun adı!

Şübhəsiz ki, 17 ton pul kütləsinin ölkədən çıxarılması barədə deyilənlər sadəcə sayıqlamadır. Çünki bu qədər pul əslində elə ölkənin büdcəsinə bərabər tutula bilər. Lakin burada söhbət başqa məsələdən – ictimai rəyi çaşdırmaqdan və diqqəti başqa səmtə yönəltmək cəhdindən gedir. Mahmudov dövürünün MTN-ində informasiya ilə belə primitiv manipulyasiya cəhdlərini çox görmüşük.

Burada ortaya başqa bir maraqlı sual da çıxır: bu informasiyanı KIV-ə kim ötürüb, bununla da iz azdırmağa çalışıb! Üstəlik, nəzərə alınmalıdır ki, bu informasiya Mahmudovun iqamətgahından brilyant dolu bankalar və pul dolusu qutular tapılan kimi dövriyyəyə buraxılıb.

Sovet vaxtı KQB-nin nəzdində şayiələrin yayılması üzrə xüsusi aparat var idi. Belə texnologiyalardan həmin aparat vasitəsilə sovet vaxtı uğurla istifadə olunurdu. Mahmudov dövrünün MTN-ində də bu üsula əl atıblar – bunu o qədər də peşəkarlıqla edə bilməsələr də!

Əvvəlki suala qayıdaq: ictimaiyyəti bu məsələdə aldatmaqda kim maraqlı ola bilərdi? Şübhəsiz ki, Eldar Mahmudov özü və onun adamları.

Görünən budur ki, “Ziya Məmmədovun 17 ton pulu” barədəki dezinformasiyanı onlar ortaya atıblar. Məqsəd ictimai rəyin maraq və diqqətini digər nazirin üstünə fokuslamaq, jurnalistləri və ictimai rəyi çaşdırmaq olub.

Lakin burada başqa bir sual da çıxır: MTN-dəki mahmudovçular fraksiyası (ona qısaca “MTNXSS” deyək) nəyə güvənirdi, nəyə arxayın idi? Axı xalqdan oğurlanan sərvətlər gec-tez mütləq üzə çıxır!

Məsələ həm də ondadır ki, ölkənin hüquq-mühafizə orqanları hələ də susur və Mahmudov-Çovdarov kriminal duetinin əməlləri barədə ətraflı məlumatlar vermir. Informasiyanı istintaq orqanları ilə bu və ya digər dərəcədə bağlı olan etibarlı mənbələrin köməyi ilə zərrə-zərrə əldə etmək lazım gəlir.

Mahmudovun taleyi və gələcəyi isə hələ də sual altındadır. Sabiq nazir həbsə alınacaq, yoxsa elə bu vəziyyətdə də qalacaq – bu məsələ hələ həllini tapmayıb. Amma o, özünün artıq olmayan nüfuzunu qorumaq üçün dövriyyəyə yalan informasiya buraxmağı qərara aldı.

Nəhayət, sonda. Həmin yalan informasiya dövriyyəyə əvvəllər – Mahmudovun vaxtında MTN-lə sıx əməkdaşlıq etmiş KIV-lərin köməyi ilə buraxıldı. Bir sözlə, həmkarlarımız diqqətli olmalıdır. Mahmudovun şayiə yayma aparatı hələ yatmayıb!”.

Azinforum.az sözügedən yazı ilə bağlı apardığı araşdırma nəticəsində müəyyən edib ki, həmin məqalə bir çox saytlar vasitəsilə tirajlansa da, ilkin mənbə “Yeni Müsavat” olub. Bu səbəbdən də, səslənən ittihamla bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan münasibət öyrəndik.

Rauf Arifoğlu Azinforum.az-a açıqlamasında bildirib ki, barəsində danışılan yazı bir çox KIV- lərdə yayılıb:

“Çoxu da heç istinad etmədi. Əminəm ki, Virtualaz.org-dakı dostlarım bu yazının ilk olaraq “Yeni Müsavat”da dərc olunduğunu bilməyiblər də. Göründüyü kimi, yazıda bizim adımız da yoxdur. Onlar bu yazını öz adları ilə tirajlayan və gerçəkdən də MTN-in indi ifşa olunan rəhbərliyinə bağlı saytlar üçün deyirlər və haqlıdırlar. Əməkdaşlığa gəlincə. Çoxları bizi ən fərqli və müxtəlif dövlət məmurları ilə əlaqələndiriblər. Ən çox da müxalifət təmsilçiləri. Bu sırada Eldar Mahmudovun adı heç zaman çəkilməyib. Əminəm, bundan sonra da çəkilməyəcək”.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button