Əliyevi Türkiyə rəhbərliyi ilə çətin görüşlər gözləyir

Print Friendly, PDF & Email

Gülən məsələsi Bakı ilə Ankara arasında hələ də problem olaraq qalır

Türkiyənin Baş naziri Əhməd Davudoğlu yeni hökumət formalaşdırıldıqdan sonra Azərbaycana səfər edəcək. Bu barədə məlumatı Türkiyənin “Bugün” qəzeti yayıb. Xəbərə görə, yeni hökumət formalaşdırıldıqdan sonra bu, Əhməd Davudoğlunun ilk xarici səfəri olacaq. Türkiyədə yeni hökumət noyabrın sonuna qədər formalaşdırılmalıdır.

Noyabrın 15-16-da isə Antalyada “Böyük iyirmilik”in zirvə toplantısı keçiriləcək. Toplantıda Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti Ərdoğan arasında görüş olacaq.

Bu görüşlərdə Fətullah Gülənin Azərbaycandakı dayaqlarının zərərsizləşdirilməsi məsələsinin ciddi müzakirə olanacağı gözlənilir. “Gülən şəbəkəsi”nin Azərbaycanda zərərsizləşdirilməsilə bağlı Türkiyə hökuməti Ilham Əliyevə bir neçə dəfə müraciət edib. Hətta mediada yayılan məlumatlara görə, şəxsən Ərdoğan Ilham Əliyevə Azərbaycandakı gülənçilərlə bağlı dosye təqdim edib. Lakin Azərbaycan tərəfi ya bu istiqamətdə heç bir addıt atmayıb, ya da gülənçilərin əvəzinə başqa təriqətə mənsub şəxslərə hücumlar edilib. Bu da təbii ki, Ərdoğan hökumətini qane edə bilməz. Nəhayət, bu məsələ Bakı ilə Ankara arasında ziddiyyətlərin baş qaldırmasına səbəb olub. Ərdoğana yaxın mətbuat hətta SOCAR-ın da gülənçilərin nəzarətində olduğunu iddia edib. Azərbaycan tərəfi isə buna sərt reaksiya verərək Ərdoğan hökumətini “Gülən faktoru”ndan həm də biznes maraqlarını təmin etmək üçün istifadə edir.

Beləliklə, Gülənlə bağlı problem Azərbaycan və Türkiyə arasında hələ çözülməmiş qalıb. Bu baxımdan Davudoğlu və Ərdoğanın Ilham Əliyevlə görüşlərinin gərgin keçəcəyini söyləmək olar.

Şəmsi Qurbanov

...