Keçmiş səfirdən “agent nazir” mövzusunda sensasion açıqlama

Print Friendly, PDF & Email

Samir Şərifov barəsində səslənən «üçqat agent» iddiasından danışan Arif Məmmədov başqa məmurların da ifşa ediləcəyini bildirir

Maliyyə naziri Samir Şərifov barəsində səslənən “üçqat agent” iddiasına Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri, artıq ölkə ictimaiyyətinin yaxşı tanıdığı Arif Məmmədov da münasibət bildirib. Diplomat “Facebook” səhifəsində yazdığı qeyddə bunun mümkünlüyünü vurğulayıb. Arif Məmmədov yazır: “Rusiya kəşfiyyatının yüksək rütbəli və çox məlumatlı agenti Yuri Şvets tərəfindən yayılmış məlumat ölkəmizin dəhşətli təhlükə qarşısında olduğunun göstəricisidir. Dağlıq Qarabağ münaqişəsinin bu gündə olduğunun səbəblərini indi siz daha aydın anlamalısınız.

Sizi əmin edirəm ki, ölkə daxilində dövlətçiliyimizə qarşı işləyən çox nüfuzlu şəbəkə mövcuddur və bu şəbəkəyə hakimiyyətin ən nüfuzlu simaları daxildir. Bu şəbəkəyə olkənin nazirləri və nazir müavinləri, PA-nın (Prezident Administrasiyası – red.) bir çox yüksək vəzifəli şəxsləri, səfirlər daxildir.

Bu faktlar barədə keçmiş MTN naziri Eldar Mahmudov da bilirdi və rəhbərliyə müvafiq məruzə etmişdi.

Yaxınlarda daha dəhşətli xəyanətlərlə bağlı faktlar üzə çıxacaq. Ölkəmiz dəhşətli təhlükə qarşısındadır. Ayılmaq vaxtı gəlib”.

Qeyd edək ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Həmin məmur Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Samir Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.

Sovet kəşfiyyatçısının bu iddiaları bomba effekti verib. Iki gündür ki, sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə mövzusudur. Samir Şərifov hələ Şvetsin iddialarına cavab verməyib. Doğrudur, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məsələyə münasibət bildirib. Lakin o, ölkə gündəmini məşğul edən bu iddiaları lağlağıya çevirməyə cəhd edib. “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”, – deyə mətbuat katibi bildirib. Ictimaiyyət isə Samir Şərifovdan, bütövlükdə Azərbaycan hakimiyyətindən baş verənlərə ciddi cavab gözləyir. Əgər Şvetsin iddiaları əsassızdırsa, o zaman dediklərini tutarlı arqumentlərlə cavablandırmaq, eyni zamanda məhkəməyə müraciət etmək lazımdır. Lakin hələ belə bir cəhd ortada yoxdur.

Ekspertlər isə Şvetsin iddiaları ilə bağlı müxtəlif ehtimallar səsləndirilər. Bəzi mülahizələrə görə, Samir Şərifov haqqında belə bir materialın ortaya çıxması hakimiyyət daxilində baş nazir postu uğrunda gedən savaşın təzahürü sayıla bilər. Bəzi iddialara görə, baş nazirlik uğrunda savaşa Samir Şərifov da qoşulub. Artur Rəsizadənin postuna iddialı olan başqa güclü fiqurlar da var. Mümkündür ki, bu, maliyyə nazirini zərərsizləşdirmək üçün rəqibləri tərəfindən təşkil olunub.

Keçmiş səfir Arif Məmmədovun məsələyə münasibəti isə “agent qalmaqalı” ilə “MTN işi” arasında hansısa əlaqənin olması barədə ehtimallara yol açıb. “Nəzərə alsaq ki, Samir Şərifov Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin sıradan çıxarılmasında mühüm rolu oynayıb, o zaman ”agent qalmaqalı”nın qisas olduğunu güman etmək olar”, – deyə ekspertlər bildirir.

Şəmsi Qurbanov

...