Analitika

Bir-birinə zidd olan qərarların arasında geopolitik maraqlar durur — Siyasi Şərh

İspaniyanın Konstitusiya Məhkəməsi yeni qərar qəbul edib.

Aztoday.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Məhkəmə Kataloniya parlamentinin gələn həftənin bazar ertəsi keçirəcəyi müstəqillik sessiyasını ləğv edib. Bəzi siyasi şərhçilər məsələnin həll olunduğunu, bəziləri isə vəziyyətin daha da gərginləşdiyini düşünürlər.

Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Adıgözəl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, burada ikili yanaşma var. Onun fikrincə, buna da beynəlxalq konversiyalar şərait yaradır.

“Qəbul edilən bu konversiyalar bir-birinə ziddir. Belə ki, imzalanan “Helsinki Xartiyası” katalonlara, Şimali İraqdakı kürdlərə müəyyən mənada münbit şərait yaradır. Lakin digər müvafiq konversiyalarda ərazilərin toxunulmazlığı, bütövlüyü, dövlətin parçalanmamağı və s. müddəalar nəzərdə tutulub. BMT-nin ərazilərin toxunulmazlığı, torpaqların bütövlüyünü əks etdirən qərarları var”, – deyə siyasətçi bildirib.

A.Məmmədov deyir ki, əslində bir-birinə zidd olan qərarların arasında geopolitik maraqlar durur:

“Bu gün regionda status-kvonun dəyişdirilməsini istəməyən qüvvələr, yaxud dövlətlər yetərincə güc sahibinə malikdirlərsə, bununla da, status–kvo dəyişməyəcək. Əgər arada nisbət olacaqsa, dəyişiklik baş tutacaq. Əgər hər şeyə “ərazi bütövlüyü” konsepsiyasından yanaşmış olsaydıq, II Dünya Müharibəsindən sonra bu qədər ərazi dəyişikliyi baş verməzdi”.

Politoloqun sözlərinə görə, beynəlxalq siyasətdə mübarizə aparmaq üçün güclü olmaq lazımdır. Bu zaman dövlətin bütövlüyü qoruna bilər:

“Əslində güclü olmaq lazımdır. Dünya mübarizə meydanıdır. Çalışıb regionda söz sahibi olmaq lazımdır. Bunu bacarmaq lazımdır. Bu gün Azərbaycan dövləti güclüdür. Onun güclü ordusu var. İşğal olunmuş torpaqlar da, bir an məsələsidir ki, azad olunsun”.

Bənzər yazılar

Back to top button