Namiq Cəfərli: “ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətini yıxmaqda israrlıdır”

Print Friendly, PDF & Email

“Bir müddət öncə Ağ Ev rəsmən bildirdi ki, Bəşər Əsədin hakimiyyətdən getməsi daha aktual deyil. Lakin bunun üstündən bir neçə gün keçdikdən sonra ABŞ Suriya ordusuna məxsus hərbi hava bazasını bombalamaqla onu göstərdi ki, məqsəd heç də dəyişməyib. Yəni ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətini yıxmaqda israrlıdı və çox güman ki, gələcəkdə buna nail ola biləcək. Hazırda bunun hansı istiqamətdə olacağını dəqiq proqnozlaşdırmaq çətin də olsa, yalnız onu yüz faiz demək olar ki, Suriyanın gələcəyində prezident Bəşər Əsədin yeri yoxdur” – bunu AzToday.az-a açıqlamasında siyasi təhlilçi Namiq Cəfərli bildirib.

Bundan əlavə Namiq Cəfərli ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən aprelin 7-də Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələrinin endirilməsindən sonra Amerika-Rusiya münasibətlərinin gərginləşməsi Suriyada daha çox dinc insanların ölümünə gətirib çıxara biləcəyini qeyd edib: “Əslində ABŞ-ın bu cür hərəkətləri həmişə olduğu kimi dünyadakı problemləri daha da dərinləşdirir. Bu isə birinci və çox güman ki, axrıncı hal deyil. Məsələ ondadır ki, getdikcə artan bu gərginliklər Suriyadakı müharibənin ömrünü daha da uzadır. Nəticədə isə hər gün yüzlərlə dinc insanlar ölür. Fərq etmir bunu Rusiya və yaxud ABŞ edir. Fakt ondadır ki, Suriyada günahsız insanların qanı tökülür. Bundan isə başda İŞİD terror qruplaşması olmaqla digər terror təşkilatları da fayda əldə edirlər”.

Orxan Sadıqlı

...