Xəbərlər

Hətta 3-cü və 4-cu dərəcəli məmurları belə tənqid etmək belə təhlükəlidir

AzToday.az portalının baş redaktoru Elmidar Əliyevlə müstəqil medianın bu günkü durumunu qiymətləndirməyə çalışdıq.

-Son günlər media qurumlarına qarşı başlanan təzyiqlər hardan qaynaqlanır?

Vergilər Nazirliyinin müstəqil media qurumlarına qarşı başladığı hücumlar təsadüf deyil. Təkcə “Turan” agentliyinə qarşı deyil, başqa media orqanları da Vergilər Nazirliyi tərəfindən böyük məbləğdə cərimə edilib. Bu təzyiqlər birbaşa hakimiyyətin yüksək dairələrindən qaynaqlanır. Təzyiqlər hakimiyyətin nəzarətində olmayan bütün media qurumlarının sıradan çıxarılmasına hesablanıb. Başqa tərəfdən ayrı-ayrı yüksək vəzifəli məmurlarda imkanlarından müstəqil mediaya qarşı istifadə edirlər.

-Ancaq rəsmilər hər dəfə çıxışlarında Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olundunu bildirirlər…

Dediklərinə özləri belə inanmırlar. Azərbaycan mətbuatı hətta 3-cü və 4-cu dərəcəli məmurları belə tənqid edə bilmir. AzToday.az-ın misalında bunu aydın görmək olur. Prezidentin ictimai-syasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan yazmaq rəsmən qadağan olunub.

Dünən, Əli Həsənovdan yazdığımız yazıya görə, Baş Prokurorluğa çağrıldım. Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən xəbərdarlıq aldıq. Hansısa məmurun təqidinə belə Əli Həsənov icazə verməlidir. Əks təqdirdə saytlar bloklana bilər. Məhkəmə və hüquq-mühafizə orqanları vasitəsi ilə təzyiqlər başladılır.

Son 2 ildə AzToday.az xəbər portalını bir-neçə dəfə məhkəməyə veriblər. Əməkdaşımız Murad Əhmədov bu təzyiqlər sonunda ölkəni tərk etmək məcburiyyətində qaldı. Murad Əhmədovun araşdırmaları hakimiyyətdə bəzi dairələri çox narahat edirdi. Özümün də ölkədən çıxışına qadağa qoyulub. Müxtəlif səpkili təzyiqlərlə mətbuatı ölkənin problemlərini işıqlandırmaqdan çəkindirməyə çalışırlar. Azərbaycanda bütün müstəqil mətbuat nümayəndələri, eləcə də mən və bizim redaksiyanın əməkdaşları üçün həmişə həbs təhlükəsi var. İndiki şərtlərdə bu çox real görünür.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button