Nabiullina ilə Elman Rüstəmovun fərqləri-iki bankir, amma…

Print Friendly, PDF & Email

İngiltərənin “The Banker” jurnalı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı Avropa üzrə ən yaxşı bank rəhbəri seçib. Məlumatda bildirilir ki, Rusiya Mərkəzi Bankı son illər böyük işlər görüb: “Bank ölkəni mövcud devalvasiya və bank sektorunun problemlərindən, o cümlədən böhrandan qurtarıb. Buna isə ölkə “Nabullinanın güclü əli” sayəsində nail olub. Nəticə etibarilə 2017-ci ildə Rusiyada iqtisadi artım gözləniləndir”.

E.Nabiullinanın nailiyyətləri sırasında “The Banker” ölkədə ən aşağı inflyasiya səviyyəsini qeyd edib. Belə ki, Rusiyada bu günə qədər inflyasiya səviyyəsi heç vaxt 6,1 faiz səviyyəsinədək enməyib. Mərkəzi Bank rəhbərinin səyləri nəticəsində isə 2016-cı ilin sonunda bu rəqəm hətta rekord səviyyəyədək – 6 faizədək azalıb. Halbuki ilin əvvəlində bu rəqəm 12,9 faiz təşkil edib. “Mərkəzi Bankın daha bir uğuru Nabiullinanın rəhbərliyi altında ölkənin bank sektorunun sağlamlaşdırılması istiqamətində sərt tədbirlərin görülməsidir. Bu isə nəticədə kredit təşkilatının üçdə birinin lisenziyasının ləğvinə gətirib çıxarıb. Bundan başqa, xanım sədr Maliyyə Nazirliyi ilə birgə yeni pensiya sisteminin konsepsiya üzərində işləyir”,- deyə müəllif qeyd edir.

Qonşu Rusiyadakı kimi, bizdə də milli valyuta ötən il ərzində dəyərdən düşüb, dollar qarşısında xeyli dəyər itirib. Maraqlıdır, bizim Mərkəzi Bank sədri Elman Rüstəmov rusiyalı həmkarının atdığı hansı addımlar atmayıb ki, bizim durumumuz daha pisdir? Yaxud E.Rüstəmov bu siyahıya düşmək üçün hansı addımları atmalı idi? Ekspertlər musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Ekspert Əkrəm Həsənov bildirib ki, Rusiya Mərkəzi Bankının sədri ilə Azərbaycan Mərkəzi Bankının sədrinin müqayisəsi çox yerinə düşən bir müqayisədir: “Çünki ölkələrimizdə olan şərait və pul siyasətindəki vəziyyət eynidir. Hər iki ölkənin vəziyyəti neftdən, qazdan asılı olan bir durumdur. Bizdə bəziləri deyirləır ki, Elman Rüstəmov nə etsin, neftin qiyməti düşüb və sair, ondan asılı olan bir iş yoxdur. Rusiyada da oxşar vəziyyətdir. Amma buna baxmayaraq, görürük ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilin baş bankiri seçilib. O, Mərkəzi Bankın sədri təyin olunan dövrdə Rusiya valyutasının vəziyyəti çox ağırlaşdı, neftin qiyməti aşağı düşməyə başladı və rubl zəiflədi. Belə təzyiq altında o, rus valyutasını tam üzməyə buraxdı. Amma eyni zamanda da üzmək üçün bütün lazım olan tədbirləri gördü. Yəni ilk növbədə bir-bir qanunları pozan bankları bağlamağa başladı. Onun dövründə bağlanan qədər heç bir bankirin dövründə bank bağlanmayıb, yüzlərlə bankı bağladı. Heç nəyə baxmırdı, qohumluq, dostluq münasibətlərinə, hansı ban kimindir kimi məsələlərə baxmırdı.

Qanunlara tabe olmayan bankları dərhal bağlayırdı. Təmizləmə işlərini aparırdı. Bunun nəticəsində də Rusiya Mərkəzi Bankının banklara verdiyi kreditlərin üzərində nəzarət həyata keçirirdi. O kreditlərin təyinatı üzrə istifadəsi, kreditlərin valyuta bazarına axmaması, məhz ölkə iqtisadiyyatının maliyyələşməsinə getməyinin mexanizmini qurdu. Heç bir Rusiya bankı Mərkəzi Bankdan aldığı krediti valyuta bazarına aparıb dollar almırdı və bununla da valyutasını əlavə olaraq dəyərdən salmırdı. Yəni eyni zamanda Mərkəzi Bank valyutanı sərbəst buraxdı, dedi daha kursunu təyin etmirəm, qoy bazar təyin etsin. Həm də tədbirlər görürdü ki, valyutanın daha da dəyərdən daşməsinə aparıb çıxarmasın və bank sistemində qayda-qanun olsun. Amma indi gəlin baxaq görək Elman Rüstəmov nə edir? Elman Rüstəmov heç nə etmədi. Pis bankları bağlamadı. Çünki o banklarla sıx əlaqələri vardı, dostluq, qohumluq və digər əlaqələr vardı. Banklara verdiyi kreditləri də kontrol edə bilmirdi. Yəni bilir ki, o krediti versə, banklar başlayacaq dollar almağa. 2015-ci ilin sonunda baş bankir elan etdi ki, manat üzən məzənnəyə keçir, amma reallıqda buna getmədi, gedə bilmədi.

Çünki əgər etsəydi, bu, valyutamızın daha da dəyərdən düşməsinə aparacaqdı. Çünki banklar Mərkəzi Bankdan aldıqları pulla alver etməyə başlayacaqdılar. Bütün bunlar onun göstərəcisidir ki, peşəkarlıq baxımından Rusiya Mərkəzi Bankının sədrinin həqiqətən peşəkardır. Elman Rüstəmovla bir neçə il Mərkəzi Bankda çalışan adam kimi tam məsuliyyətlə deyirəm ki, o adam peşəkar deyil, yəni işini bilmir. Sadəcə çox uğurlu bir vaxtda Mərkəzi Bankda oldu və neft pulları sayəsində özünə ad qazandı. Amma vəziyyət pisləşən kimi onun peşəkar olmaması tam üzə çıxdı. Digər tərəfdən, Rusiya Mərkəzi Bankının sədri sadəcə məmur deyil. Məhz özünü müstəqil apara bildi və öz mövqeyini dövlət rəhbərliyinin qarşısında qoya bildi. Dedi ki, eybi yox, qoy valyutamız düşsün, amma bu addımlara getmək lazımdır və getdi. Amma bizim Mərkəzi Bankın sədri adi məmurdur. Onun gedib kiməsə nəyisə inandırmaq, izah etmək qabiliyyəti yoxdur, həm də ki, onun üçün başqa keyfiyyətləri yoxdur, həm də ona etimad da yoxdur. O, gedib nəsə təklif etsə, onun haqqında yüksək səviyyələrdə fikirləcəklər ki, nəsə başqa istəkləri var və sair. Amma Rusiya Mərkəzi Bankının sədri çox qısa müddətdə Rusiya bank sistemini tam təmizlədi və Rusiya valyutasını tam üzməyə buraxaraq həm bank sistemində, həm bütövlükdə iqtisadiyyatda sağlamlaşdırmaya müəyyən qədər nail oldu”.

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, Azərbaycanda vəziyyət Rusiyadakından daha ciddidir: “Hesab edirəm ki, Rusiya Mərkəzi Bankının rəhbərini Azərbaycanın Mərkəzi Bankına rəhbər təyin etmək mümkün olsaydı da, o, Azərbaycandakı problemləri həll etmək iqtidarında olmayacaqdı. Çünki Azərbaycanın problemləri bir Mərkəzi Bank, yaxud bank sistemi ilə məhdudlaşmır. Azərbaycanda milli valyutanın başlıca problemləri iqtisadiyyatın durumu ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının durumu 2016-cı ildə Rusiya iqtisadiyyatı ilə müqayisədə xeyli pisləşdi. Baxmayaraq ki, Rusiya sanksiyalarla qarşı-qarşıya idi, Rusiyanın iqtisadiyyatına kənar təsirlər, amilər kifayət qədər təzyiq edirdi, amma bütün bunlara baxmayaraq Rusiya iqtisadiyyatının durumu və rus valyutasının möhkəmlənməsi üçün şərtlər Azərbaycanla müqayisədə tam yaxşı olub. İlin yekunları da göstərir ki, Azərbaycanda tənəzzülün səviyyəsi Rusiya ilə müqayisədə 5-6 dəfə yüksək olub. Ümumdaxili məhsulun eniş tempini müqayisə etsək, bu qənaətə gəlmək olar.

Rusiya bu böhran başlayandan konsepsiyasını qəbul edəndə də ölkədəki mövcud vəziyyəti olduğu kimi dəyərləndirə bildi. Biz təəssüflər olsun ki, ölkə iqtisadiyyatı tənəzzüldədir, ciddi şəkildə kiçilib, hələ də ölkədəki mövcud vəziyyəti düzgün dəyərləndirib ondan çıxan nəticələri əsas götürüb müəyyən bir nə iqtisadi, nə siyasi, nə monetar, nə fiskal siyasət yeridilmir. Azərbaycan Mərkəzi Bankı demək olar ki, öz siyasətini davam etdirir. Elan etdiyi pul kredit siyasətinin əsas istiqamətlərində də biz bunu görürük. Bu, manatın kütləsinin azaldılmasına yönələn bir siyasətdir. Amma bu gün o siyasətə adekvat olaraq iqtisadiyyatdakı proseslər göstərir ki, Rusiyadakı vəziyyətin Azərbaycandakından böyük fərqi var. Rusiyada istehlak bazarında yerli məhsulların payı yüksəkdir. İkinci böyük fərq də ondan ibarətdir ki, hesablaşmalarda depozitlərdə rus rublu ilə qoyuluşların səviyyəsi valyuta ilə müqayisədə daha yüksəkdir.

İqtisadiyyatda dollarlaşma bizdəki kimi getməyib. Buna görə də Rusiya Mərkəzi Bankının sədrinin peşəkarlığına şübhə etmirəm. Amma hesab edirəm ki, hətta Rusiya Mərkəzi Bankının sədri Azərbaycanda Mərkəzi Banka rəhbər təyin edilsəydi, yenə də maliyyə bank sistemini böhrandan çıxarmaq mümkün olmayacaqdı. Rusiyada bu məsələlərə kompleks yanaşma var. Hər bir institut öz işini daha düzgün və əlaqələndirilmiş şəkildə həyata keçirir. Amma bizdə baxmayaraq ki, bizdə müxtəlif qurumlar yaradıldı, nəticə olmadı. Maliyyə Sabitliyi Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və sair qurumlar arasında sağlam rəqabət yaranmaq əvəzinə onlar bir-birlərinə qarşı fəaliyyət göstərməklə məşğuldurlar. Əlaqələndirmə siyasətləri yoxdur. Ona görə bizim Mərkəzi Bank sədrinin adını bu cür siyahılarda axtarmağa dəyməz”.

Rüfət Manafov

...