Mirşahin: “Teleradio Şurası ANS-in binasının xarabalığa çevrilməsindən həzz alırsa…”

Print Friendly, PDF & Email

“Əgər Teleradio Şurası ANS-in lizenziyasını ləğv eləməyindən, telekanalın, “ANS ÇM” radiosunun yoxluğundan, ANS-in binasının xarabalığa çevrilməsindən həzz alırsa, indi baxılan məsələyə də “donuzdan bir tük çəkmək də qənimətdir” prinsipi ilə yanaşıb, 160 mini almaq istəyirsə, ondan mənim sözüm yoxdu…”, – ANS-in baş direktoru Mirşahin Ağayevin məhkəmədə çıxışındandı.

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə ANS-in şikayətinə baxılıb. ANS 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabrda çıxardığı qərardan apellyasiya şikayəti verib. Məhkəmə Azərbaycan Milli Televiziya və Radio Şurasının iddiasını təmin edərək, ANS-ə serial çəkilişi üçün verilmiş 160 min manatın geri qaytarılması, həmçinin 8000 manat da cərimənin ödənilməsi (ümumilikdə 168 min) haqda qərar çıxarıb.
O məhkəmədə ANS də qarşılıqlı iddia qaldıraraq, əksinə, Teleradio Şurasından serial çəkilişi üçün bağlanmış müqavilədə nəzərdə tutulan, amma köçürülməyən 40 min manatın da ödənilməsini və daha 11 min 489 manat (ümumilikdə 51 min 489 manat) ödənilməsini tələb edir.

Məhkəmə ANS-in çəkdiyi serialın onlarla bağlanmış müqaviləyə uyğun olmadığını iddia edərək, verilən pulu geri tələb edən MTRŞ-nı haqlı sayıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in nümayəndəsi Sevda Məhərrəmova kino sahəsi üzrə mütəxəssisin çağırılıb dindirilməsi haqda vəsatət qaldırıb. Hüquqşünas deyib ki, mütəxəssis dəvət olunana qədər də məhkəmə təxirə salınsın.

Vidadi Məmmədovun sədlik etdiyi hakimlər kollegiyası vəsatətin açıq saxlanmasına qərar verib.
Ardından tərəflər apellyasiya şikayətinə münasibət bildirib.

“Nuşirəvan müəllim özü zəng eləyib dedi ki…”

Teleradio Şurasının təmsilçisi Toğrul Mirzəzadə şikayətin əsassız olduğunu bildirib, yazılı şəkildə etirazı da ANS nümayənlərinə təqdim olunub.

ANS-in nümayəndəsi Sevda Məhərrəmova isa bildirib ki, qərar əsassızdır. Çünki ANS müqavilə öhdəliyini pozmayıb. Şura özü çəkiliş üçün maliyyə köçürülməsini gecikdirib.

Sevda Məhərrəmova məhkəməyə 2013-cü ildə Teleradio Şurası ilə ANS arasında başlanmış müqaviləyə sonradan dəyişikliklər olunmasını təsdiqləyən sənədləri də təqdim edib. Bildirib ki, budəfəki serialla bağlı da tərəflər arasında şifahi razılaşma olub ki, ssenariyə sonradan dəyişiklik olacaq. Məhz Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin təşəbbüsü ilə ANS onlara tələsik bir ssenari təqdim edib. Razılaşıblar ki, sonradan əlavə və düzəlişlər olunsun. Amma indi Teleradio Şurası ssenariyə edilən dəyişiklikləri əsas gətirib, çəkilmiş serialı qəbul etmir: “ANS heç bir qanun pozuntusuna yol verməyib, öhdəliklərə də əməl edib”.

ANS-in baş direktoru Mirşahin Ağayev də Nuşirəvan Məhərrəmli ilə aralarında belə söhbət olduğunu təsdiqləyib: “Bizim münasibətlərimiz kifayət qədər sivil olub. Bu serialdan əvvəl də, bu serialla bağlı da Nuşirəvan müəllimlə danışıqlarımız olub, qarşılıqlı anlaşma şəraitində iş görmüşük. Prezidentin milli serial çəkilişi ilə əlaqədar maliyyə ayırmasından bir müddət sonra təşəbbüs bizdən yox, onların özündən gəldi. Nuşirəvan müəllim mənimlə əlaqə saxlayıb dedi ki, “başqa kanalların hamısıayrılan vəsaiti alıb, vaxt da daralır”. Dedim ki, bizim hazır ssenarimiz yoxdur. Dedi ki, “əlinizdə nə varsa, gətir, sonra lazım olsa, dəyişiklik edərsiz”. “Abşeron” serialının ssenarisi bu vəziyyətdə təqdim olunub onlara. Müvafiq qurumlara müraciət edib, danışıqlarımızın mətnini də ala bilərsiz. Kinoların, serialların çəkilişində ssenariyə əlavələr, dəyişikliklər edilməsi həm bizdə, həm də dünya praktikasında var. Məsələn, “Yeddi oğul istərəm” filmi Yusif Səmədoğlunun əsəri əsasında çəkilib, amma oradakı adlar istisna olmaqla, qalan hər şey dəyişdirilib. Bizim çəkdiyimiz serialda da məzmun dəyişməyib, mövzu razılaşdırıldığı kimi, sevgidir.

Mən Azərbaycanda qanunun aliliyinə inanıram. Hətta hansısa halda, bizim xeyrimizə olmayan qərarlar çıxarılanda da, ümid edirəm ki, yuxarı instansiyalar bu səhvi aradan qaldıracaq”.

“Əgər “donuzdan bir tük də qənimətdir” prinsipi ilə yanaşırlarsa…”

Toğrul Mirzəzadə isə deyir ki, ANS-in təqdim elədiyi serialın adı da, süjet xətti də tamam fərqlidir. Müqavilədə serialın adının “Abşeron” olacağı göstərilib, amma təqdim olunan serial “Sevgi naminə”dir: “Təkcə ad deyil, məzmun və həcm də fərqlidir”.

Mirşahin Ağayev isə bir daha israr edib ki, ssenaridə köklü dəyişiklik edildiyini demək olmaz: “Əgər Teleradio Şurası ANS-in lizenziyasını ləğv eləməyindən, telekanalın, “ANS ÇM” radiosunun yoxluğundan, ANS-in binasının xarabalığa çevrilməsindən həzz alırsa, indi baxılan məsələyə də “donuzdan bir tük çəkmək də qənimətdir” prinsipi ilə yanaşıb, 160 mini almaq istəyirsə, ondan mənim sözüm yoxdu. Mən ANS-in baş direktoru olaraq, əminəm ki, o serialın yaxşı reytinqi olacaqdı”.

Sevda Məhərrəmova da əlavə edib ki, ssenariyə dəyişiklik edilməsindən Teleradio Şurasının da xəbəri vardı. Dəyişikliklər haqda Şuraya məktub da yazılıb. Onlar bir ay ərzində məktuba cavab verməyiblər. Bu da Teleradio Şurasının razılığı kimi qəbul olunub.

Bundan sonra hakim Vidadi Məmmədov bildirib ki, tərəfləri dinləyəndən sonra kino mütəxəssisinin dəvət olunması ilə bağlı vəsatətin təmin olunmasına ehtiyac duyulmadığı qənaətinə gəldilər. Ona görə də vəsatət təmin olunmur.

ANS-dən hakimlərə etiraz

Bundan sonra ANS təmsilçiləri Vidadi Məmmədov, Səriyyə Seyidova və Sərvət Hüseynovdan ibarət hakimlər kollegiyasına etiraz veriblər. Onlar prosesdə tərəflərə bərabər imkanlar yaradılmadığını, bu məhkəmə tərkibinin ədalətli qərar çıxaracağına şübhə ilə yanaşdıqlarını bildiriblər.

ANS-in şikayəti üzrə məhkəmə aprelin 13-də davam edəcək. O vaxta qədər Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etiraza baxıb, qərar verməlidir.

azadliq.info

...