İqtisadiyyat

13 müşaviri olan nazir

Vergilər naziri Fazil Məmmədovun yeni əmriylə İlqar Əhmədov və İlham Əmirəliyev vergilər nazirinin yeni müşavirləri təyin edilib. Vergilər Nazirliyinin saytının verdiyi məlumata görə, bununla da hazırda vergilər nazirinin müşavirlərinin sayı 13-ə çatıb.
Görəsən, bu qədər müşavirə nə ehtiyac var? Axı, bu adamlar nə işlə məşğuldular?

Vergilər Nazirliyinin struktur vahidləri bunlardı: Vergilər Nazirliyinin Aparatı, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Daxili təhlükəsizlik baş idarəsi, Vergi auditi və operativ nəzarət baş idarəsi, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsi, Beynəlxalq münasibətlər idarəsi, İnsan resursları idarəsi, Maliyyə institutlarında vergi monitorinqi idarəsi, Maliyyə-təsərrüfat idarəsi, Analitik-informasiya şöbəsi, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi, Mühasibat uçotu şöbəsi, Vergilər Nazirliyi yanındaÿ Bakı Vergilər Departamenti, Vergilər Nazirliyi yanında 1 saylı Bakı Vergilər Departamenti, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti və Tədris Mərkəzi.

Göründüyü kimi nazirin müşavirləri kimi, nazirliyin strukturları da çoxdur. Biz bu idarələrin hansı işlə məşğul olduğunu, ümumiyyətlə bu strukturların nə qədər zəruri olduğunu müzakirəyə çıxarmaq istəmirik. Sadəcə olaraq, sadə bir suala cavab tapmaq istəyirik. Vergilər nazirinin 13 müşaviri, nazirliyin bu qədər idarələri varsa, niyə dövlətin vergi siyasəti iflasa uğrayıb?

Əgər Vergilər Nazirliyi ötən il ərzində cəmi 6 milyard vergi toplaya bilibsə və bu verginin 907 milyonu qeyri-qanuni yığımdırsa, o zaman bu qədər müşavir nəyə lazımdır? Azərbyacanda Vergilər Nazirliyinin adı gələndə hamının rəngi qaralır, vergi sistemi “qara qüvvə” kimi təsəvvür olunur.

İllik vergi haqlarının alınması, qanunsuz vergi cərimələrinin yazılması haqqında saysız-hesabsız şikayətlər var. Vergilər Nazirliyi öz funksiyasını yerinə yetirə bilmirsə, müşavirlərdən ibarət “tabor” yaratmağın nə anlamı var? Bundan sonra Fazil Məmmədov 200 müşavir təyin etsə nə dəyişəcək? Sanki, müşavirələrin sayının artırılması, vergi siyasətimizə töhfələr verir. Hanı bu adamların ortaya qoyduğu nəticə? Yəqin ki, bir nazirin 13 müşavirinin olması da analoqsuz hadisədir.

Yeri gəlmişkən Vergilər Nazirliyi ötən il xəbər yaymışdı ki, il ərzində qurumun 700 işçisi sahibkarlara qarşı qanun pozuntusuna yol verib. Onlardan 11 nəfər işdən qovulub, qalanları isə cəzalandırılıb. Əgər bir nazirliyin 700 əməkdaşı qanun pozuntusuna yol veribsə, hansı vergi siyasətindən danışmaq olar.

Ölkəyə valyuta axını olanda, idxal və ixracın səviyyəsi indikindən yüksək olanda, iş yerləri fəaliyyət göstərəndə Vergilər Nazirliyi büdcəyə əhəmiyyətli töhfə verə bilməyibsə, indiki böhranlı vəziyyətdə müşavirlərin sayını 13-ə qaldırmaq heç nəyi dəyişə bilməz. Yaxşı olar ki, nazir müşavirlərin sayını artırmaqdansa, nazirliyin nüfuzunu, faydalı iş əmsalını artırsın.

Rüfət Manafov

Bənzər yazılar

Back to top button