İqtisadiyyatın və sahibkarlığın “qəbirqazanları”!

Print Friendly, PDF & Email

Artıq xeyli müddətdir ki, ölkə gündəminin əsas mövzusu bir il ərzində manatın dollara nisbətdə təxminən 105 faiz ucuzlaşması və bunun nəticəsində meydana çıxan sosial-iqtisadi problemlərdir. Bura işgüzar mühitin ciddi şəkildə zəifləməsi, iş yerlərinin kütləvı şəkildə bağlanması, qiymətlərin bahalaşması, dollar kreditləri olanların əksəriyyətinin faktiki olaraq müflis vəziyyətə düşməsi, manatla əmanətlərin dəyərsizləşməsi və sair problemlər aiddir.

Hökumət bunların hamısını neftin qiymətinin düşməsi ilə bağlayaraq, qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atacağını vəd edir. Ancaq yerli və xarici ekspertlərin illərdir bütün xəbərdarlıqlarına baxmayaraq, qeyri-neft sektorunun inkişafında indiyə qədər ciddi addımlar atılmamasının səbəbləri izah edilmir. Dövlət tərəfindən geniş proqramlar qəbul edilsə də, sənayenin və kənd təsərrüfatının inkişafında niyə indiyə qədər əsaslı dönüşlərə nail olunmadığı, bunun günahkarlarının kimlər olduğu açıqlanmır.
Fikrimizcə, qeyri-neft sektorunun inkişafdan qalmasının əsas səbəblərindən biri və bəlkə də birinci səbəbi banklardır. Daha dəqiqi, bankların həyata keçirdiyi kredit siyasətidir.

Məsələ ondadır ki, hər bir ölkədə iqtisadiyyatın inkişafında bankların biznesi kreditləşdirməsi həlledici rol oynayır. Bu kreditlərin aşağı faizlə vrilməsi işgüzar mühiti canlandırır, iqtisdadiyyatın real sektorunun inkişafına təkan verir.

Azərbaycanda isə bankların həyata keçirdiyi kredit siyasəti nəinki ölkədə iqtisadiyyatın inkişafına şərait yaradıb, əksinə, biznes adamlarının, müəssisələrin iflasına səbəb olub. Bankların kredit faizlərinin çox yüksək olması və qısamddətli dövr üçün verilməsi ölkədə iqtisadiyyatın inkişafı qarşısında birinci maneə olub və olaraq qalmaqdadır.

Təsadüfi deyil ki, ölkədə banklar tərəfindən verilən təxminən 18 milyard manatlıq kreditin 50 faizdən artığını istehlak kreditləri təşkil edib. Ötən il Mərkəzi Bankın yaydığı məlumat bunu əyani göstərir: “Kredit təşkilatları tərəfindən 18 milyard 542,6 milyon manat kredit qoyuluşunun 2 milyard 680,7 milyon manatı “Ticarət və xidmət”ə (xüsusi çəkisi 14,5%), 847,3 milyon manatı kənd təsərrüfatı və emala (xüsusi çəkisi 4,6 %), 2 milyard 555,1 milyon manatı inşaat və əmlaka (xüsusi çəkisi 13,8%), 736,0 milyon manatı nəqliyyat və rabitəyə (xüsusi çəkisi 4%), 195,8 milyon manat energetika, kimya və təbii ehtiyatlara (xüsusi çəkisi 1.1%), 7 milyard 731,8 milyon manatı (xüsusi çəkisi 44%) ev təsərrüfatlarına aid olub”.

Göründüyü kimi, real iqtisadiyyatın inkişafına yönəldilən kreditlər çox şağı həcmdədir. Bankların verdiyi kreditlərin faiz dərəcəsinin cox yüksək olması, bəzən illik 35 faizə çatması bu vəsaitləri biznes adamları üçün əlçatmaz edib. Nəticədə qeyri-neft sektorunda fəaliyyət göstərmək istəyən sahibkarlar ya vəsait əldə edə bilməyib. Ya da aldığöı kredit onun müflis olmasına gətirib çıxarıb.

Nəzərə alsaq ki, bu bankların əksəriyyəti oliqarx məmurlara, nazirlərə aiddir, ölkə iqtisadiyyatının düşdüyü vəziyyətə görə, bütün mənalarda onların məsuliyyət daşıdığını söyləyə bilərik.

Burda əlbəttə, Mərkəzi Bankın da “rolu” az olmayb. Mərkəzi Bank 2009-cu ildən sonra uçot dərəcəsini kəşkin aşağı salsa da (əvəllər 15 faizdi, 2009-cu ildən sonra 2-5 faiz arasında dəyişib), bankların kredit siyasətininin iqtisadiyyatın inkişafına yönəlməsini təmin etmədi və ya etmək istəmədi. Ya onlara verdiyi mərkəzləşdirilmiş kreditlərin həcmini çüzi etdi, ya da “şapkasını” alaraq bankların sözün həqiqi mənasında soyğunçuluq siyasəti yürütməsinə şərait yaratdı.

Bunun nəticəsində də ölkədə biznes kreditlərinin illik dərəcəsi minimum 20 faizdən başlayıb, 35-36 faizə qədər yüksəlirdi. Heç kim də bank sahiblərindən soruşmurdu ki, sən Mərkəzi Bankdan 2-4 faizlə aldığın krediti, iş adamına niyə 25-30 faizlə verirsən.

Halbuki, nəzəri baxımdan ölkədə inflyasiyanın səviyyəsi nə qədərdirsə, kredit resurslarının faizi ondan 1 faiz çox olmalıdır. Məsələn, Almaniyada, eləcə də digər normal ölkələrdə kredit inflyasiya səviyyəsindən 1-1,5 faiz çox verilir.
ABŞ-da kredit faizi ötən illərdə 0,25 faiz olub, amma inflyasiya 1,5 faiz. Yəni, kredit inflyasiyadan aşağı faizlə verilir. Əhaliyə kömək edirlər, iqtisadiyyatı daha aktiv, sürətli etmək üçün stimul verirlər.

İnfilyasiya səviyyəsini nəzrə alsaq, ötən illər ərzində Azərbaycanda kredit faizi 12-14 faizdən çox olmamalı idi. Dövlət də bunu tənzimləməli idi. Ancaq tənzimləməyib, faktiki olarq bankların soyğunçuluğuna şərait yaradıb.

Hətta qanuna ziddi olaraq bankların dollarla kredit verməsinə də imkan veriblər. Sonradan da dolların məzənnəsini 2 dəfə qaldıraraq əhalini, iş admlarını faktiki olaraq müflis vəziyyətə salıblar. İndi də maliyyə naziri çıxıb deyir ki, dövlət heç kimə güzəşt etməyəcək: “Hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. … Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər”.

Yəni, maliyyə naziri nəinki hökumətin bu məsələyə qarışmayacağını deyir, hətta bankların maraqlarından çıxış edir. Ödəniş müddətini uzatmaq kreditin 2 dəfə artan məbləğini azaltmır ki. Bu, faktiki olaraq bankların soyğunçuluğunu sanksiyalaşdırmaq, əhalini, iş adamlarını tamamilə müflislədirmək siyasətinə bəraət qazandırmaqdır.

Qeyd edək ki, bankların soyğunçuluq siyasətinə, ölkədə bahalaşmanı stimullaşdırmasına həm də Mərkəzi Bank tərəfindən şərait yaradılır. Məlum olduğu kimi, devalvasiyadan sonra Mərkəzi Bank valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini dəyişib. Belə ki, banklara satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limit müəyən edilib. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Bu isə banklara imkan verir ki, heç bir zəhmət çəkmədən təkcə valyuta satışından 4 faiz gəlir əldə etsinlər. Bankların əldə etdiyi əlavə bu 2 faiz gəlir isə istehlak bazarında bahalaşmaya şərait yaradır. Belə ki, banklardan baha qiymətə valyuta alan iş adamları bunu xaricdən gətirdikləri məhsulun üzərinə əlavə edirlər.

Onu da qeyd etmək lazımdır ki, əksər banklar bu 4 faizlik gəlirlə razılaşmırlar. Əksəriyyəti Mərkəzi Bankdan aldığı valyutanı “qara bazarda” baha qymətə satdırır, ya da adının “gizli” qalmasını istəyən şəxslərə satırlar. Bunun nəticəsidir ki, Mərkəzi Bank hər gün 110-120 milyon dollar satsa da, əksər banklarda dollar satışı həyata keçirilmir. “Qara bazarda” isə istənilən qədər dollar tapmaq mümkündür, təbii ki, baha qiymətə.

Yəni, uzun illərdir əhalini, iş adamlarını yüksək kredit faizləri ilə soyan bank sahibləri, indi də bunu valyutanı baha qiymətə satmaqla həyata keçirirlər. Mərkəzi Bank, hökumət isə buna nəinki maneə olur, əksinə, cinayətkarcasına şərait yaradır! Bəlkə də ona görə ki, elə bu bankların sahiblər özləridir!

Rüfət Manafov

...