Cəmiyyət

“Ana, səninlə ölməyə gəlmişəm” – Aprel döyüşləri vaxtı həlak olan 16 yaşlı qızın hekayəti – FOTOLAR

Turanə Kamandar qızı Həsənli 2000-ci ilin mayın 27-də anadan olub. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi. 16 yaşında erməni gülləsinə tuş gələrək, faciəvi şəkildə həyatla vidalaşana qədər…

16 yaşlı Turanə Həsənlinin ömrünün baharının yenicə başlayan vaxtlarında düşmən gülləsilə həyatını itirməsi yaxınlarının qəlbindən ağır izlər buraxıb.

AzToday.az xəbər verir ki, anası Laləzar Həsənova azvision.az-ın müxbirilə söhbətində qəhərdən boğula-boğula bir bahar günü dünyaya gələn qızının bir bahar səhəri necə həlak olmasını danışır:


– Bahar gələndə, ağaclar, güllər çiçək açanda Türanəm çox sevinirdi, üzü gülürdü. Elə bil, yenidən dünyaya gəlirdi. O, günəşə, çiçəklərə aşiq idi. Həyatı çox sevirdi. Hər il bağımızdakı ağaclar çiçəkləyəndə onların arasında şəkil çəkdirirdi. Ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi. Keçən ilin aprel ayında cəbhədə döyüşlər başlayanda ermənilər kəndimizə atəş açırdılar. Mənim bir oğlum da həmin vaxt hərbi xidmətdə idi. O da daxil olmaqla, bütün əsgərlərimizə görə çox narahatlıq keçirirdim. Güllə səsindən evdə otura bilmirdik. Dedim ki, Turanə, sən qardaşıngilə get, onların evini güllə tutmur. Bizi tək qoyub getmək istəmirdi.

Aprelin 5-i bacım, yəni Turanənin xalası kəndə gələndə Turanə də ona qoşulub və geri qayıdıb. Təhlükə barədə heç düşünmürdü. Deyib ki, təki evimizə çatım, anamın açdığı süfrənin arxasında oturub, onunla birlikdə çörək yeyim.


Bir də gördüm ki, maşın dayandı və içindən Turanə də düşdü. Tez gəlib boynumu qucaqladı. Dedim ki, qız, görmürsən, ermənilər kəndlərimizi atəşə tuturlar, qorxmursan ki, güllə sənə dəyər? Qızımın cavabı ölənə qədər yadımdan çıxmaz. Üzümə baxıb dedi ki, ana, mən səninlə ölməyə gəlmişəm. Sonra təzədən bərk-bərk boymu qucaqladı.

Tələsik çay-çörək hazırladım. Ana-bala süfrənin kənarında boş qalan yerlərə baxıb, köks ötürürdük. Qızım mənim, mən də qızımın ürəyindən keçənləri hiss edirdik. Amma dilə gətirmirdik. O, hərbi xidmətdə olan qardaşına, mən də oğluma görə narahat idik. Oğlum ən qaynar nöqtədə – Qapanlıda döyüşürdü. Heç ağlıma da gəlməzdi ki, cəmi bir neçə dəqiqədən sonra ermənilərin göydən yağdırdığı od-alov elə bu dəqiqə qarşımda oturan sonbeşiyimiz qızımın canını alacaq.

Dedim ki, “Qızım, dur, süfrəni yığışdır, onsuz da, fikirdən əlimizi çörəyə uzada bilmirik”. Özüm fikirli-fikirli küçəyə çıxdım. Birdən arxamda dəhşətli bir partlayış səsi eşitdim. Qulaqlarım tutuldu. Ermənilər evimizin önünə mərmi atmışdılar. Tez geri çevrildim, gördüm ki, Turanə su kranımızın yanında yerə yıxılıb. Küçənin o biri tərəfində duran atası və mən tez onun yanına qaçdıq. Qəlpə Turanənin kürəyindən girib, ürəyinin üstündən çıxmışdı. Övladımın ürəyi çölə çıxmışdı. Dünya başıma fırlandı. Tez onu qucağımıza aldıq. Amma nə xeyri, o, artıq dünyadan köçmüşdü…

Bu dərd bizim ürəyimizi parçaladı. Evimiz də dağılmışdı. Qızımın cansız bədənini erməni gülləsi çatmayan qonşu kəndə apardıq. Övladımı əllərimlə ağ kəfənə bükdüm. Bu, bir ana üçün ölümə bərabərdir…

Mən anayam. Bu dərdi içimdə çəkirəm. Yoldaşım isə qızımın faciəvi ölümünə dözə bilmədi, cəmi bir-iki aydan sonra ürəyi dayandı. Qızımın həyatına son qoyan mərmi çox sevdiyi çiçək açmış ağacın üzərinə düşmüşdü… İndi həmin ağac da quruyub…

Qızımın gözəl arzuları vardı. O, məktəbi bitirmək, ali təhsil almaq, universitetə qəbul olmaq istəyirdi. Amma qismət olmadı.

Turanə erməni qəlpəsinə tuş gələndən yarım saat sonra döyüşlər dayandırıldı, atəşkəs yenidən bərpa olundu…”

Türanənin ömrünün son anına qədər nigaran qaldığı, həmin vaxt Vətən qarşısında borcunu layiqincə yerinə yetirən qardaşı isə söz verib ki, bacısının qisasını alana qədər hərbi formanı əynindən çıxarmayacaq. “Ermənilərdən bacımın və bütün şəhidlərimizin qisasını alacağıq. Turanənin qanı yerdə qalmayacaq”,- deyə o, verdiyi sözü bizimlə söhbətində də təkrarladı.

Bənzər yazılar

Back to top button