XİN müavinləri Eldar Həsənovu korrupsiya və bacarıqsızlıqda ittiham edib – SENSASİYALI FAKTLAR VƏ FOTOLAR

Print Friendly, PDF & Email

Xarici işlər nazirinin keçmiş və indiki müavinləri Vaqif Sadıqov və Araz Əzimovun Azərbaycanın əvvəllər Rumıniyada hazırda isə Serbiyadakı səfiri, sabiq baş prokuror Eldar Həsənovun qanunsuz əməlləri və bunun nəticəsində ölkəmizin xarici siyasətinə ciddi zərbə dəyməsi ilə bağlı şok məktubları üzə çıxıb.

Yazışmalardan məlum olur ki, Eldar Həsənov Rumıniyada səfir olduğu vaxtlarda yoxlamalar nəticəsində səfirlikdə maliyyə pozuntuları, qanunsuz əməllər aşkar edilib. Səfir kimi məsul olduğu Azərbaycanın Rumıniya və Serbiya ilə münasibətlərində isə ciddi narazılıqlar yaranıb. Bunun nəticəsində hər iki dövlət ölkəmiz üçün ən vacib problem olan Dağlıq Qarabağ münaqişəsində regionu Azərbaycanın tərkib hissəsi kimi göstərən konkret bəyanat verməkdən imtina ediblər.

Rumıniyadakı səfirlikdən başlayan maliyyə pozuntuları

Həmin vaxt xarici işlər nazirinin müavini, hazırda Azərbaycanın Cenevrədə diplomatik təmsilçisi Vaqif Sadıqovun imzası olan məktubda Hesablama palatasının aralarında Azərbaycanın Rumıniyadakı səfirliyinin də olduğu bir neçə diplomatik nümayəndəlikdə yoxlamalarının nəticələri barədə məlumat verilir. Məktubda bildirilir ki, səfirliyin xərc maddəsində nəzərdə tutulduğundan artıq, digər maddələrində isə smetada nəzərdə tutulmadığı halda kassa xərcinə yol verilmiş, xərclənməmiş büdcə vəsait qalığı, əlavə dəyər vergisi, bank faizi, depozitdən əldə olunan gəlir və əsas vəsaitin satışından əldə olunan gəlir büdcəyə qaytarılmamış, maliyyə sənədlərinin imzalanması qaydasında pozuntulara yol verilmiş, konsulluq əməliyyatları üçün alınan dövlət rüsumu vaxtında dövlət büdcəsinə köçürülməmiş, səfirliyin büdcəsindən sənədsiz vəsait silinməsinə yol verilmiş, səfirlik əməkdaşına xərclər smetasında nəzərdə tutulmayan ödənişlər həyata keçirilmiş, qanunsuz mükafatlar və kompensasiyalar verilmişdir.

Sonuncu, yəni səfirlik əməkdaşına qanunsuz pul mükafatı və ya kompensasiya verilməsi ilə bağlı əlavə maraqlı məlumatlar daxil olub. XİN və Avropadakı səfirliklərdən birindəki mənbələrin iddiasına görə diplomatik nümayəndəliyin büdcəsindən özbaşına istifadə olunaraq həmin pul vəsaitini Eldar Həsənov o zaman öz müavini, hazırda isə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyovun adına rəsmiləşdirib. Beləliklə də bir neçəsinin üstü əvvəlki media araşdırmalarında açılmış Eldar Həsənovun dövlət vəsaitini dağıtmağının saysız üsullarından biri olan bu yolla həmin pul mənimsənilib.

Fərid Abdinbəyov haqqında isə bildirili ki, əsas “diplomatik fəaliyyəti” kabinetində kompyuter oyunları oynamaq olan bu şəxs qaynanası, XİN-dəki əsas korrupsionerlərdən sayılan Elmira Sarıcalinskayanın nazirliyin kadlrar idarəsinin rəisi olması sayəsində Eldar Həsənovdan sonra Rumıniyada səfir təyin edilib. Sarıcalinskayanın həmçinin Prezident administrasiyası və Nazirlər kabinetində vəzifəli şəxslərlə yaxın qohumluq əlaqələrinin olduğu iddia edilir.

Mənbələrin söylədiyinə görə digər XİN rəhbərləri ilə müqayisədə nazirlikdəki korrupsiyaya az da olsa etiraz bildirən Vaqif Sadıqovun sonra xaricə səfir göndərilməsi və onun XİN daxilindəki korrupsiyanın memarlarından olan Nadir Hüseyinovla əvəz edilmısindən sonra Eldar Həsənov və onu kimilərinin daha geniş əl-qol açmasına şərait yaranıb. Mətbuatda gedən məlumatlarda məhz nazir Elmar Məmmədyarov, nazir müavini Nadir Hüseynov və Elmira Sarıcalinskayanın XİN-dəki kadr təyinatında tüğyan edən korrupsiyanın başında durduqları məlum olub.

Başqa bir diqqət çəkən məqam V.Sadiqovun həmin məktubunda özünün və digər müəlliflərin imzası olsa da nazir Elmar Məmmədyarovun adının yazılmasına baxmayaraq imzasının yoxluğudur. Mənbələr hesab edir ki, Məmmədyarov Eldar Həsənov və digər səfirlərlə qanunsuz əməllər törətməkdə əlbir olduğuna görə onların qeyri-qanuni işlərinin az bir hissəsini də olsa üzə çixaran məktuba imza atmaqdan imtina edib.

Rumıniya və Serbiya Qarabağı Azərbaycanın ərazisi kimi tanımır?

Eldar Həsənova qarşı ittihamlar təkcə maliyyə pozuntuları ilə bağlı olmayıb. Xarici işlər nazirinin digər müavini Araz Əzimovun məktublarında onun səfir göndərildiyi Rumıniya və Serbiya dövlətərinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini lazımi səviyyədə dəstəkləmədikləri, hətta birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanımadıqları göstərilib. Nazir müavininin yazışmalarından belə məlum olur ki, qondarma “Dağlıq Qarabağ Respublikasında” separatçı rejimin keçirdiyi seçkilərin qeyri-legitim elan edilməsi və Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanınması barədə dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan bəyanatlar alınması üçün Azərbaycanın xaricdəki səfirliklərinə tapşırıq verilib.

Araz Əzimov həmin bəyanatları ölkələr üzrə qiymətləndirərək yazıb:

“Rumıniya – bu ölkənin xarici işlər nazirliyi tərəfindən verilmiş bəyanat….. mahiyyət baxımından bizim gözləntilərimizə cavab vermir. Belə ki, özünü Azərbaycanın yaxın strateji tərəfdaşı adlandırmasına baxmayaraq, Rumıniya tərəfinin bəyanatında Dağlıq Qarabağın müstəqilliyinin tanınmadığı bildirlsə də, bölgənin Azərbaycana aid olması və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilməsi kimi prinsipial məqamlar öz əksini tapmamış, hətta, Azərbaycan Respublikasının adına belə istinad edilməmişdir.

Serbiya – bu ölkənin Xarici işlər nazirliyinin bəyanatı gözlənilməz dərəcədə məhdud xarakter daşıyır. Minsk Qrupunun səylərinə dəstəyin ifadə olunduğu bəyanatda Serbiya tərəfi sadəcə “seçkilərin” qeyri-legitim olduğunu bildirmək və ümumi formada dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etməklə kifayətlənir. Bu isə, Azərbaycanın Serbiyaya verdiyi dəstəyə müqabil deyildir.”

Nazir müavini daha sonra davam edərək yazır ki, “….ölkəmizi üçün olduqca həssas olan bir məsələdə yaxın tərəfdaşlarımız hesab olunan Serbiya, Rumıniya kimi ölkələr gözləntilərimiz səviyyəsində olmayan mövqelər ifadə etmişlər.”

Qeyd edilən mənbələr Eldar Həsənovun Araz Əzimova cavab məktubunu da mətnini əldə edib. Eldar Həsənov öz məktubunda Rumıniyanın Avropa İttifaqına üzv olması səbəbindən həmin təşkilatın mövqeyinə uyğun olaraq Ermənistanı çox narazı salmaq istəməməsi kimi bəhanələrlə uzun-uzadı özünə haqq qazandlrmağa çalışmış, məsələyə dəxli olmayan bir şeyə əl ataraq həmin vaxt Serbiya ilə bərabər səfir olduğu Rumıniyanın guya özünün apardığı iş nəticəsində NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir sənədə hətta Fransanı da imza atmağa razı saldığı barədə iddia irəli sürüb.

Lakin Araz Əzimovun yazdığı “ağıza şillə” effektli cavab məktubunda onun bu danışdığının tam yalan olduğu üzə çıxıb.

A.Əzimovun məktubunda göstərilir: “… həm NATO, həm də Minsk qrupunda bizim üçün müəyyən çətinliklər yaradan Fransa tərəfindən ifadə edilmiş mövqedə ölkəmizin ərazi bütövlüyünün tanınması açıqca bildirilmişdir. Bundan əlavə, Avropa İttifaqının digər bir üzvü olan Macarıstanın məsələ ilə bağlı verdiyi bəyanatında münaqişənin “dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” əsasında həllinin vacibliyi vurğulanmışdır. Digər tərəfdən isə, bizə başqa mənbələrdən daxil olan məlumatlara görə Rumıniya NATO çərçivəsində Çikaqo Sammitinin yekun bəyannaməsi ilə bağlı məlum məsələdə passiv mövqe tutmuş və əsas yükü Türkiyənin boynuna qoymuşdur.”

Beləliklə, bu faktlar bir daha sübut edir ki, Eldar Həsənovun uzun illər ərzində törətdiyi saysız-hesabsız qanunsuzluqlar, korrupsiya əməlləri, maliyyə pozuntuları, mənimsəmələr və bunların nəticəsində səfir olduğu ölkələrin Azərbaycana Dağlıq Qarabağ məsələsində istənilən dəstəyi verməmələrinə XİN-in rəhbər şəxsləri səviyyəsində də müəyyən reaksiya göstərilib. Lakin bunun sadəcə məktub yazmaqdan o tərəfə keçməməsi, xarici işlər naziri Elmar Məmmədyarov və başqa daha yüksək vəzifəli şəxslərin onun tərəfində olması Eldar Həsənovu daha da cürətləndirərək üstü artıq mətbuatda açılmış digər cinayət xarakterli hərəkətlərə sövq edib.

Hakimiyyət rəhbərləi lap əvvəldən anlamalıyılar ki, sovet dövründə politexnik institunun diplomunu almış bir adamı əvvəlcə daxil işlər nazirinin müavini, baş prokuror, daha sonra səfir təyin edilməsinin dövlət üçün ağır nəticələri olacaq. Bilinməli idi ki, Rumıniyada da, onun dalınca Serbiyada da adı hər cür korrupsiya maxinasiyalarının, qaranlıq işlərin altından çıxan Eldar Həsənov kimi bir şəxsin Qarabağ məsələsində hətta dövlətin adından düz söz, mövqe çatdırsa belə, həmin hökumətlər buna şübhə ilə yanaşacaq, reputasiyası ləkəli birinə görə ölkəmizin haqq işini dəstəkləməkdən çəkinəcəklər.

Vazkeçilməz katibə və Azərbaycan xalqının pulları

Böyük təəssüf hissi doğurur ki, uzun illərdir Eldar Həsənovun dövlətin nüfuzuna zərdəbə vuran əməlləri haqqında yerli və beynəlxalq mətbuatda dəfələrlə məlumatlar verilsə də, qulaq ardına vurulub. Bunlara cavab olaraq lazımi tədbir görülmək əvəzinə o, yeni-yeni ölkələrə səfir göndərilir.

Məhz bu səbəbdən Eldar Həsənov özünü tam arxayın hiss edərək qeyri-qanuni, nalayiq işlərini davam etdirir. Onun cəzasız qalacağına əminliyi o dərəcəyə çatıb ki, dövlətin milli təhlükəsizliyini heçə sayaraq səfirliyin möhürünü tapşırdığı, korrupsiya layihələri qurub vəzifə verdiyi katibələrindən Natali Popeskuya əvvəllər Buxarestin, indi isə Belqradın ən bahalı restoranlarında ziyafətlər verməkdə davam edir. Eldar Həsənovun öz vazkeçilməz katibəsinə qarşı bu alicənablığı və səxavəti XİN-in korrupsioner vəzifəli şəxsləri ilə əlbir olub səfirliyin büdcəsindən mənimsədiyi, yoxsa ünvanlarının saxta olduğu üzə çıxarılmış kağız üstündə yaratdığı təşkilatların guya fəaliyyəti üçün digər dövlət məmurlarının əli ilə dövlətdən qopartdığı pulların hesabına göstərdiyini demək çətindir. Lakin hər bir halda həmin pulların Azərbaycan xalqından oğurlanmış olması dəqiqdir.

Mətbuatda gedən araşdırmalarda Eldar Həsənovun korrupsiya maxinasiyaları və Azərbaycanın vəzifəli şəxslərindən gizli məlumatların öyrənilməsi və başqa natəmiz işlərində iştirak edən digər katibələrin Felisiya Skoarte, Leonela Lenes adlı şəxslər olması da üzə çıxarılıb. (http://haqqin.az/news/56739)

“AzərTac” Eldar Həsənovun gözə kül üfürmə aləti rolunda

Xüsusi diqqət çəkən məqamlardan biri Eldar Həsənovun bütün bu müdhiş qanunsuzluqlarından, qaranlıq, çirkin işlərindən diqqət yayındırmaq, pərdələmək işinə dövlətin rəsmi xəbər agentliyi olan AzərTacın bilərəkdən və ya bilməyərəkdən alət rolu oynamasıdır.

Ümumiyyətlə AzərTacın bir çox səfirliklərin görüntü xətrinə guya hansısa əhəmiyyətli tədbir keçirmələri barədə bir qayda olaraq eyni məzmunlu, şablon xarakterli məlumatlarını ağına-bozuna baxmadan öz saytında yerləşdirməsi sanki ənənə halını alıb. Bu yaxınlarda agentliyin məhz Azərbaycanın Serbiyadakı səfirliyində 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilməsi haqqında verdiyi məlumat və fotoşəkillərdən bunu aydın görmək mümkündür. (http://azertag.az/xeber/Serbiyada_20_Yanvar_faciesi_ile_bagli_anim_tedbiri_kechirilib-1028532) AzərTacın saytında yerləşdirilmiş materialda bildirilir ki, 20 yanvar faciəsi barədə səfirlikdə keçirilən tədbirdə Serbiya ictimaiyyətinə məlumat verilib. Şəkillərdə isə bir çay süfrəsinin arxasında cəmi altı nəfərin, bir lövhənin qarşısında isə üç nəfərin durduğu görünür. Onlardan azı ikisinin səfirlik əməkdaşı, digər 2-3 nəfərinin Serbiyada yaşayan azərbaycanlılar olduğu aydınlaşdırılıb. Beləliklə, Eldar Həsənovun Serbiyada keçirdiyi tədbirdə cəmi 2 nəfər şəxsi “Serbiya ictimaiyyətinin nümayəndələri” olaraq sırıması kimi rüsvayçılığı və rəzaləti dövlətin rəsmi xəbər orqanı öz saytında yayımlayıb.

AzərTacda Eldar Həsənovun qara işlərini başqa bir ağartma qulluğu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Xocalı faciəsi haqqında “beynəlxalq konfrans” keçirilməsi barədə materialdır. (http://azertag.az/xeber/1038777)  Yenə də eyni şablon ifadələrlə şişirdilməyə çalışılsa da, bir qədər diqqət yetirildikdə məlum olur ki, növbəti baş aldatma cəhdi olan bu “beynəlxalq konfrans”da heç bir ciddi tədqiqatçı və ya rəsmi şəxs iştirak etmir. Əsas məruzəçilərdən biri isə Eldar Həsənovun hər cür əyri, kriminal işlərlə bağlı şəxslərlə çoxdan əlaqələr qurduğu Rumıniyadan olan şəxsdir.

Lakin daha çox diqqət çəkən məqam bu “beynəlxalq konfrans”da məruzəçi kimi Seyran Mirzəzadə adlı şəxsin iştirakıdır. Eldar Həsənovun yaratdığı növbəti korrupsiya layihəsi olan Azərbaycan Monteneqro iqtisadiyyat və mədəniyyət mərkəzi” adlı qurumun sədri qismində “konfransda” Xocalıdan danışan Seyran Mirzəzadənin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmalarına əsasən Rumıniyada istintaqa cəlb edilmiş şəxslərlə əlaqələri ortaya çıxıb. Başqa məlumatlara görə isə S.Mirzəzadə uzun müddət Eldar Həsənovun səfir olduğu Rumıniya və Serbiyadakı diplomatik nümayəndəliklərin əməkdaşı olub. Onun bu uzunömürlü “diplomatiya” dövrü Diplomatik xidmət haqqında qanunun pozulması ilə Eldar Həsənovun istəyi və XİN-in onunla şərik rəhbərlərinin qərarları ilə təmin edilib. Bunun S.Mirzəzadəyə Natali Popesku kimi Eldar Həsənovun bütün əyri, natəmiz işlərində iştirakı və “sədaqətinə” görə edildiyi bildirilir.

Araşdırmalarda isə S.Mirzəzadənin Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalında Rumıniyadakı səfirliyin digər əməkdaşkarı ilə birlikdə də Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardılması işində əli olmasının mümkünıüyü də irəli sürülüb.

Eldar Həsənovun yaratdığı və S.Mirzəzadəni də sədr təyin etdiyi Azərbaycan-Monteneqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzi” adlı qurumun korrupsiya və mənimsəmə əməlləri üçün növbəti çətir təşkilatı olması şübhələrini artıran növbəti fakt isə Monteneqroda fəaliyyət göstərən “Azmont İnvestment” adlı əsas Azərbaycan şirkətinin həmin mərkəzlə hər hansı formada əməkdaşlıq etməsi və ya maliyyələşdirməsi haqqında suallara cavab verməməsidir. Böyk ehtimalla Eldar Həsənovun ofis ünvanları saxta çıxan “Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Fondu” adlı digər maxinasiyasında olduğu kimi, bu mərkəzin də guya hansısa iş görməsi adı altında dövlətdən vəsait alınaraq mənimsənilir.

Bu cür əməllərin sahibi olan E.Həsənov, S.Mirzəzadə kimi şəxslərin Xocalıdan danışması və bu rüsvayçılığın dövlətin rəsmi xəbər agentliyi AzərTacın saytında yayılması dövlətin əsas informasiya orqanlarından olan bu quruma cavabdeh şəxslərin öz məsuliyyətlərini dərk etməsində ciddi problemlərin mövcudluğunun göstəricisidir.

Məlum “beynəlxalq konfrans”ın göz boyama oyunu olmasının başqa açıq sübutu isə E.Həsənovun səfir olduğu Serbiya, Monteneqro və Bosniya və Herseqovinanın rəsmi səviyyədə nə bu yaxınlarda qondarma “Dağlıq Qarabağ Respublikası”nda separatçı rejimin keçirdiyi referenduma, nə də Xocalı faciəsinin 25 illiyi ilə bağlı ümumiyyətlə heç bir bəyanat verməmələridir. Hətta Eldar Həsənovun cəmi 15 deputatdan ibarət olan yuxarı palatasının bir neçə il əvvəl verdiyi bəyanatı “Bosniyanın Xocalı soyqırımını tanıması” kimi göstərdiyi Bosniya və Herseqovina parlamentindən bir nəfər də olsun nə bu “konfransda” iştirak etmiş, nə də onların Xocalı faciəsi ilə bağlı hansısa açıqlamasına rast gəlinmişdir. Çünki mətbuatda gedən araşdırmalarda da bildirilmişdi ki, Eldar Həsənovun və onun əlaltılarının kimlər olduğu və hansı işlərdən çıxdığını bu ölkələrdə yaxşı bilirlər və özünə hörmət edən heç kim adlarının hər hansı bir mövzuda onlarla hallanmasını istəmir.

Bu da məlum həqiqətdir ki, Eldar Həsənovun xalqdan, dövlətdən oğurladığı, korrupsiya şəbəkəsi vasitəsilə əldə etdiyi çirkli pullarla bəzi satılmış media qurumlarını da yemləyir. Sonuncular da öz növbələrində Eldar Həsənovun tapşırığı ilə onun Azərbaycanda hansısa böyük vəzifələrə təyin olunacağını, dalınca da guya “təvazökar”, “gözütox” obrazını yaratmaq üçün özünün bunu də təkzib etməsini, heç bir vəzifə istəyində olmaması barədə cəfəngiyatları yayırlar. Jurnalistika məsləklərini çoxdan ləkələmiş həmin media dəllalları bu adamın nə rəsmi vəzifəsinə, nə də ümumiyyətlə intellektual səviyyəsinə uyğun gəlməyən məsələlər barədə sərsəmləmələrini, az qala bütün ömrü çirkab içində, natəmiz əməllər törətməklə keçsə də özü, ailə üzvləri və az qala bütün qohum-əqrəbası barədə gülünc təriflərini belə dərc etməkdən çəkinmirlər. Lakin “ mən yaltaqlığı, məddahlığı xoşlamıram” deməsindən dərhal sonra da ən rəzil formada yaltaqlıq, məddahlıq edən Eldar Həsənov və miskin mirzələri unudurlar ki, onun “Heydər Əliyev məni vəzifə müddətim başa çatdığına görə baş prokuror vəzifəsindən azad edib” yalanını elə Heydər Əliyevin 26 aprel 2001-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə mətnini elə AzərTacın özünün dərc etdiyi çıxışı ifşa edir. Həmin nitqində Heydər Əliyev E.Həsənovu prokurorluq sisteminin demokratikləşməsinə müqavimət göstərməkdə və bu orqan daxilində intriqaların, qeyri-sağlam atmosfer yaranmasına səbəb olduğunu deməklə yanaşı, faktiki cinayətdə ittiham edərək vəzifəsindən çıxartdığını açıq söyləyib.

Satılmış mediadan fərqli olaraq, dərc etdiyi hər bir material hökumətin rəsmi mövqey sayılan AzərTacın rəhbərliyi bütün bunları nəzərə almalı idi.

Göstərilən faktlar və sübutlardan qəti nəticə hasil olunur ki, Eldar Həsənov və onun korrupsiya şəbəkəsi Qarabağ, Xocalı faciəsi, 20 yanvar kimi Azərbaycan xalqı üçün ağrılı və həyati əhəmiyyətli mövzuların arxasında gizlənərək öz cinayət əməllərini pərdələmək məqsədilə istifadə edilrlər.

Total cəzasızlıq

Yenidən xatırlanmalıdır ki, “Müstəqil jurnalistlərin beynəlxalq şəbəkəsi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP), Rumıniyanın “tomisnews.ro” saytı, ABŞ-ın “Forbes” jurnalı və Azərbaycan mediasının (http://xeberman.com/news/10555-eldar-hesenovun-korrupsya-shebekes-foto-fakt.html; http://www.dia.az/1/114848-eldar-hesenov-dovletin-pullarini-yaratdigi-shubheli-fond-vasitesile-nece-menimseyir.html; http://miq.az/az/eldar-hesenov-prezidente-nece-yalan-satib/) apardığı araşdırmalar nəticəsində məlum olub ki, Eldar Həsənov cinayətkar korrupsiya şəbəkəsi yaradaraq çirkli pulların yuyulması, maliyyə maxinasiyaları, çətir təşkilatlar yaradaraq bu ad altında dövlət vəsaitinin mənimsənilməsi və digər çox sayda cinayət əməlləri törədib.

Qəribə burasıdır ki, bu qədər müdhiş faktların qarşısında Eldar Həsənov hansısa yüksək rütbəli məmurların himayəsi nəticəsində nəinki məsuliyyətə cəlb olunmur, hətta bir neçə ölkədə səfir vəzifəsində saxlanılaraq əməllərini arxayınlıqla davam etdirir.

Qeyd: Məqalə Antikorrupsiya Layihəsi tərəfindən hazırlanıb.

...