Dünya

Las Veqas terrorunun arxasındakı dəhşətli sirlər

Qatilin dosyesində yeni detallar aşkar olur, ekspertlər ilginc nəticələr çıxarırlar

Las Veqasda 59 nəfərin həyatını itirdiyi və 500-dən artıq insanın yaralandığı qətliamla bağlı araşdırmalar davam edir. ABŞ polisi açıqlayıb ki, istintaq bu qətliamın səbəblərini ortaya çıxarmağa fokuslanıb. Amma indiyə qədər də 64 yaşındakı şübhəli Stephen Paddockun hansı səbəbdən bu qətliamı törətməsinə dair heç bir açıqlama verilməyib. Qətliamın səbəbi ilə bağlı olaraq Amerikada bir çox teoriyalar yer aldı. Bununla paralel, bir də komplo teoriyası var…

Paddock Las Veqasdakı Mandalay hotelinin 32-ci mərtəbəsində kirayələdiyi suit nömrənin pəncərəsindən aşağıdakı konsert zalında toplanan qələbələyin üzərinə atəş açmışdı. Bu hadisə Amerikada yaxın tarixin ən yüksək can itkisinin görüldüyü silahlı hücum olaraq sənədlərə keçib. Paddock polisin otağa basqın etməsindən qısa bir müddət öncə intihar edərək həyatına son verib. Polis həm otel otağında, həm də Paddockun evində çoxlu sayda silah və minlərlə mərmi ələ keçirib. Hücumçunun qətliamı ən incə detalına qədər planlaşdırdığı açıqlanıb. Olayla bağlı hər gün ortaya yeni bir detal çıxmasına baxmayaraq, qətliamın səbəbləri hələ də böyük sirr olaraq qalır.

Terrorun baş verməsi ilə bağlı 5 səbəb

İngiltərənin “The Times” qəzeti Paddockun hansı səbəbdən bu terroru etdiyi ilə bağlı ortaya atılan beş versiya barədə təhlil yazıb:

1) İŞİD üzvlüyü

Qətliamın ardınca İŞİD bu terroru öz üzərinə götürən bir açıqlama verib. İŞİD terrorçunun qısa bir müddət öncə müsəlman olduğunu iddia edib. Ancaq ABŞ Federal Təhqiqat Bürosu (FTB) Paddock ilə beynəlxalq radikal islamçı təşkilatlar arasında hər hansı bir bağın mövcud olmadığını açıqladı. Bundan başqa, yaxınları Paddockun son günlərinə qədər spirtli içkidən istifadə etdiyini və qumar oynamağa davam etdiyini deyir.

2) Psixoloji problemlər və şok keçirmə

Paddockun atası da zamanında bank yarmaq cinayətindən məsuliyyətə cəlb olunub. O, FTB tərəfindən intihar meyilli persona olaraq tanınır. Hər iki psixoloji durumun da qalıcı ola biləcəyi qeyd edilir. Bundan başqa, bu həftə ərzində Paddockun anti-depresant dərmanlardan istifadə etdiyi iddiası da ortaya atıldı. Qardaşı Erik isə ümid edir ki, böyük qardaşının beynində şiş olduğuna görə fiziki bir problemi olduğu üzə çıxacaq.


3) Maliyyə problemləri

Paddockun çox uzun bir müddətdir gündə 10 min dollara qədər çıxan məbləğlərlə sistemli olaraq qumar oynadığı deyilir. Qumar borcu ola biləcəyi və bu səbəbdən də psixologiyası pozulduğu üçün belə bir qətliama girişmiş ola biləcəyi ortaya atılan iddialar arasındadır. Ancaq yaxınları Paddockun maddi durumunun olduqca yaxşı olduğunu iddia edir. Paddockun milyonlarca dollara çatan bir mal varlığı olduğu və heç kimə borclu olmadığı bildirilir. Bundan başqa, hadisə zamanı Filippində olan sevgilisi Marilou Danley də Paddockun ona ev alması üçün 100 min dollar yolladığını açıqlayıb.

4) Siyasi görüşü

Amerikada son dönəmdə gündəmə gələn həddən artıq sağçı qruplara yaxın bəzi yayın orqanları Paddockun radikal sol bir qrupa üzv olduğunu önə çıxardı. Bəzi saytlar da şübhəlinin Demokrat Partiyanın üzvü olduğunu və ABŞ prezidenti Donald Trampa yönəlmiş bir etiraz aksiyası sırasında çəkilmiş şəkilləri olduğunu iddia etdi. Ancaq daha sonra bu iddiaların da doğru olmadığı ortaya çıxdı. Erik Paddock, böyük qardaşının hər hansı bir siyasi partiyaya yaxınlığının olmadığını açıqladı.

5) Komplo teoriyaları

Əsas terroristin bir başqası olduğu və günahın Paddockun üstünə atıldığı sosial mediada müzakirə olunan iddialar arasında yer alır. Bu iddiaların nəyə əsaslandığını isə hücum zamanı çəkilmiş bir video əks etdirir. Videoda terror hadisəsi zamanı otelin dördüncü mərtəbəsində bir işığın yanıb söndüyü görülür.

İddianı ortaya atanlar silahın da 32-ci mərtəbədən yox, dördüncü mərtəbədən açıldığını iddia edir. Ancaq polis bu iddiaları rədd edir. Polis yanıb-sönən işığın fotoaparat flaşı ola biləcəyini və sözügedən otağın şüşələrinin qırıq olmadığını bildirir.


Arzu Nağıyev: “23 ədəd avtomatı iri otelə gətirmək Amerika qanunlarındakı boşluqlardan xəbər verir”

Politoloq Arzu Nağıyevin isə bu hadisə ilə bağlı fərqli yanaşması var. “Yeni Müsavat”a açıqlamasında müsahibimiz Las Veqasdakı kazinolarla bağlı maraqlı bir məlumat verdi: “Las Veqasda yerləşən kazinolar vergidən azad olmaq üçün hinduların adına qeydiyyatdan keçir. Onları işlədənlər isə başqalarıdır. Kazinoların olması həm yerli camaat, həm də Amerika üçün lazımdır”.

Politoloq hesab edir ki, 23 ədəd avtomatı iri otelə gətirə bilmək Amerika qanunlarındakı boşluqlardan xəbər verir:“İnandırıcı görünmür ki, burada birmənalı şəkildə terror hadisəsi baş verib. Yəni terrora uyğun gəlməyən detallar var. Sadəcə, İŞİD öz varlığını ifadə etmək üçün bu hadisəni boynuna götürə bilər”.

“Heç bir dövlət terrordan sığortalanmayıb” deyən müsahibimizə görə, bu, Amerikanın çökməsi deyil, Amerika belə hadisələri çox görüb: “Düşünmürəm ki, bu hadisə Amerikanın nüfuzuna, turizm sahəsinə təsir göstərəcək. Bunun turizmə yönəlməsi inandırıcı deyil. Respublikaçılarla demokratlar arasında gedən polemikalar burada özünü göstərməyə başlayıb. Cənab Trampın yanaşmasından da belə hiss olunur ki, bu qanun dəyişdirilməyəcək və dəyişdirmək niyyətləri yoxdur”.


A.Nağıyev eyni zamanda bildirdi ki, Amerika adambaşına düşən silah sayına görə bir çox ölkələri qabaqlayır. Onun sözlərinə görə, ölkənin həm cənub, həm də şimalında ovçuluq və digər sahələrə görə silah satışı geniş yayılıb: “Əsas məsələ Amerikan vətəndaşının psixoloji portretidir. Stress çoxdur, demokratiya daha çoxdur. Hadisənin baş verdiyi Las Veqas Nevada ştatında yerləşir və bura keçmişdə hinduların yaşadığı məkandır. Hindulara ən çox zülm edilən ştatdır. Las Veqasla nüvə silahlarının sinaqdan keçirilən poliqonun məsafəsi 200 kilometrdir. Las Veqasdakı mehmanxanalarda dünyanın əlbəyaxa döyüş oyunları, idman növləri keçirilir. Ən böyük idman yarışları o oteldə keçirilir. Şəhərdəki bütün otellərin birinci mərtəbələri kazinodur. İnsanlar bura pul udmağa, həftə sonu isə eyş-işrətə gəlirlər. Ən ucuz mehmanxanalar Las Veqasın ərasizindədir. Burda xüsusi məqsəd var: insanları azart oyunlarına cəlb etmək üçün mehmanxanaların gündəlik məbləğini çox ucuz edirlər. Və orada olduqca yüksək səviyyəli bir servis olur”.

“Bu mehmanxanalara girəndə müştərini yoxlamırlar”

A.Nağıyev bildirdi ki, Las Veqas mehmanxanalarının bir başqa özəlliyi də orda müştərilərə qarşı yoxlamanın olmamasıdır. Müsahibimizin sözlərinə görə, əgər müştəri içi silahla dolu bir neçə çemodanla otelin qabağına gəlirsə və xidmətçiyə pul verib “çantalarımı yuxarı qaldır” göstərişi verirsə, ona sözsüz əməl olunur. Üstəlik, çantaların içi yoxlanmadan: “Qatil 9 dəqiqə dayanmadan atəş açıb. O, avtomatda bir dəyişiklik edib və bir dəfə barmağını basmaqla silahın avtomatik atmasına səbəb olub. Qatil 11 sentyabra qədər 1 dəfə hazırlıq aparıb. 11 sentyabrdan öncə kənarda özü üçün mənzil kirayə edib. Orda tədbir keçiriləcəyi üçün daha sonra ondan imtina edib. Bildiyimiz kimi, rəfiqəsinə də bir gün öncə bilet alıb. Hətta qadın deyirdi ki, ”elə bildim, münasibətləri kəsir”. Bu adam 100 faiz qətliama hazırlanırmış. Bu işlə hazırda 7 müstəntiq məşğul olur”.

Bununla paralel A.Nağıyev hesab edir ki, xüsusi xidmət orqanları bu işin üzərində yüksək səviyyədə işləməyiblər. Belə ki, hətta ilk vaxtlar atəşin 29-cu mərtəbədən açılması ehtimalını da düşünüblər: “Ümumiyyətlə, unutmaq olmaz ki, Las Veqasın əsas məqsədi pul qazanmaqdır. Amma burada demokratiya ilə təhlükəsizlik məsələsini qarışdırırlar. Bu adam rok konsertində kimisə özünə hədəf seçməmişdi. Belə olsaydı, terror olsaydı, öncədən bəyanat verərdi. Amma onun heç bir bəyanatı olmadı. O ki qaldı İŞİD-in verdiyi bəyanata, bu, həqiqəti əks etdirmir. Belə ki, İŞİD terrorçunu öz üzvü kimi təqdim etsə də, onun müsəlman olub-olmamasını yoxlamaq asandır. Sadəcə, İŞİD özünü təsdiq etməyə çalışır. Əgər o, gerçəkdən İŞİD-çı olsaydı, özünə partlayıcı taxar və konsertə girərdi. Bu, daha çox İŞİD-in tərzidir. Amma onun terroru həyata keçirmə forması sübut edir ki, İŞİD-lə hər hansı əlaqəsi yoxdur. Amerikada başqa leqal və qeyri-leqal qruplaşmalar var. Qatilin hər hansı təşkilatın üzvü olub-olmaması şübhəlidir”.

Breyviklə Paddockun törətdiyi terror arasında ən mühüm fərq

Konkret silah məsələsinə gəlincə, A.Nağıyev dedi ki, Amerikada demokratlarla respublikaçılar arasında silah məsələsində fikir ayrılıqları var. Demokratlar insanlara satılan silah məsələsində daha mühafizəkardır: “Silah sənayesinin başında dayanan şəxs isə respublikaçıdır. O baxımdan da bu məsələdə ikili mövqe var. Tramp yumşaq şəkildə silah məsələsinə korrektələr ediləcəyini desə də, bunun baş verəcəyi inandırıcı deyil”.

Hadisənin baş verdiyi gündən etibarən maraqlı paralellər aparılır. Bir neçə il bundan öncə Norveçdə terror aktı törədən Breyviklə Stephen Paddock arasında müqayisələr gedir. Hər ikisi azad, demokratik ölkənin vətəndaşı, hər ikisinin terror təşkilatı ilə heç bir əlaqəsi yox və hər ikisi maddi baxımdan təmin olunmuş şəxsdir. O halda onları belə bir terrora sövq edən səbəblər hansılardır? Ortaq yön nədir? A.Nağıyev isə Breyviklə Paddockun törətdiyi terror aktı arasında fərq görür: “Breyvik bu hərəkəti edəndə millətçi, qaniçən şəxs kimi çıxış etdi. Bildirdi ki, bu addımı miqrantlara qarşı törədir. Bunu məhkəməsində də ifadə etdi. Amma Paddockun heç bir açıqlaması, bəyanatı yoxdur. Onların arasındakı yeganə uyğunluq psixoloji portretlərindədir”.
(musavat.com)

Bənzər yazılar

Back to top button