İqtisadiyyat

Azərbaycan Prezidenti: “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər”

“Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu məhsul həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür: “Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər”.
Prezident vurğulayıb ki, bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək: “Bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaq”.

Bənzər yazılar

Back to top button