Səbayel rayonunda işıq dirəklərinin dibini hansı məmur satışa çıxarıb? (Fotolar)

Print Friendly, PDF & Email
Bu problem dəfələrlə rəsmi tədbirlərdə Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən qabardılsa da, hələ ki, tam həllini tapmayıb. Əksinə, bəzi yerli məmurların maddi maraqları naminə tərəfindən bu kimi neqativ hallar günü-gündən artmaqdadır.
Qanunsuz tikililərin baş alın getdiyi rayonlardan biri də Səbayel rayonudur.
Bildiyimiz kimi, 2015-ci ildə Şıxov ərazisində – “Dostluq” parkının ərazisi son qarışına kimi yerli məmurlar tərəfindən imkanlı şəxslərə satılmışdı. Bu ərazidə aparılan qeyri-qanuni və standartlardan kənar tikililər Bakı şəhərinin Baş Planına uyğun olmamaqla yanaşı, həm də öz görkəmsizlikləri ilə son illər abadlaşan paytaxta vizual olaraq ciddi xələl gətirirdi.
Səbayel rayonunda yerli məmurların maddi maraqlarına qurban gedən, qanunsuz tikililərin tüğyan etdiyi ərazilərdən biri də “20-ci sahə”, konkret olaraq isə Y. Mürsəlov küçəsidir. “20-ci sahə”də SOCAR-a aid neft quyularının ərazilərinin bəzi yerləri də vaxtilə qanunsuz olaraq satılıb. Hətta bu ərazidə elə evlər var ki, neft quyusu ilə onun arası 5-10 metr məsafədədir.
Y.Mürsəlov küçəsində neft “kaçalka”ları olmasa da, burada hər bir qarış torpaq yerli məmurlar tərəfindən qanunsuz olaraq satılıb.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, artıq burada boş torpaq olmadığından zibil yeşiklərinin yerləri, kommunikasiya xətllərinin ətrafı, hətta telefon dirəklərinin dibləri də ev tikmək üçün müəyyən şəxslərə satılmaqdadır. Əldə etdiyimiz məlumata görə, hələ bir neçə il öncə (2015-ci ildə) Y. Mürsəlov 39 ünvanındakı mərkəzi meydanın ətrafında olan zibil yeşiklərinin yeri məmurlar tərəfindən bir şəxsə (şəxsin ev alqı-satqısı ilə məşğul olduğu deyilir) satılmış, o şəxs isə həmin ərazidə ev tikərək satmışdır. İndi həmin ərazidə, yəni Y. Mürsəlov 39 ünvanında zibil yeşikləri sakinlərin qapılarının ağzına qoyulub. “20-ci sahə” adlanan ərazidə qeyri-qanuni olaraq satılan digər yer isə Y. Mürsəlov (“Google maps”da “yarımkeçirici stansiya” kimi tanınan ərazi) küçəsindədir. Burada tikilən ev, daha doğrusu villa möhtəşəmliyi ilə bir vaxtlar “Dostluq” parkında tikilənlərdən heç də geri qalmır. Əksinə, üstünlüyü odur ki, şəhərin mərkəzinə – bulvara daha yaxındır. Əməkdaşımızın araşdırmasında ən acınacaqlı məqam isə Y. Mürsəlov küçəsində (“Bayıl ARENA”nın üst tərəfində) rabitə və elektrik dirəklərinə bitişik aparılan tikinti işidir.
Qeyd edək ki, burada ilkin mərhələdə olan tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə tam zidd olaraq aparılır. Belə ki, Tikinti Məcəlləsinin bir neçə maddələri burada açıq-aşkar pozulur.
9.1-ci maddədə deyilir: “Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir”. Tikilən ev sürüşmə zonasında olmaqla yanaşı, həm də iki yol ayrıcındadır və bunun da yanğın zamanı texnikaların hərəkətinə ciddi təhlükə yaradacağı ehtimalı kifayət qədər yüksəkdir.
10.1-ci maddədə deyilir: “Şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi təmin edilməlidir”.
Burada isə tikilən ev kommunikasiya xəttlərinin altında olmaqla və kommunikasiya dirəklərinə söykənməklə yanaşı, həmin ərazidə yeganə təbii ağaca da söykənilidir. Həmin ağacın budaqları hazırda yarıya qədər tikilən tikilinin sahəsinə adlayıb. Bu isə o deməkdir ki. Yaxın gələcəkdə, yəni həmin evin tikintisinin davamında ağacın kəsilməyinə ehtiyac yaranacaq.
11.1-ci maddədə deyilir: “Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır…”.
Qeyd etdiyimiz kimi, Y. Mürsəlov küçəsində də son zamanlar qanunsuz tikililərin sayı artdığından burada hansısa layihə və müfəssəl plandan söhbət gedə bilməz. 22.1-ci maddədə deyilir: “Baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir”.
Xatırladaq ki, mövcud “20-ci sahə” ərazisi paytaxtın Baş Planına uyğun olaraq yaxın gələcəkdə müvafiq olaraq köçürüləcək. Buna görə də, ərazidə faktiki evlərin siyahısı aparılmış və ərazidə yeni tikililərin inşası dayandırılmışdır. Buna baxmayaraq, yuxarıda da gördüyümüz kimi, bu ərazidə torpaqlar qarış-qarış satılır, gündən-günə qanunsuz tikilən evlərin sayı artır. Bu gün yerli məmurların maddi maraqları naminə qanunsuz və gizli tikilən evlərə görə isə gələcəkdə dövlət büdcədən milyonlarla vəsait xərcləməyə məcbur olacaq.

Məsələ ilə bağlı Səbayel RİH-dən açıqlama ala bilmədik.

Qlobal.az
Y. Mürsəlovda işıq dirəyinin dibində inşa olunan ev
 
Y.Mürsəlovda inşa edilən villa 

Y.Mürsəlov 39. Zibil yeşiklərinin yerində tikilmiş ev.

...