Gömrükdə “köhnə qaydalar” yenidən işə düşdü

Print Friendly, PDF & Email

2016-cı ildə prezidentin gömrük sahəsinin şəffaflaşdırılması ilə bağlı qərarı ölkəyə gətirilən malların bir çoxunun qiymətinə birbaşa təsir etdi. Bu qərardan sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd etmişdi ki, inhisarçılığa maarifləndirmənin aparılmaması səbəb olur: “Burada bizim də səhvimiz var. Bu, nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq dünyada tanınmış bir sıra istehsalçıların malları bazara nümayəndəlik şəklində gəlir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”.

2016-cı ildə verilən qərardan və A.Əliyevin çıxışından sonra dəyişən vəziyyət yenidən köhnə axarına qayıtmaqdadır. Bunu söyləmək üçün əsas verən Vüsal Rafiq oğlu Hacıyevin “Yeni Müsavat”a açıqlamasıdır. V.Hacıyev deyir ki, Almaniyadan “Mersedes Vito” markalı, istehsal tarixi 2009-cu il olan nəqliyyat vasitəsi gətizdiriblər.
“Həmin nəqliyyat vasitəsinin gömrük rüsumunu rəsmi şəkildə gömrük kalkulyatoru ilə hesablayırıq. Rəsmi gömrük kalkulyatorunda ödəməli olduğumuz dövlət rüsumu 5 min 500 manat göstərilir. Amma Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsində Rövşən adlı müavin var, o deyir ki, 7 min 500 manat verməlisiz. Biz də əlavə 2 min manat tələb etmələrinin səbəbini soruşuruq. Deyir ki, sən maşına istədiyin qiyməti qoya bilərsən. Əlimdə maşının alış qiymətini təsdiqləyən invoys var. Həmin invoysu təqdim edirəm. Deyirəm ki, istəsəm belə invoysa nəsə əlavə edə bilmərəm” –şikayətçi deyib.

V.Hacıyev deyir ki, bir müddət gömrükdə nəqliyyat vasitələrini rəsmiləşdirərkən belə qanunsuz tələblər olmayıb. İndi isə yenidən belə tələblər var: “Hazırda “təzə-köhnə qanunlar” yenidən “qüvvəyə” minib. Əvvəl belə idi ki, maşını gətirdilər, gömrükçülər istədikləri qiyməti qoyurdular. Həmin qiyməti də əsas götürüb dövlət rüsumu hesablayırdılar. 2016-cı ildə prezidentin gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı qərarından sonra vəziyyət bir qədər fərqli idi. İnvoysda yazılan qiymətlərə əsasən dövlət rüsumu alınırdı, əlavə heç bir ödəmə, rüşvət tələb olunmurdu. İndi isə yenidən köhnə qaydaları tətbiq edirlər. Əgər gətirdiyimiz maşının qiyməti ilə bağlı şübhələri varsa, gömrükçülərin bunu yoxlamaq imkanları da var. Qanunda yazılıb ki, invoysda yazılan qiymətə uyğun dövlət rüsumu alınmalıdır. Şübhə olarsa, bunun üçün istintaq var. Versinlər istintaqa və yoxlasınlar. Sorğularını verib cavab alsınlar. Yəni əlavə ödəmənin tələb olunması ölkədə aparılan islahatlara daban-dabana ziddir”.

Şikayətlə əlaqəli Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuzu cavablandırmaqdan imtina etdi. Bununla belə, Dövlət Gömrük Komitəsinin mövqeyini də dərc etməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV, Musavat.com

...