İqtisadiyyat

“Azercell” Cocuq Mərcanlı “xəyanət”inə cavab verdi

“Azercell Telekom” MMC-nin Mətbuat Xidməti “Azercell”dən Cocuq Mərcanlı xəyanəti – Mobil şirkət Azərbaycan torpağını “satdı” – FOTO” başlıqlı yazıya münasibət bildirib.

“Azercell Telekom”dan AzToday.az-a daxil olan göndərilən cavabı olduğu kimi təqdim edirik:

“Azercell Telekom” MMC Azərbaycanda fəaliyyətə başladığı gündən ən yeni texnologiyaların tətbiqi, yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi və müştəri xidmətlərinin təminatçısı olmaqla hər zaman ölkəmizin normativ aktları çərçivəsində fəaliyyət göstərir. 9 oktyabr 2017-ci il tarixində saytınızda dərc etdiyiniz materialda “Azercell-in Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması ittihamları tam olaraq əsassız, qərəzli və ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu baxımdan, yanlış olaraq məqalədə qeyd etdiyiniz və guya “Azercell Telekom” MMC tərəfindən abunəçiyə “İrana xoş gəldiniz” elanının göndərilməsi nə texniki, nə də hüquqi baxımdan “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsinə aid edilə bilməz. Ümumiyyətlə abunəçilərə ölkə daxilində (telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyini nəzərə alaraq xüsusən də sərhədyanı bölgələrdə) və yaxud rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Beynəlxalq rabitə əlaqəsi və rominq xidmətlərinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumları vasitəsi ilə təqdim edildiyini nəzərə alaraq redaksiyanız tərəfindən dərc edilən məlumatın əsasız və yersiz olaraq, vətəndaşlarımızın çaşdırılmasına səbəb olan ictimaiyyətə qarşı aldadıcı, mənfi rəy formalaşdıran məlumatın bu formada təqdim edilməsinin qarşısını almağı tələb edirik.

Bütün bu göstərilənləri nəzərə alaraq saytınızdakı müvafiq məlumatda əks olunmuş yoxlanılmamış və heç bir əsası olmayan, qərəzli məlumatlara görə təkzib verilməsini, yuxarıda qeyd edilənləri “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik”.

Bənzər yazılar

Back to top button