HadisəSiyasət

Hüquq müdafiəçisi həbs edildi

2014-cü ilin mart ayında Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi prosesi başlayıb. Qeyd edək ki, 1993-cü ildə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş vətəndaşların bir qismi həmin vaxtdan ADNA-nın yataqxanasında məskunlaşıb. Hazırda isə onların şəhərin mərkəzindən Masazır qəsəbəsinə köçürülmələri prosesi həyata keçirilir.

Bununla əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət komissiya köçürülmə prosesinə rəhbərlik edir. Lakin bəzi məcburi köçkün ailələri Bakı şəhərinin mərkəzi hissəsindən şəhərin kənar qəsəbəsinə köçmək istəmirlər. Belə ki, onlar şəhərin mərkəzi hissələrində işlədiklərini, uşaqlarının həmin ərazidə yerləşən məktəblərdə təhsil aldıqlarını və bu səbəbdən də şəhərdən kənar ərazilərə köçürüldükləri halda iş yerlərini itirəcəklərini, uşaqlarının təhsil almaqda problem yaşayacaqlarını bildirirlər. Bundan başqa bəzi məcburi köçkün ailələri onlara yeni verilən yaşayış sahələrinin ailə üzvlərinin sayına uyğun olmadığını bildirərək yataqxanadan köçməkdən imtina edirlər. Redaksiyamıza daxil olan məlumata əsasən bununla əlaqədar olaraq köçməkdən imtina edən ailələrin yataxanadan çıxarılmaları üçün martın 11-də əraziyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə polis əməkdaşları «Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım» İctimai Birliyinin təsisçisi və sədri Nicat Cəfərovu saxlayıblar. Hüquq müdafəçisinin saxlanma səbəblərini onun özü ilə dəqiqləşdirmək mümkün olmayıb. Odur ki, əməkdaşımız təşkilatın digər təsisçisi və N.Cəfərovun qardaşı Saqi Cəfərovla əlaqə saxlayıb.

Saqi Cəfərov bildirib ki, 11 mart 2014-cü il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi ilə əlaqədar olaraq yataqxanada yaşayan bir qrup sakin hüquq müdafiçisi kimi Nicat Cəfərovu yataqxanaya dəvət ediblər. O və qardaşı N.Cəfərov bu çağırışla əlaqədar olaraq əraziyə gəliblər. Ərazidə olarkən məcburi köçkün ailələrinin köçürüldüyünün, köçmək istəməyən ailələrə polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini, köçürülmənin qeyri-insani rəftarla həyata keçirildiyini görüblər: “Bununla əlaqədar olaraq Nicat köçmək istəməyən sakinlərin məhkəmə qərarına əsasən köçürülməli olmasını orada köçürülmə prosesinə rəhbərlik edən vəzifəli şəxslərin diqqətinə çatdırdı. Bu zaman Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Nicatı həbs edərək avtomobilə əyləşdirdilər. Daha sonra onu Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirdilər. Hazırda Nicat Polis Bölməsindədir. Mənə onunla görüşməyə icazə vermirlər”.

Saqi Cəfərov əlavə etdi ki, təsis etdiklər «Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım» İctimai Birliyinin Nizamnaməsinə əsasən birlik məqsədlərinə çatmaq üçün insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tədqiqatlar aparmaq, insan hüquq və azadlıqlarının müdafiəsinə yardım etmək, söz, mətbuat və ifadə azadlıqlarını müdafiə etmək, vətəndaş təşəbbüslərini inkişaf etdirmək, vətəndaşlara hüquqi yardım göstərilməsini təşkil etmək, vətəndaşların hüquqi biliklərinin artırılmasına yardım etmək, bu məqsədlə tədqiqatlar aparmaq səlahiyyətinə malikdir.

Günün sonunda Saqi Cəfərovdan aldığımız məlumata əsasən Polis Bölməsində barəsində inzibati xəta protokolu tərtib edildikdən sonra Nicat Cəfərov məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bənzər yazılar

Back to top button