Hadisə

“Şəhərin ticarət şəbəkəsinə təhlükəli kimyəvi maddələrlə emal edilmiş paltarlar düşə bilərdi”

İş üzrə zərər çəkmiş sahibkar bu hadisə haqda danışır

Sahibkar Anar Qəribovun “Azur” Ticarət Mərkəzinin sahibləri Fuad Rzayev və Babək Babayevə qarşı (KİV bu haqda dəfələrlə yazıb) iddiası üzrə  uzun sürən məhkəmə prosesi kriminal-detektiv xarakter alır. Məhkəmələr nə qədər çox dəlil tələb edirlərsə, onların axtarışı zamanı bir o qədər təəccüblü faktlar üzə çıxır.

– Yaxşı ki, məhkəmələr iş üzrə təkrar ekspertiza təyin ediblər. Nəticədə, təsəvvür edirsinizmi, DDT preparatı  və onun metabolitlərilə bolca işlənmiş brend geyimlərin şəhərin ticarət şəbəkəsinə daxil olmasının qarşısı alınıb – iddiaçı deyir. Demək olar ki, ölümcül nəticəyə qədər gözlənilməz fəsadlara səbəb ola biləcək kütləvi yoluxmanın qarşısını almaq mümkün olub.

DDT həşəratları öldürmək üçün hazırlanmış, lakin insanlar üçün də təhlükəli olan kimyəvi dərmandır. “Kiçik və ort dozalarda zəhərlənməyə səbəb olur.. böyük dozalarda ölümə səbəb ola bilər” İnternet xəbərdarlıq edir. Bəs kimyadan tamamilə uzaq biznes növü ilə məşğul olan adamlar arasındakı mübahisə üzrə işdə DDT-dən niyə danışırıq?

Sualımıza cavab verməzdən əvvəl qalmaqallı məhkəmə işinin tarixçəsinə qısa nəzər salaq. Təfərrüatları eyni mövzu üzrə bir sıra əvvəlki materiallarda əksini tapıb.

Beş il öncə sahibkar Anar Qəribov  “Azur” da geniş sahəni icarəyə götürüb, bahalı təmir işləri aparıb, yeni avadanlıq və geniş çeşiddə brend geyimlər gətirib. Mağazanın açılışına ümumilikdə bir milyon manata yaxın sərmayə qoyub. Lakin iki ay keçməyib ki, Ticarət Mərkəzinin sahibləri bağlanmış müqavilənin şərtlərini pozaraq kirayə haqqının dəfələrlə artırıldığını bildiriblər.

Münaqişəni dinc yolla yoluna qoymaq mümkün olmayıb. Yer sahibləri sahibkarı onların şərtlərini qəbul etməyə və ya Ticarət Mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atmağa başlayıblar. Sonuncu razılaşmayıb-çünki mağazaya xeyli pul xərcləyib. Onların əksəriyyətini geri qaytarılmalı olan borclar və bank kreditləri təşkil edib. Beləliklə, məhkəmə çəkişmələri başlayıb.

Ticarət Mərkəzinin sahibləri təmir edilmiş otağı icarəçidən almaqdan ötrü gah mağazanın işıqlarını uzun müddətə söndürüblər, gah oranı və salonda nümayiş etdirilən paltarları kanalizasiya suyu ilə sulayıblar. Sonra inşaatçıları otağa buraxıblar və onlar çaşqın satıcıların və alıcıların gözü qarşısında hər şeyi özbaşına yenidən düzəltməyə başlayıblar. Nəhayət, bir gün mağazanın işçiləri səhər işə gələndə burada nə paltar, nə də avadanlıq tapıblar – hər şey talan edilib, sındırılıb, götürülüb.

Aylarla davam edən axtarışlardan sonra Anar Qəribov malların bir hissəsini mağazanın yerləşdiyi Ticarət Mərkəzindən yeddi kilometr aralıdakı “Qrand Yeni Hayat” kompleksinin zirzəmisində tapa bilib. Bu kompleks də Ticarət Mərkəzinin sahiblərindən biri Babək Babayevə məxsus olub.

– Ancaq dözülməz qoxu verən, üstündə qurdların gəzdiyi bu çürümüş əski yığınını artıq paltar adlandırmaq mümkün deyildi, icarəçi təəssüflə deyir. – O vaxtdan heç olmasa dəymiş ziyana görə kompensasiya almağa çalışıram. Məhkəmə sistemimizin ədalətliliyi və effektivliyi barədə müzakirə açmayacağam. Yalnız bir şey deyəcəyəm. Hüquq-mühafizə orqanlarına etdiyim hər müraciət vəziyyəti düzəltmir, əksinə ticarət mərkəzinin sahiblərini məhkəmənin və digər instansiyaların öz adları ilə çağırmağa cəsarət etmədikləri yeni qanun pozuntularına sövq edir. Nəhayət, mənim inadkarlığım ilk nəticəni verdi: Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışova xarab olmuş malların çoxminlik siyahısından hər ədədin həm bazar qiyməti, həm də yararlılıq dərəcəsi göstərilməklə ekspert rəyi tələb etdi.

Düzünü desəm, düşünürdüm ki, zirzəmidə tapdığım paltar qalıqlarının görünüşü mütəxəssisləri dərhal qorxudacaq. Çünki  yararsız vəziyyətə düşmüşdü. Ancaq orada gördüklərim məni heyrətə gətirdi-mallar demək olar ki, ilkin formada ekspertiza üçün hazırlanmışdı. Bundan əlavə, məhkəməyə sübut kimi təqdim etdiyimiz üstündə həşərat sürüsü olan kiflənmiş paltarların yüzlərlə foto və videogörüntüsünün iş materiallarından müəmmalı şəkildə yoxa çıxdığı məlum oldu.

Mistik qüvvələrə inanmıram. Ancaq öz gözlərinə də inanmaqdan imtina edirdim. Nə olursa- olsun, mütəxəssislər malları yoxlamağa başladılar. Tezliklə ətrafdakı hər kəs qaşınmağa başladı. Ekspertiza iştirakçıları nəyinsə yanlış olmasından şübhələndilər. Və aparılan biokimyəvi analizin nəticəsi tamamilə təəccüblü oldu.

“Azur”un sahibləri öz əməllərini ört-basdır etmək üçün paltar qalıqlarını qurudub təmizləmişdilər və onları DDT və onun metabolitlərilə emal etməkdən daha yaxşı yol tapmamışdılar. Yaşlı nəslin nümayəndələri, yəqin ki, xatırlayarlar ki, əvvəllər DDT-dən müxtəlif növ həşəratlarla mübarizədə istifadə edirdilər, lakin 80-ci illərin əvvəllərində yüksək kanserogen səbəbindən bütün dünyada qadağan edildi.

Məmur oğlunun (“Azur”un sahiblərindən biri Fuad “Azərenerji” ASC – nin prezidenti Baba Rzayevin oğludur) və onun tərəfdaşı – böyük tikinti şirkətinin sahibinin təhlükəli preparatı necə əldə etdiklərini bilmirik. Bəs DDT ilə işlənmiş paltarları sahibinə qaytarmağa hazır olduqları təsəvvürünü yaradaraq, bu cür malların yenidən piştaxtalara girməsinə yol verərkən nə düşünürdülər? Axı bu kimyəvi maddənin belə bir pencəyi və ya köynəyi geyən hər kəsin həyatı üçün nə qədər təhlükəli olduğunu başa düşməyə bilməzdilər! Bundan əlavə, Qəribovun dediyi kimi, işlənmiş geyim əşyalarının 20 mindən çoxu uşaq geyimidir.

Yəqin ki, məhkəmədə Ticarət Mərkəzinin sahiblərinin nümayəndələrindən bu suallara cavab tələb edəcəklər. Onları bizim üçün şərh edən müstəqil vəkil Əkrəm Həsənovun sözlərinə görə, əgər sözügedən məhsul həqiqətən də hansısa şəkildə piştaxtalara düşsəydi və sonradan mənfi nəticələrə səbəb olsaydı, belə hərəkət qanuni olaraq insanların sağlamlığına qəsdən ciddi ziyan vurmaq kimi tövsif ediləcəkdi.  Bundan əlavə, sahibkarın əmlakının korlanması və ya ziyan vuurlması göz önündədir, sübutların saxtalaşdırılması var, vəkil hesab edir və bütün bu faktlar hərtərəfli araşdırma tələb edir.

Biz bu hadisəyə ölkənin İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovun da münasibətini öyrəndik.

– Hər məhsulun konkret saxlama şəraiti var, – o deyib. – Təqdim olunan sənədlərdən və videoçarxdan görünür ki, geyim uyğun olmayan şəraitdə saxlanılıb. Geyimin kanserogen preparatla işlənməsinə gəlincə, bu, təbii ki, yolverilməzdir və kriminal xarakter daşıyır. Bu məhsulu yararlılıq baxımından yoxlayan ekspertlər öz sağlamlıqlarını təhlükəyə atıblar və hazırda daha yüksək risk qrupuna daxildirlər. Emal edilmiş paltarla təmasda olan hər kəs xüsusi tibbi nəzarət altında olmalıdır. DDT ilə emal edilmiş malların saxlandığı otaq hüquq-mühafizə orqanları tərəfindən möhürlənməlidir və malların özü isə qorunan yerdə ixtisaslaşmış qurum tərəfindən utilizasiya edilməlidir.

Qəribovun fikrincə, Ticarət Mərkəzinin sahiblərinin başqa məqsədi olub:

– Belə paltarı alan alıcılar sağlamlığa dəyən zərərin ilk əlaməti ortaya çıxdığında satıcının məsuliyyətə cəlb edilməsinə çağırardılar – o fikir yürüdür. –Və bu da “Azur” sahiblərinin ciddi-cəhdlə nail olmaq istədikləri şeydir – beş ildir ki, bütün çətinliklərə baxmayaraq, öz  hüquqlarının bərpası uğrunda mübarizəni dayandırmayan, onların qanunsuz hərəkətlərimə görə zərər çəkmiş icarəçiyə, mənə dərs verməkdir.

Ümumilikdə, bizim işimizdə heç bir çətinlik olmamalıdır-bütün faktlar göz qabağındadır. Yeganə maneə odur ki, cavabdehlərdən birinin atası nüfuzlu “Azərenerji” dövlət təşkilatının rəhbəridir. Bunu söyləmək üçün bütün əsaslarım var.

Məsələn, əvvəldən işdə hansısa  Rza Məmmədovun – “Azərenerji”nin İnsan Resursları Departamentinin rəis müavininin adı keçir. Üstəlik, əgər əvvəllər o, tərəflər arasındakı ən kəskin fikir ayrılıqları zamanı epizodik olaraq ortaya çıxırdısa, ekspertlərin apardıqları son araşdırmalar zamanı daim iştirak edib, mütəxəssislərin işləməsinə mane olub. Öz əsas vəzifəsinə görə dövlətdən xeyli maaş alan Rza Məmmədov iş vaxtı bu şirkətin rəhbərinin oğlu, yeni-yeni qanunsuz əməllər törədən  Fuad Rzayevin də maraqlarını müdafiə etməyi bacarıb. “Azərenerji”nin rəsmi şəxsi, “ictimai əsaslarla hüquq müdafiəçisi”nin bu cür fəaliyyəti, fikrimcə, müvafiq orqanların diqqətini cəlb etməlidir. Yeri gəlmişkən, Rza Məmmədov əvvəllər prokurorluqda məsul vəzifədə çalışıb ki,  öz növbəsində prokurorluq da bu işdəki qanun pozuntularını görə bilməyib və ya görmək istəməyib. Mənə məlum oldu ki, ekspertiza prosesi başa çatdıqdan sonra Rza Məmmədov “Azərenerji”dən işdən gedib, işdən çıxandan bir gün sonra Fuad Rzayevin maraqlarını müdafiə etmək üçün notarial qaydada təsdiq edilmiş etibarnamə alıb.

Baxın, icarə haqqının məbləği və müqavilənin şərtlərilə bağlı sadə görünən mübahisə, hüquq-mühafizə orqanları qanun pozuntusu faktlarını onların arxasında kimin durduğundan irəli gələrək qiymətləndirməyə başlayanda necə mürəkkəb vəziyyət alır.

Fotoda: DDT və onun metabolitlərilə emal edilmiş Massimo Dutti kişi pencəyinin kimyəvi ekspertizasının nəticəsi

Fotoda: ZARA qadın köynəyinin kimyəvi ekspertizasının nəticəsi, tənəffüs sistemində ciddi pozuntulara səbəb ola bilər.

Bənzər yazılar

Back to top button