Azərbaycan hökuməti müstəqil QHT-lərin formalaşmasını istəmir

Print Friendly, PDF & Email

Saqi Cəfərov: “Buna görə Azərbaycan beynəlxalq təşkilatların tənqidinə məruz qalır”

Son illər Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) qeydiyyata alınması ilə bağlı problem diqqəti cəlb edir. Azərbaycan Konstitusiyasında birləşmək azadlığı ilə müddəalar mövcud olsa da, əslində QHT-lərin qeydiyyat məsələsində ciddi çətinliklər yaşanır.

Mövzunun aktuallığını nəzərə alaraq gənc fəal Saqi Cəfərovla müsahibə aldıq. Saqi Cəfərov «Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım» İctimai Birliyinin təsisçilərindən biridi.

-Saqi bəy Azərbaycan hökuməti QHT-lərin qeydiyyat məsələlərində problemlərin olmadığını bildirir. Siz necə düşünürsünüz Azərbacanda birləşmək azadlığı ilə bağlı problem varmı?

-Azərbaycanda QHT-lərin qeydiyyat məsələlərindən söz düşəndə Azərbaycan hökuməti ilk növbədə qeydiyyat məsələsinə diqqət çəkirlər. Əslində, bu problem haqda illərdir danışılır. Hətta məsələ Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə qədər gedib çıxıb. Məhkəmə şikayətçi olan təşkilatların illərlə müxtəlif bəhanələrlə qeydiyyata alınmamasını İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci (birləşmək azadlığı) maddəsinin pozuntusu kimi qiymətləndirib, bu pozuntusuya görə Azərbaycan cərimələnib. Avropa Məhkəməsinin indiyə qədər Azərbaycana qarşı çıxardığı qərarların bir qismi məhz QHT-lərin qeydiyyat problemilə bağlı olması Azərbaycanda QHT-lərin qeydiyyatında problemlərin olduğunu təsdiq edir. Bundan başqa, Azərbaycanda QHT-lərin qeydiyyat problemi dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Məsələn, bir neçə dəfə ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda QHT-lərin qeydiyyatıyla bağlı problemlərin olduğu vurğulanıb. Bildirilib ki, Ədliyyə Nazirliyi xüsusən, insan haqlarının müdafiəsilə məşğul olan bəzi QHT-ləri qeydiyyata almaqdan imtina edir. Eyni zamanda, Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzinin bir müddət əvvəl yaydığı hesabatda da Azərbaycanda QHT-lərin qeydiyyat problemindən bəhs olunub. Qeyd edilib ki, QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunmalı, onların qeydiyyata alınması, yaxud bundan imtina olunmasının aydın prosedurları müəyyənləşdirilməlidir.
Lakin proseslərin gedişi göstərir ki, müvafiq qurumlar və səlahiyyət sahibləri beynəlxalq tənqiddən lazımi nəticə çıxarmaq niyyətində deyil. Hər halda, təşkilatların dövlət qeydiyyatına alınması sahəsindəki hazırkı vəziyyət belə deməyə əsas verir. Hazırda istər yerli məhkəmələrin, istərsə də Avropa Məhkəməsinin icraatında bu problemlə bağlı onlarla şikayət var.
Təsadüfi deyil ki, hökumət getdikcə QHT-lərin qeydiyyatı məsələlərini sərtləşdirir. Be yaxınlarda edilmiş dəyişikliyə əsasən bundan sonra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə dövlət reyestrinə məlumat daxil edilərkən qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi göstərilməlidir. Bununla əlaqədar qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri dövlət qeydiyyatına alınmaları ilə bağlı ərizədə qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixini qeyd etməlidirlər. Belə misalları çox göstərmək olar.

-Fikrinizcə hökumətin QHT-lərin qeydiyyatı məsələlərini sərtləşdirməkdə məqsədi nədir?

– Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarını dövlət qeydiyyatına almaq istəməməsi, bunun üçün ən müxtəlif bəhanələrdən, haqsız iradlardan istifadə etməsində əsas məqsəd müstəqil QHT-lərin formalaşmasının qarşısını almaqdır. Eyni zamanda qeydiyyata cavabdeh olan Ədliyyə Nazirliyi təşkilat bürokratik orqandır, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması prosesinə siyasi bir məsələ kimi baxır, qeydiyyat məsələsində özündən yuxarı dövlət qurumlarının təsir dairəsindədir, ölkədə müstəqil QHT sektorunun formalaşmasına əngəllər törətməyə çalışır, qeydiyyat əsasında fəaliyyət göstərən müstəqil QHT-lərin fəaliyyətinə isə inzibati maneələr yaradır, bəzi hallarda isə onların qeydiyyatını ləğv edir.
Ədliyyə Naziriliyinin qeyd olunan bürokratik fəaliyyəti barədə məlumatlar geniş ictimaiyyətdə kütləvi yayılıb, bu barədə ölkə mediasında çoxsaylı məqalələr dərc olunub, rəy sorğularında ictimaiyyət nümayəndələrinin əsaslandırılmış fikriləri, həmçinin beynəlxalq və yerli insan hüquqları təşkilatlarının hesabatları ilə təsdiq edilib. Azərbaycanda yüzlərlə QHT Ədliyyə Nazirliyinin bürokratik fəaliyyəti nəticəsində qeydiyyatdan keçə bilmir, bu, onların fəaliyyətinə maneçilik törədir, ən pisi odur ki, Ədliyyə Nazirliyi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qeydiyyat məsələləri ilə bağlı qərarlarından nəticə çıxarmır. Cavabdehin qanuni əsasları olmayan bu fəaliyyəti Azərbaycanın imicinə zərbə vurur, QHT sektorunun və vətəndaş cəmiyyətinin inkişafına maneçilik törədir, ictimai maarifləndirməni ləngidir, ölkəyə qrant axınının qarşısını alır, bu isə vətəndaşların birləşmək hüququna müdaxilə ilə nəticələnir.

-Saqi bəy Azərbaycan məhkəmələri QHT-lərin qeydiyyat məsələləri barədə iddalara necə baxır? Vətəndaşlar öz haqlarını məhkəmələr vasitəsilə təmin edə bilirlərmi?

-Birləşmək azadlığı hüququ ilə bağlı iddia ərizələrinə baxarkən Azərbaycan məhkəmələrinin Azərbaycan Respublikası Konstitusiyasının birləşmək, ictimai birlik yaratmaq hüququ ilə bağlı olan müddəalarını nəzərdə tutan 58-ci maddəsini, «İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının «dinc toplaşmaq», «həmkarlar ittifaqları yaratmaq», «başqaları ilə birləşmək» azadlığı hüququnu nəzərdə tutan 11-ci, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya qanununun və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının normalarını tətbiq etməsi zəruridir.

Lakin, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan məhkəmələri bu iddialara baxarkən nəinki daxili qanunvericiliyə, heç beynəlxaq hüquq normalarına da əməl etmir. Baxmayaraq ki, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.

Eyni zamanda «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Həmin qərarda göstərilir ki, bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlara malikdirlər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları bütün üzv dövlətlərin ərazisində məcburi hüquqi qüvvəyə malik olmasını və məhkəmələr tərəfindən tətbiq edilməli olmasını Ali Məhkəmənin 30 mart 2006-cı il tarixli Plenum qərarı da təsdiq edir və həmin qərarda göstərir ki, yerli qanunvericiliklə İnsan Hüquqları Konvensiyası və Avropa Məhkəməsinin qərarları arasında ziddiyyət yaranarsa Konvensiya və Avropa Məhkəməsinin qərarları tətbiq edilir.
Lakin, Azərbaycan məhkəmələri heç vaxt «Ramazanova və digərləri Azərbaycana qarşı», «Nəsibova Azərbaycana qarşı», «E.Əlizadə və digərləri Azərbaycana qarşı» Avropa Məhkəməsinin qərarlarının president olaraq tətbiq etmirlər.

...