“Prezident məscidin sökülməsini dayandırdı”

Print Friendly, PDF & Email

Sovetski”də söküləcək məscidlə bağlı komissiya yaradılır

Prezident İlham Əliyev Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.

“Azərtac” yazır ki, bunu prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O bildirib ki, prezident inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və vicdan azadlığının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 min 166-ya çatıb. 306 məscidi dövlət tarixi abidə kimi qoruyur”.

Aprelin 12-də “Sovetski”dəki Hacı Cavad məscidinin sökülməsinə cəhd edilib. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.

Sakinlərin bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

2015-ci ildə dünyada dinə qarşı məhdudiyyətlər artıb. “Pew” Araşdırmalar Mərkəzinin aprelin 13-də yaydığı hesabatda belə deyilir.

Bildirilir ki, 2015-ci ildə bu sahədəki hökumət məhdudiyyətləri son 3 ilin ən yüksək həddindədir. Hesabatda Azərbaycan dini qadağaların ən çox olduğu ölkələr sırasına daxil edilib. Dəyərləndirmə hökumətin konkret inancları, din dəyişməyi yasaqlama cəhdləri, eləcə də dini təbliği məhdudlaşdırması, bu və ya digər dini qrupa üstünlük verməsi baxımından aparılıb.

...