Hadisə

İkinci sinif şagirdinin anası məktəbi səhlənkarlıqda və laqeydlikdə günahlandırır

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Rixard Zorge adına 90 saylı məktəbin ikinci sinif şagirdi Təranə Məmmədzadə məktəbdə başqa uşaqla toqquşaraq sol gözündən xəsarət alıb. Məktəb rəhbərliyi təcili tibbi yardım briqadasını çağırmaq və məktəbin tibb bacısına müraciət etmək əvəzinə uşağı evə göndərib. Qızın anası Vüsalə Quliyeva uşağın aldığı xəsarətin ağırlaşmasına səbəb olan səhlənkarlığa görə məktəb direktorunun və sinif müəlliminin cəzalandırılmasını tələb edir.

Vüsalə Quliyeva Turan ilə söhbətində məktəbi öz vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşmaqda və xəsarət səbəbindən məktəbə getməyən uşağın gələcək taleyinə marağın olmamasında ittiham edib. İkinci sinif şagirdi Təranə 7 noyabrda (2023-ci il) aldığı zədədən sonra hər gün həkimə getmək məcburiyyətində qalıb. Noyabrın 13-də Quliyeva məktəbə və polisə yazılı ərizə ilə müraciət edib, lakin direktor və müəllim uşağın sağlamlığı ilə maraqlanmır, – V. Quliyeva deyib. İdarələr yalnız 26 noyabrda – hadisədən təxminən iki həftə sonra reaksiya veriblər. Polis isə ananın Daxili İşlər Nazirliyinin “qaynar xətti”nə müraciətindən sonra araşdırmaya başlayıb.

“Müəllim qızının yıxıldığı yerə təcili olaraq məktəbin tibb bacısını və təcili tibbi yardım çağırmaq əvəzinə, digər uşaqlardan xahiş edib ki, çantadan soyuq termos çıxarıb qızın gözünə qoysunlar. Bu vəziyyətdə uşağı evə göndəriblər. Biz təcili yardıma müraciət etdik, həkim küt əşyanın zərbəsi nəticəsində göz zədələnməsi diaqnozunu qoydu. Qızım optik eynək taxmalı olacaq. Mən qızımın toqquşduğu digər uşağı günahlandırmıram. Toqquşma ola bilər, ancaq pedaqoq və məktəbin direktoru Svetlana Nəbiyeva öz vəzifələrini yerinə yetirməyiblər, V. Quliyeva Turan-a bildirib.

Hadisə ictimaiyyətə açıqlandıqdan sonra məktəbin direktoru S.Nəbiyeva qızın anasına baş verənləri açıqlamamaq, məktəbdən maddi yardım almaq təklifilə müraciət edib. Lakin V.Quliyeva yardım almaqdan imtina edib və təhsil müəssisəsinin rəhbərliyinin cəzalandırılmasını tələb edir.

“Direktor məktəbi günahkar hesab etmir, baxmayaraq ki, travmatik hadisədən dərhal sonra həkim çağırmayıblar”,- uşağın anası hesab edir.

Onun sözlərinə görə, nə Təhsil Nazirliyi, nə də polis onun müraciətinə cavab verib, yalnız DİN-in “qaynar xətti”nə (102) zəngdən və mətbuatda yayılan məlumatdan sonra həmin qurumlardan onun müraciətinə cavab gəlib.

V.Quliyeva güman edir ki, qızını başqa uşaqla toqquşaraq xəsaət aldğını söyləməyə məcbur ediblər, bəlkə də qız məktəbdə döyüldüyünü bildirmədən yalan danışmağa məcbur olub. Ana polis araşdırmasını tələb edir.

DİN-dən Turan-a bildiriblər ki, Sabunçu Polis İdarəsində uşağın döyülməsilə bağlı valideynin şikayəti üzrə araşdırma aparılıb. Yoxlama zorakılıq aşkar etməyib, xəsarət bir uşağın digərilə toqquşması nəticəsində baş verib, ikinci uşaq xəsarət almayıb.

Təhsil Nazirliyindən Turan-a bildiriblər ki, insident barədə vaxtında məlumat verilmədiyinə görə ibtidai sinif müəllimi töhmət alıb.

Bənzər yazılar

Back to top button