Siyasət

Erməni silahlıları Xankədidən çıxır? – Azərbaycan cavab gözləyir…

“Azərbaycan tərəfi bu məlumatların Rusiya sülhməramlıları tərəfindən rəsmən təsdiqlənməsini və statistik məlumatların da təqdim edilməsini gözləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkələrdə erməni hərbçilərinin Xankəndini tərk etməsini əks etdirən videodan danışarkən deyib. Ekspert qeyd edib ki, Xankəndi və Rusiya sülhməramlılarının nəzarətində olan digər ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması həmin sülhməramlılarının əraziyə yeridilməsi ilə başlanmalı idi:

“Lakin sülhməramlıların əraziyə yeridilməsindən aylar keçməsinə baxmayaraq, hələ də sülhməramlılar bu proseslər barədə nə rəsmi məlumatlar paylaşır, nə də bunu təsdiq edən vizual görüntülər təqdim edir. Bu videodan görünür ki, proseslər gec də olsa hansısa formada aparılır. Bu proses imzalanan bəyanatın şərtlərinə uyğundur. Lakin Azərbaycan cəmiyyətini maraqlandıran həm də silahlı birləşmələrin çıxarılmasına aid məlumatların dəqiqləşdirilməsidir. Yəni, nə qədər silahlı erməni, hansı sayda texnika nə zaman və hansı istiqamətlərdən çıxarılıb”.

Ədalət Verdiyev bildirib ki, həmin ərazilərdən erməni silahlılarının tamamilə çıxarılıb qurtarmasına dair məlumatlar hələ də mövcud deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə erməni hərbçilərinin Xankəndini tərk etməsi barədə video yayılıb. Görüntülərdə bildirilir ki, erməni hərbçiləri tanklar və digər zirehli texnikalarla birgə ərazini tərk edirlər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button