Bakıda qanunsuz bina tikintisi ilə bağlı Prezidentə müraciət edildi

Print Friendly, PDF & Email

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırıldı.

Bununla bağlı Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir: “Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Qeyd edək ki, analoji vəziyyət Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllədə də yaşanır. Bu məhəllədə də qanunsuz və standartlara uyğun olmayan bina tikilməkdədir. Bina tikilərkən ərazidəki yaşıllıq və onlarla agac tikinti şirkəti tərəfindən məhv edilib. Sakinlərin aidiyyatı dövlət qurumlarına etdiyi müraciətlərə baxmayaraq, sözügedən tikinti ilə maraqlanan belə yoxdur.

Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin sakinləri növbəti dəfə Prezident İlham Əliyevə müraciət edərək, qanuni haqlarının qorunması üçün kömək istəyiblər.

AzToday.az həmin müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli Prezident! Azərbaycan Respublikasının Prezidenti kimi vətəndaşların qanuni hüquqlarının qorunmasına daim böyük diqqət və qayğı göstərir, bu sahədə yol verilən hər bir nöqsana qarşı barışmaz və qətiyyətli mövqe tutur, belə halların dərhal aradan qaldırılmasını dövlət orqanlarından tələb edirsiz. Bu günlərdə Sizin tərəfinizdən Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması bir daha göstərdi ki, vətəndaşların hüquqlarının pozulmasına və qanunlara əməl olunmaması ilə qətiyyən barışmırsız.

Bu gün biz – Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin sakinləri qarşılaşdığımız haqsızlıqla əlaqədar Sizə müraciət edir və Sizdən kömək gözləyirik.

Məsələnin mahiyyəti belədir: sakini olduğumuz 12 mərtəbəli binadan cəmi 6 metrlik bir məsafədə daha bir çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Tikinti Rəmzi Əvəz oğlu Şükürov və onun atası Əvəz Bayram oğlu Şükürov tərəfindən aparılır. Bu şəxslər şəhərsalma və tikinti qaydalarını kobud şəkildə pozaraq, bizim qanuni tələblərimizə məhəl qoymadan öz bildiklərini edir, əlaqədar dövlət və hökumət orqanları isə yaranmış vəziyyətə göz yumur, heç bir tədbir görmürlər.

Tikinti işləri təkcə bizim binaya deyil, həm də ərazidə yerləşən dövlət təşkilatlarının – Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin, 69 saylı uşaq bağçasının və Azərbaycan Kooperasiya Universitetinin binalarına da, mövcud qaydalara zidd şəkildə, çox yaxın bir məsafədə aparılır.

Bu vaxta qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla müvafiq dövlət və hökumət orqanlarına etdiyimiz çoxsaylı müraciətlər, demək olar ki, heç bir nəticə verməyib.

Məlumat üçün bildirməyi vacib sayırıq ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixdə təsdiq etdiyi “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi qəbul olunur. Hazırda biz yaşadığımız binanın hündürlüyü 42 metrdir və sözügedən qərara əsasən, bizim bina ilə qeyri-qanuni tikilən binanın ara məsafəsi ən azı 25 metr olmalıdır. Hazırda isə bu məsafə cəmi 6 metrdir.

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 51 saylı qərarın 4.13-cü bəndində ərazi zonalarında yol verilən tikinti miqyası müəyyən olunan cədvələ əsasən, orta mərtəbəli (6-8 mərtəbəli binalar) çoxmənzilli yaşayış binaları ərazinin tikinti əmsalına uyğun 500 kv.m x 0.4 = 200 kv.m torpaq sahəni əhatə edə bilər. Ərazinin tikinti sıxlığı əmsalına əsasən, 500 kv.m x 0.8 = 400 kv.m ümumi sahədən ibarət bina tikə bilər. Amma Əvəz və Rəmzi Şükürovlar yaşadığımız 12 mərtəbəli binadan 6 metr məsafədə 500 kv.m torpaq sahəsində 6000 kv.m sahəsi olan bina tikirlər.

Hörmətli cənab Prezident! Rəmzi və Əvəz Şükürovun mövcud qanunları saya salmadan və müraciət etdiyimiz dövlət orqanları ilə tez bir zamanda razılığa gələrək tikitnti işlərini davam etdirmələri bizi ciddi narahat edir. Bu şəxslər özlərinin qarşısı alınmayan qanunazidd əməlləri ilə dövlətimizin hüquqi, cəmiyyətimizin mənəvi əsaslarına, biz vətəndaşların dövlət orqanlarına olan etmad və etibarına sarsıdıcı zərbə vururlar. Azərbaycan Respublikasının vətəndaşları olaraq Sizə üz tutur, bu qanunazidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, qanuni və mənəvi hüquqlarımızın pozulmasına imkan verilməyəcək”.

...