İqtisadiyyat

Bu vətəndaşlara banklar kredit verməlidirmi? (RƏYLƏR)

Adına problemli kredit olmuş və prezidentin məlum fərmanından sonra restrukrizasiya edilərək problemdən çıxmış vətəndaşlara bankların kredit verməməsi müzakirə olunan mövzulardandır.

Məsələ ilə bağlı Qaynarinfo-nun redaksiyasına da vətəndaşlar tərəfindən şikayətlər daxil olub. Bakı sakini Səbuhi Qafarov deyir ki, adına olan cüzi məbləği restruktrizasiya etdikdən sonra aylıq ödənişi cəmi 15-20 manat təşkil edib. Vətəndaş bundan sonra kredit kartı üçün banklara müraciət edib:

“Nəinki özəl banklar, hətta dövlət bankları da mənə kart verməkdən imtina etdilər. Dedilər ki, adına restruktrizasiya olunmuş kreditiniz varsa, həmin kredit bağlanana qədər sizə kart, yaxud kredit verə bilmərik. Bunu mənə “Kapitalbank”dan da, “AzərTürkBank”dan da dedilər. Digərlərini başa düşürük, özəl qurumlardır, daxili qaydalarla qərar verə bilərlər, bu iki bank ki, dövlət bankıdır. Bunlar niyə prezidentin fərmanını heçə sayırlar?”

Mövzu ilə bağlı şikayətlərin son vaxtlar artması ortaya bir sıra suallar çıxarır. Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından sonra restruktrizasiya prosesinin əhatə etdiyi vətəndaşların adı “qara siyahı”dan çıxmalı idimi? Adına fərmana qədər problemli kredit olan vətəndaşlar yenidən banklardan kredit götürə bilərlərmi? Bu vətəndaşlara kredit verməməklə bağlı yuxarıda qeyd edilən səbəb nə dərəcədə qanunidir? Bu məsələdə dövlət və özəl bankların yanaşması fərqli olmalı idimi?

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bankların hazırkı vəziyyəti əhalinin kreditə olan tələbatını tam təmin etməyə imkan vermir:

“Düzdür, rəsmi şəkildə banklarda maliyyə probleminin olmadığı, xüsusən də problemli kreditlər məsələsinin dövlət başçısının məsələyə müdaxiləsindən sonra həllini tapması nəticəsində rahatlıq yarandığı bəyan edilir. Həqiqətən də bank sektorunun ən böyük problemi problemli kreditlər məsələsi idi. Hesab edin ki, bu ilin əvvəlində dövlət başçısı tərəfindən təşəbbüs göstərilməsəydi və bu məsələ həll olunmasaydı, ölkənin bank sektorunun hazırda nə durumda olacağını təsəvvür etmək mümkün olmazdı. Sadəcə olaraq bir faktı deyim, çox sayda bank sıradan çıxmalı idi. Bu isə dövlətin daha çox yükün altına girməsilə nəticələnəcəkdi, nəinki problemli kreditlərin həlli ilə bağlı reallaşdırılan tədbirlərdən. Bilirsiniz ki, bu və ya digər bankın sistemi tərk etməsi dövlət üçün, hökumət üçün əmanətlərin qaytarılması ilə bağlı böyük yük yaradır. Xatırladım ki, 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin düşməsilə bağlı bank sektoruna dəyən zərbə təxminən 13 bankın sıradan çıxmasına səbəb oldu. Bu, hökumət üçün çox böyük maliyyə yükü yaratdı, hansı ki, o yük hələ də durur. Məsələn, “StandartBank”ın əmanətlərinin ödənməsi hələ də qalır. Bu, sadəcə bir misaldır”.

Ekspert qeyd etdi ki, son vaxtlar bankların yenidən istehlak kreditlərinə üstünlük verməsi müşahidə edilir:

“Bunu dövlət başçısı da bir neçə dəfə qeyd edib: problemli kreditlər hələ tam həll olunub qurtarmayıb, banklar yenə də istehlak kreditlərinə meyl edirlər, yenidən istehlak kreditlərinin verilməsi tendensiyasını genişləndirirlər. Bu isə problemli kreditlər dalğası qorxusu yaradır. Bu vəziyyət bir daha təkrarlanacaqsa, onda problemli kreditlərlə bağlı fərmanın nə əhəmiyyəti vardı? Bu onu göstərir ki, bank sisteminin böhrandan çıxması üçün kompleks yanaşma, böyük bir proqram siyasəti həyata keçirirlməlidir. Nə qədər ki, bu edilmir, bank sisteminin tam olaraq böhrandan çıxmasından söhbət gedə bilməz. Problemli kreditlərin həlli yalnız onunla nəticələndi ki, sektor süni nəfəs aparatından çıxdı, amma tam olaraq sağalmış vəziyyətdə deyil. Ona görə də sualın üzərinə gələrək deyim ki, əslində bu, düzgün yanaşmadır. Problemli krediti olanların borclarının restruktrizasiya olunmasına baxmayaraq, onların yenidən kredit tələbatını ödəmək üçün banklar heç də əvvəlki tək əliaçıqlıq nümayiş etdirmirlər. Bu, düzgün siyasətdir. Əslində bankları özxoşuna qoysalar, bunu can-başla edərlər. Sadəcə olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklar üzrə kreditlərin, xüsusən də istehlak kreditlərinin 2014-2015-ci ilə qədərki kimi necə gəldi verilməsi ənənəsi aradan qaldırılıb. Bəli, bu, başqa məsələdir ki, vətəndaşların pula tələbatı, kredit resurslarına olan ehtiyaclarını bacardıqca ödəmək lazımdır. Amma bu, necə gəldi həyata keçirilə bilməz. Bizdə bankların problemləri hələ 2014-cü ilə qədər yaranmışdı. Xatırladım ki, 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin məhdudlaşdırılması siyasəti yürüdülməyə başlamışdı, rəsmi səviyyədə də bəyan edilmişdi ki, bankların necə gəldi istehlak kreditləri verməsi siyasətinə son qoymaq lazımdır. Çünki problemli kreditlər məsələsini 2015-ci ildəki devalvasiya yaratmadı, sadəcə olaraq, mövcud problemi daha da ağırlaşdırdı. Bu problemin yaranması isə bankların düşünülməmiş istehlak krediti siyasəti yürütməsindən əmələ gəlmişdi. Bu, hansısa partlayışla nəticələnməli idi, o da 2015-ci ildə özünü göstərdi”.

P.Heydərovun sözlərinə görə, restruktrizasiya başa çatmadan bankların yenidən həmin vətəndaşlara kredit verməsi əslində düzgün deyil və mövcud vəziyyət bank sisteminin real səviyyəsindən, hələ də böhran içində olmasından irəli gəlir:

“O ki qaldı dövlət banklarının da bu mövqeyinə, götürək Beynəlxalq Bankı. Bu bankın sağlamlaşdırılması həyata keçirilsə də, heç də hazırda likvidlik baxımından, maliyyə resursları baxımından bu bankın vəziyyəti qənaətbəxş deyil. Ona görə də burada fərqləndirməyə ehtiyac yoxdur ki, nəyə görə dövlət bankları da özəl banklarla eyni siyasət yürüdür”.

Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynovun sözlərinə görə, kreditin restruktrizasiya olunması onun problemli kredit kateqoriyasından çıxması demək deyil: “Kredit hələ də bankın daxili qaydalarına və Maliyyə Bazarlarına Nəzarət Palatasının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən mahiyyət olaraq problemli kredit kimi qalır. Restruktrizasiya olunmuş kredit o deməkdir ki, vətəndaşa daha uyğun qrafiklə kreditini ödəməyə şans verilir. Restruktrizasiya olunduqdan sonra bank gözləyir ki, ərizəçi ödənişlərini necə edək. Bəlkə yenə problem yaranacaq? O ki qaldı ümumiyyətlə problemi olan müştəriyə kredit verilib-verilməməsinə, bu, artıq bankın daxili məsələsidir. Bank krediti verə də bilər, verməyə də. Bankların demək olar ki, hamısının daxili qaydalarında belə bir punkt var ki, problemli krediti olan şəxsə yenidən kredit verilmir, yaxud çox mürəkkəb şərtlərlə verilir. Banklara bunu qanuni şəkildə təlqin etmək ki, mütləq kredit verməlisiniz, bu mümkün deyil. Amma fərmandan irəli gələrək, restruktrizasiya olunan kredit sahiblərinə fərqli bir yanaşma ola bilər. Çünki fərmanda əslində o nəzərdə tutulmuşdu ki, o vaxtı devalvasiya olduğuna görə vətəndaşlar bu çətinliyə düşüblər. Yəni xüsusi yanaşma olar və vətəndaşın hazırkı gəlirləri yeni götürüləcək krediti ödəməyə imkan verirsə, hesab edirəm ki, banklar burda ədalətsiz mövqe tutur. Əgər vətəndaşın gəlirləri o həddə deyilsə və adına restruktrizasiya olunmuş kredit də varsa, o zaman bankın mövqeyini haqlı hesab etmək olar. Bu, fərdlərdən və situasiyadan asılıdır. Amma bir daha qeyd edim ki, bankın kredit verib-verməməsi öz səlahiyyətindədir”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

Bənzər yazılar

Back to top button