Bəylər Eyyubovun qardaşı oğlu İstanbulda 2 milyon dollara ev aldı (FOTOFAKT)

Print Friendly, PDF & Email

Yüksək çinli məmurun İstanbulda daha 5 milyonluq mülkü, biznesi, avtomobilləri olduğu iddia edilir

AzToday.az portalına yüksək çinli bir məmurun Türkiyədə bahalı “Agaoğlu Maslak” layihəsindən 2 milyon dəyərində rezidensiya aldığını göstərən “tapu sənədi” daxil olub. “Tapu”nun sahibi bir generaldır. Səhiyyənin xərclər strukturuna dair AzToday.az saytının araşdırmasında nazirliyin “favorit podratçılarından olan“Güllübulag” MMC-nin adını çəkmiş, onun Azərbaycanda bir vergi generalının ailə şirkəti olduğu barədə yazmışdıq. Həmin generalın Türkiyədə böyük biznesi və xeyli bahalı daşınmaz əmlakı ilə bağlı sənədlərin də mövcud olduğunu demişdik. “Güllübulag” MMC Türkiyədə “Yamakoğlu” şirkətinin yanında yer alır. Generalın Türkiyədəki ortaqları ilə münasibətlərinin “sərin” olduğu bildirilir. İstisna edilmir ki, mətbuata sızdırılan məlumatlar da aralarındakı problemlər səbəbindən şəriklərin qonşu ölkədəki əmlakı açıqlamaq qərarına söykənir.

Mənbə AzToday.az-a bildirir ki, əslində generalın oradakı mülkünün dəyəri 5 milyon dollardan yuxarıdır. Belə ki, onun qonşu ölkədə eyni layihədə 3 milyonluq villası, 2,1 milyonluq mənzili var. “Tapu” deməyə əsas verir ki, əmlak “Ağaoğlu Maslak” layihəsinin İstanbul Şişli bölgəsindədir. Teras tipli mənzilə 2 milyon 90 min dollar nağd ödənib. Qeyd edək ki, “Ağaoğlu” layihələri Türkiyədə ən prestijli layihələr sayılır, müştəriləri daha çox zənginlər, pulunu qoymağa yer tapmayan ərəb şahzadələridir. Müqavilə 30 dekabr 2015-ci ildə bağlanıb, 262 səhifədən ibarət olduğu bildirilir.

Əmlakın sahibi Azərbaycanın Gəncə şəhərində Adil İskəndərov küçəsində qeydiyyatda olan Şahin Eyyubovdur. Mənbə deyir ki, bu adam Xüsusi Dövlət Mühafizə Xidməti rəsinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Şahin Eyyubov özü də Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisidir. Yeri gəlmişkən, “Gullubulaq MMC” generalın rəis olduğu Ərazi Vergilər Departamentində qeydiyatdan keçib. Generalın mülkü vəkalətnamə ilə “Ağaoğlu” Şirkətlər Qrupunun işçisinə verdiyi bildirilir. 2014-cü ilin iyul ayının 18-də imzalanan başqa bir müqavilə ilə Ş.Eyyubov özünə aid daşınmaz əmlak üzərində hüququnu vəkalətnamə ilə Nurgül İnança həvalə edib. Bu sənəd 7 saylı Beyoğlu Noterliyində noter Serpil Yıldırım tərəfindən qeydə alınıb. İmza Eyyubovun xarici pasportundakı imzası ilə uyğun gəlir. Bu daşınmaz əmlak İstanbul ili, Sarıyer İlçesi, Ayazağa Məhəlləsində yerləşir. Vəkaləti verənin Türkiyədəki adresi Mevlana Caddesi N.9 Ardeşen / Rize-dir. Bəlli ki, söhbət iki ayrı-ayrı ünvanda olan əmlaklardan gedir. “Ağaoğlu” layihəsində 300 kv/m sahəsi olan ikimərtəbəli villanın da alqı-satqısının 2013-cu ildə aparıldığı deyilir.

Bildirilir ki, Eyyubovun əmlakı 5 milyon dollarlıq mülklə bitmir. Gəncədə onun olduğu söylənən “Qaya” restoranı var. Həmçinin fərqli marka və modellərdə bahalı avtomobillərə sahibdir. Ona aid Mercedes G65 AMG Brabus, Mercedes G300 Professional, Mercedes S65 AMG, Toyota Land Cruiser avtomobillərinin qiyməti milyon dollardır, nömrələri isə əsasən 002 ya da 007-dir – polis və xəfiyyə nömrələri. Gəncədə bir neçə evi, Bakıda “Port Baku” layihəsində də milyonlarla dəyərdə iki mənzilinin olduğu söylənilir. O da bildirlir ki, generalın qol saatı “Roger Dubuis”dan 400 min dollar dəyərindədir.

Qeyd edək ki, vergilər nazirinin 2014-cü ildə verdiyi əmrlə 7-1 nömrəli vəzifə təlimatına əsasən Ərazi Vergilər Departamenti rəisinin vəzifə maaşı ərazi vergi orqanının yerləşdiyi şəhərdən asılı olaraq 520 və 530 manat müəyyənləşib.

Şahin Eyyubovun İstanbulda bahalı mənzil alması lə bağlı Vergilər Nazirliyinə sorğu (Bahalı mənzilin “tapu sənədi”) göndərdik. Nazirliyin mətbuat xidmətindən AzToday.az-a açıqlamasında Şahin Eyyubovun Türkiyə ev almasına münasibət bildirilməyəcəyini dedilər.
Xatırladaq ki, bu ilin yanvar ayında da gündəmi zəbt edən bir məlumat yayılmışdı. Mətbuata SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin Türkiyənin Bodrum bölgəsində 20 milyon dollar dəyərində 16 villa aldığına dair mələumat və 200 min dollarlıq dublex pansyonun “tapu sənədi” (kupça) ötürüldü. Bu məsələ adıçəkilən qurumda da müzakirə olundu, sonradan idarə rəisi məlumatın doğru olmadığını söyləyib. Azərbaycandan kənarda başqa evi olub-olmadığı barədə suala isə “əlbəttə var, amma o yazıda qeyd edildiyi kimi deyil”, deyib. Bəlkə də SOCAR əməkdaşı 200 min dolların mənbəsini bir şəkildə əsaslandıra bilər, amma “quru” məmur məvacibilə rezidensiyada 2 milyonluq mənzil almaq mümkünsüzdür və vergi generalının buna bir ağlabatan açıqlama verə biləcəyi inandırıcı görünmür.

Murad Əhmədov

...