AnalitikaBizim seçimGündəmManşetSiyasət

Kəmaləddin Heydərovun “xaos nəzəriyyəsi” – Əliyevləri devirmək planının təfərrüatları (III yazı)

Azərbaycan hakimiyyətinin “avanqard qüvvələri”ndən hesab edilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “fövqəlgücü” barədə məlumat vermişdik. Onun bir neçə il öncə İran, Şimali Koreya, Liviya və Pakistan kimi dövlətlərə qanunsuz olaraq nüvə yanacağının təchizatı ilə məşğul olduğu iddia edilən və həmçinin Əl-Qaidə terror təşkilatı ilə də əlaqələrinin üzə çıxdığı “Dubai Ports World (DP World)” şirkətinə 73 milyon dollar məbləğində investisiya yatırması barədə yazı dərc etmişdik.

Həmçinin, məşhur ” WikiLeaks” saytında Kəmaləddin Heydərovun ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Morninqstarla iki saatdan çox çəkən görüşün müəyyən təfərrüatları barədə də məlumatlar təqdim etmişdik. Məlumatlarda bir müddət əvvəl ” WikiLeaks” saytında yayılmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məxsus sənədlərində bu ölkənin Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla Kəmaləddin Heydərovun iki saatlıq görüşündə Əliyevlər hakimiyyətinə qarşı mənfi münasibəti və böyük siyasi iddiaları açıq-aydın müzakirə edilib.
Yazıları bu linklərdən oxuya bilərsiniz:

Əl-Qaidə terror təşkilatında Kəmaləddin Heydərov izi (I YAZI)

ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT? (II yazı)

AzToday.az olaraq bu yazımızda uzun illərdir ki, Kəmaləddin Heydərov böyük imtiyazların, səlahiyyətlərin və iri kapitalın fonunda ona edilən etibardan istifadə edərək daha çox özünün ətrafını möhkəmləndirərək hazırda Əliyevlər hakimiyyəti üçün əsl təhlükəyə çevrilməsi barədə bəhs edəcəyik.  Təbii ki, Kəmaləddin Heydərovun kurasiyasına daxil olan nazirlərdən tutmuş, Milli Məclisdə 20-yədək deputatın “fövqəlnaziri” təmsil etməsi bu vaxta qədər iqtisadi-siyasi gücü ilə bərabər siyasi iddialarının artması fonunda onu öz yolundan çəkindirmək Əliyevlər hakimiyyəti üçün əsl müşkül hesab olunmalıdır.

Kimlər Kəmaləddin Heydərovu Əliyevlərdən daha qüdrətli və güclü hesab edir?

Bir neçə il bundan öncə ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən “WikiLeaks” saytı Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı. Maraqlıdır ki, həmin dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks etdirir, bu gün həmin məlumatlar daha doğru və dolğun görünür.

“WikiLeaks” saytı qeyd edir ki, Kəmaləddin Heydərov Azərbaycan məmurlarının sırasında və hakimiyyətdə ən nüfuzlu şəxslərindən biridir. Bir çox müşahidəçilər isə onu Prezident İlham Əliyevdən də daha qüdrətli hesab edirlər. Buna əyani subut olaraq qeyd etmək olar ki, Kəmaləddin Heydərovun Azərbaycanın bölgələrinə səfəri zamanı dövlət başçısından fərqli olaraq əhali onu daha çox rəğbətlə qarşılayır. Onun qəbuluna düşmək üçün insanlar növbə çəkirlər. O bununla ölkə əhalisi arasında “çörək verən” bir insan imici formalaşdırıb. Əhali arasında Kəmaləddin Heydərovun xeyirxahlığı artıq demək olar ki, rəvayətlərə, dastanlara çevrilməkdədir. Kimlərsə onu keyfiyyətlərinə görə prezidentdən üstün sayır. Nazirin yaxın çevrəsinə daxil olanlar isə onu özlərinə qiymətli bir şəxs hesab edirlər.

Kəmaləddin Heydərovun atası Qəbələ rayonundan seçilmiş deputat Fəttah Heydərov hazırda Azərbaycanın Milli Məclisinin regional məsələlər komitəsinin sədr müavinidir. Heydərovlar ailəsinin Bakıdan kənarda yerləşən Qəbələ rayonu isə bu ailənin əsas baza hissəsidir. Xüsusilə bu rayonun yüz minə yaxın sakini Heydərova sadiq insanlar hesab olunurlar. Bu isə o deməkdir ki, artıq Heydərovlar ailəsinin on minlərlə tərəfdarları var. İstənilən halda ölkədə Heydərovlar Əliyevlərə qarşı alternativ bir qüvvə hesab edilirlər.

Azərbaycanın digər rayonlarına baxanda Qəbələdə insanlar Heydərovlar ailəsinin hesabına pis dolanmırlar. İnsanlar ailənin Qəbələdəki müxtəlif obyektlərində işlə təmin ediliblər. Bu səbəbdən də Azərbaycanın digər rayonlarına nisbətən Qəbələdən paytaxt Bakıya çörək pulu qazanmaq üçün gələnlər çox nadir hallarda olur.

“Fövqəlnazir” “xaos nəzəriyyəsi”

ABŞ-ın Azərbaycanla bağlı planı bu dövlətin ölkəmizdəki səfirliyində də müzakirə mövzusudur. Ümumiyyətlə isə Azərbaycandakı xarici dövlətlərin səfirlikləri nüfuzlu azərbaycanlı məmurlarla əlaqə qurmaq, onların güclərini Azərbaycan iqtidarına qarşı çevirmək üçün real fəaliyyət planlarının olduğu məlumdur. Zaman-zaman Azərbaycanda bu proseslər müşahidə olunub. Fərhad Əliyev, Əli İnsanov, Eldar Həsənov, Namiq Abbasov, Eldar Mahmudov, Ziya Məmmədov və. s. Lakin hakimiyyətə iddialı olan bu şəxslər sonda Heydərova uduzması ilə yadda qaldı. Təbii ki, bu şəxslər Kəmaləddin Heydərovun siyasi ambisiyalarını ortaya qoymasında ona əngəl idilər. Əslində Kəmaləddin Heydərovun hakimiyyət hərisliyi daha uzun illərə gedib çıxır. Səbr nümayiş etdirən və özünü ən yaxın tərəfdaş kimi rəqiblərinə göstərən Kəmaləddin Heydərov məşhur “xaos nəzəriyyəsini” işə salmaqla hakim ailə üzərində qələbə qazanmaq üçün revanş götürüb. Bu revanşın nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.

Amma onu demək olar ki, Kəmaləddin Heydərovun hakimiyyəti tam olaraq ələ keçirməsi üçün həm iqtisadi, həm də siyasi resursları var.

Növbəti IV-cü yazımızda Kəmaləddin Heydərovun ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı və 20 ildən çox Yaxın Şərqdə xüsusi əməliyyatlara rəhbərlik etmiş Qrexama Fullerle əlaqə yaratması və Azərbaycandakı radikal siyasi və dini təşkilatları ilə əlaqələri barədə məlumat verəcəyik.

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Elmidar Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button