Gündəm

“Lider TV”də böhran: 50 manat verib, aylıq maaşa qol çəkdirirlər

“Lider TV”nin əməkdaşları 4 aydır maaş ala bilmir. Bu barədə AzToday.az-a adının açıqlanmasını istəməyən kanal əməkdaşlarından biri məlumat verib.

Onun sözlərinə görə, artıq 4 aydır normal maaş ala bilmirlər. Kanalın işçisi bildirib ki, bu günlərdə hərəyə 50 manat pul verilib: “50 manat versələr də, bütün ayın maaşına qol çəkdiriblər. Görünür həmin sənədləri kimlərəsə göstərəcəklər”.

Mənbə maraqlı bir məqamı da açıqlayıb. Belə ki, bir müddət əvvəl kanalın prezidenti Ədalət Əliyev vəzifəsindən kənarlaşdırılıb. Bütün əşyalarını götürərək kanalın binasını tərk edən prezidentin yerinə “Anten FM”in direktoru Rüstəm Əliyevin təyin olunacağı gözlənilirmiş. Lakin bir müddət əvvəl xaricdə istirahət edən Ədalət Əliyev yenidən postuna qayıdıb.

Xəbərə münasibət öyrənmək üçün “Lider TV”nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sədan Bünyadova ilə əlaqə saxladıq. Kanal sözçüsü bu barədə heç bir açıqlama verməyəcəklərini bildirdi. O, 4 aydır maaşların verilməməsi barədə də danışmaq istəmədi:

“Mən bu haqda heç nə demək istəmirəm. Bu barədə heç bir açıqlama verməyəcəyik. Bununla bağlı dəfələrlə danışmışıq. Sizə kim informasiya veribsə, ondan soruşun”.

Sədan Bünyadova Ədalət Əliyevin işdən çıxarılması və xaricə yollanması ilə bağlı xəbəri isə təkzib etdi:

“Bu adamın ölkədən çıxıb-çıxmadığını müəyyənləşdirmək çox asandır. Mən 5 aydır burdayam, Ədalət Əliyev şənbə günləri də daxil olmaqla hər gün işdə olub. Heç bir xarici ölkəyə səfər etməyib. Tamamilə yalan informasiyadır. Ədalət Əliyevin işdən çıxması yalan idi və bu təsdiqləndi. Rüstəm Əliyevlə bağlı xəbər də dezinforasiya idi. Maaşlarla bağlı isə heç bir açıqlama verilməyəcək. Maaşlar verilir, kim narazıdırsa, işdən çıxıb gedir. Burda oturub həmkarlarına informasiya ötürmürlər. Deməli sən maaşını alırsan ki, burda oturmusan”.

Bənzər yazılar

Back to top button