Mədəniyyət

Quludan yaxşı şərhçi tanımıram – Bəxtiyar Vahabzadə

Bu gün tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür. Kult.az xəbər verir ki, Q.Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayan jurnalist 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı olub.

Uzun illər AzTV-də müxtəlif vəzifələrdə çalışan Q.Məhərrəmli 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də isə AzTV-ni tərk edib. Jurnalist 2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb.

Qulu Məhərrəmlinin doğum günü münasibətilə tanınmışların müxtəlif illərdə onun barəsində səsləndirdiyi fikirləri təqdim edirik:

Xalq şairi Bəxtiyar Vahabzadə:
“Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis və obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram”.

Akademik Tofiq Hacıyev: “Teleradiomuzun tarixi inkişaf mərhələlərinin araşdırılması, həmin mərhələlərin sistemli elmi-nəzəri təhlilinin verilməsi professor Qulu Məhərrəmlinin adı ilə bağlıdır. Ölkəmizdə jurnalistikanın nəzəri əsaslarının yaradılması və medianın müasir fəlsəfəsinin elmi cəhətdən formalaşmasında da onun əsərləri əhəmiyyətli rol oynayır”.

Professor Şirməmməd Hüseynov: “Görkəmli jurnalist, istedadlı alim Qulu Məhərrəmlini insanlar obyektivliyinə, ləyaqətli və vicdanlı söz sahibi olmasına görə sevir və qiymətləndirirlər”.

Professor Rafiq Əliyev: “Onu yaşadığımız dövrün böyük ziyalılarından biri hesab edirəm, ictimai və milli maraqlar naminə sözünü deməkdən çəkinmir, həqiqətsevər və prinsipialdır. Həm də gözəl publisistdir, yazılarındakı dərin sətiraltı mənalar, incə eyhamlar, bəzən də açıq sarkazm onun publisistikasına ayrıca güc verir”.

Diplomat Ramiz Abutalıbov: “Hər dəfə onu görəndə düşünürəm ki, mənəvi burulğanların tüğyan etdiyi zamanlarda, adamların yalnız ağ-qara rənglərlə düşündüyü bir mühitdə öz sifətini, peşə prinsiplərini, ziyalılığını qoruyub saxlamaq, sözünü, şəxsiyyətini sevdirmək asan iş deyil… Adının qarşısında təşbehlər yazmağa, titullarını sadalamağa lüzum yoxdur, sadəcə, Qulu Məhərrəmli demək bəs edər ki, onun obrazı göz önündə canlansın. İstedadına, peşəkarlığına, mənəvi gücünə görə o, jurnalistikada çoxları üçün ölçüyə, etalona çevrilib”.

Aktyor, xalq artisti Fuad Poladov: “Qulu müəllim mənim üçün böyük mənəvi gücü olan, bizim reallıqda istedadla şəxsiyyəti birləşdirə bilmiş çox az ləyaqətli adamlardan biridir”.

Kinorejissor, xalq artisti Vasif Babayev:
“Parlaq şəxsi keyfiyyətlərinə və ictimai missiyasına görə bir ziyalı kimi, Qulu Məhərrəmli adı Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Bu səbəbdən də onun söylədiyi hər söz insanların hafizəsinə həkk olunur, əvvəlcə müəyyən nəzəri biliyə, daha sonra isə tarixə çevrilir. Ona görə də Qulu Məhərrəmli, artıq çoxdan bu tarixin ayrılmaz bir parçasıdır”.

Bənzər yazılar

Back to top button