İqtisadiyyat

LEYLA ŞIXLİNSKAYAYA CİNAYƏT İŞİ AÇILDI- 2 milyon vergidən yayınma…

Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayınıb. Xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.

Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub. /Femida.az

Virtualaz.org-a məlum olub ki, cinayət işi təxminən 20 gün əvvəl qaldırılıb. Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova mətbiuata müsahibəsində klinikada tətbiq edilən qara mühasibatlıq və pulların vergidən yayındırılması barədə sensasion faktlar açıqlamışdı. Ş. Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Bundan sonra Şıxlinskaya onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək keçmiş baş mühasibin klinikanın “qara kassasından” 1 milyon manat oğurlamaqda ittiham edib.

Həmin şikayət əsasında əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq aparıb, lakin tutarlı dəlillər olmadığından istintaq dayandırılıb. Daha sonra Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Leyla Şıxlinskayanın şikayəti əsasında istintaqı yenidən bərpa edib, ancaq keçmiş baş mühasib və işdə adı keçən digər əməkdaşlar onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

Habelə Ş.Abbasova həm istintaqa ifadəsində, həm saytımıza müsahibəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Söhbət klinikanın fəaliyyət göstərdiyi 17 il ərzində tətbiq edilən qara mühasibatlıqdan gedir. Və həmin irimiqyaslı vergidən yayınma faktına görə hüquq-mühafizə orqanları nəhayət cinayət işi qaldırıblar. Oğurluq ittihamına görə isə keçmiş baş mühasib də daxil olmaqla klinikanın bir neçə əməkdaşının barəsində qaldırılmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Leyla Şıxlinskaya “Qafqazinfo”ya açıqlamasında klinikanın iri məbləğdə vergidən yayınmasına görə cinayət işi qaldırıldığını dolayısı ilə təsdiqləyib: “ “Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiz. Mən ancaq o orqanların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”.

Bənzər yazılar

Back to top button