Musa Pənahovun nazir müavini postunda qalmasının sirri: “Özünü necə “qoruya bilib”?

Print Friendly, PDF & Email

Azərbaycanın Ukrayna, Belarus, Moldova, Türkmənistan, Özbəkistan və Rusiya kimi ölkələrlə hökumətlərarası komissiyasında nəqliyyat sektorunda təmsilçilik bilavasitə M.Pənahova həvalə edilibmiş; nəqliyyat nazirliyində uzun müddət birinci müavin olmuş Pənahov peşəkarlığı sayəsində vəzifəsində qala bilib bilib, yoxsa…

Ləğv olunmuş Nəqliyyat Nazirliyində birinci müavin işləmiş Musa Pənahovun adı yenidən gündəmə gəlib. Belə ki, öncə məlumat yayıldı ki, o, yeni vəzifəyə təyinat alıb.

Məlumatın mətnində yazılmışdı ki, aprelin 21-də prezident İlham Əliyevin sərəncamı ilə Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. Lakin sonradan bu xəbər, daha doğrusu, prezident sərəncamı təkzib olundu. Musa Pənahov ölkə.az saytına deyib ki, özünün bu təyinatdan xəbəri yoxdur: “Təyyarədən az öncə düşmüşəm, ölkədə yox idim. Ona görə də heç nədən xəbərim yoxdur. Ancaq vəzifəyə təyin olunmağımla bağlı heç bir rəsmi məlumat yoxdur. Bunun üçün ölkə başçısının Sərəncamı olmalıdır”.

Buradaca arayış verək ki, 2017-ci ilin fevralın 13-də ölkə başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.

Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə birləşdirilmiş quruma nazir təyin edilib. Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb.

O zaman Ziya Məmmədovun müavinlərinin də işdən kənarlaşdırılması baş vermişdi. Lakin sən demə yalnız M.Pənahov birləşdirilmiş nazirlikdə yerini qoruya bilibmiş. APA agentliyinin sonradan düzəliş xarakterli yaydığı məlumatdan da göründüyü kimi, İctimaiyyətin və medianın bilgisinin əksinə olaraq? heç demə Musa Pənahov vəzifədən çıxarılmayıbmış, sadəcə, NN-də 1-ci müavin vəzifəsi tuturdu, indi isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müavin kimi işinə davam edir…

Bu hesabla, hazırda rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı 4-dür. Əli Abdullayev birinci müavin, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindirlər.

Belə bir xəbərin yayılması ilə gündəmə gələn və işsiz olmadığı bilinən Musa Pənahovun dosyesinə göz ataq: M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayan Musa Pənahovun gələcək karyerası sabiq nazir Ziya Məmmədovla yaxın dostluq əlaqələrinə görə reallaşıb. O, 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb. Musa Pənahov 2004-cü ildən 2017-cü ilin fevralına-yəni Nəqliyyat Nazirliyi ləğv edilənədək nazirin birinci müavini vəzifəsini icra edib.

Musa Pənahov uzun müddətdir təmsil olunduğu sektor üçün qiymətli kadrlardan sayılır. “Yeni Müsavat”a daxil olan məlumata görə, onun nazir müavini kimi saxlanmasında əsas səbəb uzun illər nəqliyyat və daşımaçılıq (loqostika) sektorundakı təcrübəsidir. Dəmiryolu ləğv olunmuş Nəqliyyat Nazirliyindən alındıqdan sonra M.Pənahov birinci müavin kimi əsasən, tranzit yüklər və liman daşımaçılığı sahəsini kurasiya edirdi. Daha bir maralı məqam budur ki, son illər demək olar ki, Azərbaycanın hökumətlərarası bütün komissiyalarında M.Pənahovun adı salınırdı. Araşdırmamız zamanı da bu, bir daha təsdiqləndi. Məsələn, iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycanın Ukrayna, Belarus, Moldova, Türkmənistan, Özbəkistan və Rusiya ilə birgə hökumətlərarası komissiyasında nəqliyyat sektorunda təmsilçilik bilavasitə M.Pənahova həvalə edilib. Həmin komissiyalar hələ də işləkdir.

Məlumdur ki, Azərbaycan prezidentinin əsas diqqət ayırdığı sahələrdən biri də nəqliyyat sektoru və onun ayrılmaz hissəsi olan tranzit daşımaçılığıdır. Ölkəyə ciddi gəlir gətirə biləcək bu sahənin əsas yükü həm də yeni yaradılmış nazirliyin üzərinə qoyulub. Bu baxımdan, M.Pənahovun sistemdə saxlanması peşəkara möhtaclıqdan da doğa bilər.

Azərbaycan üçün o qədər də strateji ölkə olmayan Moldova ilə qohumluq və ya işgüzar əlaqələrinin M.Pənahovun postunu qorumasında əhəmiyyətli rolu olduğu inandırıcı deyil. Məlumdur ki, M.Pənahovun oğlu Moldovanın keçmiş prezidenti Voroninin nəvəsi ilə evlidir. Musa Pənahovun özünün biznes strukturlarını tam olaraq Moldovaya köçürdüyü barədə son günlər təsdiqlənməmiş xəbərlər var idi. Amma bunların heç biri onun kreslosunu qoruması üçün əsaslı səbəb kimi qəbul edilə bilməz.

Etibarlı mənbənin dediyinə görə, ləğv edilmiş Nəqliyyat Nazirliyində korrupsiya ittihamları nə qədər ciddi olsa da, M.Pənahov özünü “qoruya bilib” və ya ölkə rəhbərliyi qarşısında təmizə çıxıb. Onun işini itirmiş digər müavin Arif Əsgərovdan fərqli olaraq, birləşdirilmiş nazirlikdə saxlanması da belə düşünməyə əsas verir.

...