Mədəniyyət

Molla Pənah Vaqif kommunist rejiminin qadağası altında deyildi

Bu günlərdə Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı xeyli yazılar getdi, fikirlər səsləndirildi. Əvvələ, işğal dövründə uzun müddət dayandırılmış Vaqif poeziya günlərinin bərpa edilməsi mütərəqqi hadisədir. Amma həmin mərasimin məddahlıq məclisinə çevrilməsi üzücüdür. Heç öz zəmanəsində – XVIII əsrdə Qarabağ xanının vəziri Molla Pənah Vaqif İbrahimxəlil xana bu qədər məddahlıq etməmişdi.

Bəri başdan deyim ki, 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Vaqifin məqbərəsinin tikilməsi və həmin il orada Vaqif poeziya günlərinə start verilməsi də mütərəqqi hadisə idi. Amma ötən məclisdə Molla Pənah Vaqiflə bağlı hər şeyin Heydər Əliyevin adı ilə bağlanması doğru deyildi. İlham Əliyev öz çıxışında qeyd etdi ki, Vaqifə məqbərə qoymaq Sovet dövründə çətin idi, çünki o, Qarabağ xanlığının vəziri olmuşdu. Məsələ burasındadır ki, Sovet dövründə Molla Pənah Vaqifə münasibətdə elə bir məhdudiyyət olmayıb. Sovet təbliğatçıları tərəfindən onun Rusiyaya meylli dövlət xadimi kimi təqdim edilməsi Sovetlərin sinfi ideologiyası baxımından Vaqifə bir növ bəraət qazandırmışdı.

Ona görə Azərbaycanın sovetləşməsinin ilk illərindən başlayaraq proletkultçuluq Molla Pənah Vaqifdən yan keçmişdi. 1925-ci ildə “Kommunist” nəşriyyatı Salman Mümtazın “Molla Pənah Vaqiv” kitabını dərc etmişdi. 1940-ci ildə Vaqifin heykəli (müəllif Cəlal Qaryağdı) digər Azərbaycan ədib və şairləri ilə yanaşı Ədəbiyyat Muzeyinin fasad lojasında qoyulmuşdu. 1937-ci ildə Yusif Vəzirin “Qan içində” (İki od arasında) romanı və 1938-ci ildə Səməd Vurunun “Vaqif” dramı yazımışdı. Hər ikisinin qəhrəmanı Molla Pənah Vaqif idi. 1941-ci ildə “Vaqif” dramına görə Səməd Vurğun Stalin mükafatı almışdı. 1938-1947-ci illər arasında bu dram 800 dəfə səhnəyə qoyulmuşdu. 1945-ci ildə Azərbaycanda Akademiya yarananda Vaqifin əsərlərinin akademik nəşrini hazırlayıb çap etdilər. 1947-ci ildə əməkdar incəsənət xadimi, rəssam Sadıq Şərifzadə “Vaqif portreti”ni işləmişdi.

Lakin Molla Pənah Vaqiflər bağlı ilk böyük dövlət tədbiri onun anadan olmasının 250 illiyi ilə bağlı 1968-ci ilin noyabrında Bakıda və Şuşada, həmin ilin dekabrında Moskvada keçirilmişdi. Bakıda keçirilən tədbir dövlət tərəfindən təşkil edilmiş beynəlxalq tədbir idi və ora yalnız Sovet respublikalarından deyil, bir sıra xarici ölkələrdən, o cümlədən Türkiyədən də qonaqlar dəvət edilmişdi. Yubiley tədbirləri çərçivəsində 1968-ci ildə əməkdar incəsənət xadimi, xalq rəssam Qəzənfər Xalıqov şairin yubileyi münasibətilə plakat hazırlamış və bu plakat kütləvi tirajla nəşr edilmişdi.

1967-ci ilin mayında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinin geniş şəkildə qeyd edilməsi barədə Sov.İKP MK-ya müraciət etmişdi. Müraciətdə qeyd edilirdi ki, Vaqif Şuşada yaşayıb yaratmış, Qarabağ xanının vəziri olmuş və xanlığın idarə edilməsində yaxından iştirak etmiş, zamanının görkəmli dövlət xadimi olmuşdur. Axundov məktubda 1795-ci ildə İran işğalçılarının hücumuna qarşı Şuşa qalasının müdafiəsinin təşkil olunmasında Vaqifin müstəsna xidmətlərinin olduğunu vurğulayırdı.

Vəli Axundov Molla Pənah Vaqifin 250 illiyi ilə bağlı tədbirlərin 1968-ci ilin may ayında keçirilməsini təklif edir və bu məqsədlə ümumittifaq yubiley komissiyasının yaradılmasını xahiş edirdi. O, Vaqifin 250 illiyi fonunda Şuşada və Dağlıq Qarabağda silsilə tədbirlərin keçirilməsini nəzərdə tuturdu. Bu məqsədlə Azərbaycan Elmlər Akademiyasına, Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara müvafiq göstərişlər verilmişdi. Yubiley münasibəti ilə 1968-ci ildə ədəbiyyatşünas Araz Dadaşzadənin “Molla Pənah Vaqif: həyat və yaradıcılığı haqqında oçerk” kitabı “Azərnəşr”də çap olundu. Kitab onun Vaqifin həyat və yaradıcılığı haqqında müdafiə etdiyi namizədlik dissertasiyası əsasında hazırlanmışdı. Elə həmin il 250 illik münasibəti ilə Nizami adına Ədəbiyyat Muzeyinin tərtib etdiyi “Molla Pənah Vaqif” albom kitabı da nəfis şəkildə “26 Bakı komissarlar” mətbəsində işıq üzü gördü (Tərtib edəni D. Əliyeva; rəss. İ.Axundov; foto T.Xanməmmədov; red. A.Zamanov).

Vaqifin 250 illiyi ilə bağlı yubiley tədbiri 1968-ci ilin payızında keçirildi. Bakıda keçirilən mərasimdə Sovet respublikalarından başqa Bolqarıstan, Polşa, Kuba, Rumıniya, ADR, Türkiyə, İran, İraq, Sudan və digər ölkələrdən qonaqlar iştirak edirdilər. Noyabrın 23-də Azərbaycan KP MK, respublika Nazirlər Soveti və Ali Soveti böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi münasibəti ilə qəbul düzəltmişdilər. Orada partiya, dövlət və hökumət başçıları iştirak edirdi. Qəbulda çıxış edən Vəli Axundov yubileyə gəlmiş sovet yazıçılarına, xarici qonaqlara öz təşəkkürünü bildirdi.

Yeri gəlmişkən həmin tədbirə gəlmiş türk yazıçısı Tahir Kamal, İraq türkmən şairi və tədqiqatçısı Şakir Zabit, Yuqoslaviya türk şairi Nicati Zəkəriyyə ilə Xəlil Rza onların qaldıqları “İnturist” hotelində görüşüb “Azərbaycan” jurnalı tərəfində geri qaytarılmış “Bahar təranələri” poemasının əlyazmasını onlara verəndə DTK Xəlil Rzanı izləmiş və görüşdən təhlükəsizlik orqanları əməliyyat məlumatı hazırlamışdılar. DTK-nin təqdimatı üzrə Xəlil Rzanın bu “antisovet” hərəkəti Vaqifin yubiley tədbirləri başa çatdıqdan sonra 1969-cu ilin mart ayında Yazıçılar İttifaqının Rəyasət Heyətində geniş müzakirə edildi. Bu müzakirədə Azərbaycan Pedaqoji İnstitutunda tələbələrlə, Salyanda Əkrəm Cəfərlə birlikdə oxucularla görüşdə Əli bəy Hüseynzadə haqqında danışdığına görə də o, sərt şəkildə tənqid edildi.

Dekabrın əvvəllərində Vaqifin yubiley tədbirləri Moskvanın İttifaqlar Evində davam etdirildi. Azərbaycan rəhbərliyi, SSRİ-nin bir sıra partiya və hökumət üzvləri, SSRİ Mədəniyyət Nazirliyinin və Yazıçılar İttifaqının rəhbərliyi Moskvanın İttifaqlar Evində keçirilən yubiley tədbirində iştirak edirdi. Ona görə 1982-ci ildə Şuşada Vaqifə məqbərə ucaltmaq, Vaqif poeziya günləri keçirmək çox gərəkli addımlar olsa da, siyasi baxımdan qorxulu bir iş deyildi.

P.S. Bunları yazdım ki, məlumatlı olasınız. Yəni 1982-ci ilə qədər də Molla Pənah Vaqiflə bağlı çox iş görülmüşdü.

Cəmil Həsənli

Turan.az

Bənzər yazılar

Back to top button