Gündəm

Hüquqşünaslar etiraz aksiyası təyin etdilər

Nümayəndəlik institutunun ləğvi ilə bağlı hüquqşünaslar, vəkillər və ictimai fəallar ölkə prezidentinə müraciət ünvanlayıb

Azərbaycan parlamentinin ötən həftə nümayəndəlik institutunun ləğvi ilə bağlı qanun layihəsini qəbul etməsi ictimaiyyət daxilində birmənalı qarşılanmayıb. Lakin qanun ölkə başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Artıq qərarın ləğvi ilə bağlı 70 nəfər praktik fəaliyyətlə məşğul olan hüquqşünas, vəkil və ictimai fəal ölkə prezidentinə müraciət ünvanlayıb.

Bundan əlavə, “Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də keçmiş Məhsul stadionunda mitinq keçirəcək. Bu barədə işçi qrupunun üzvü Xalid Bağırov “Amerikanın səsi”nə bildirib.

Ölkə başçısına müraciət edən hüquqşünaslardan Ramil Süleymanov aksiya ilə bağlı artıq BŞİH-ə müraciət edildiyini bildirdi: “Ali Məhkəmənin belə bir qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi ilk günlərdən aktual olduğu kimi, bir sıra suallar da yaratdı. Ali Məhkəmə nəyi əsas götürərək belə bir müraciət etdi? Ali Məhkəmənin müraciətini təəssüflər olsun ki, az hissəsi hüquqşünas olan, əksəriyyəti iqtidaryönlü deputat olan Milli Məclis dərhal qəbul etdi və daha az əhəmiyyəti olan qanunverici aktlar kimi qəbul etdilər. Halbuki bu, ictimai müzakirələr doğuran, müzakirə olunmalı məsələ idi. Cənab prezident tərəfindən imzalandıqdan sonra qanun qüvvəyə minəcək. Bu qanun layihəsinin ilk oxunuşdan arxivə göndərilməsi və təzədən geri qaytarılması, deputatların bu qanun layihəsinin lehinə səs verməsi doğrudan da çox gülməlidir. Axı hüquqdan anlayışı olan deputat nümayəndəlik institutuna necə yox deyə bilər? Düzdür, deputatlar içərisində hüquqşünas olanlar da var idi. Onlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə birmənalı şəkildə qanun layihəsinə ”yox” dedilər. Onlarla bərabər, daha 8 nəfər layihənin əleyhinə səs verdi. Hansı ki, onlardan da 6 nəfəri bu qanun layihəsinin ölkəmizin hüquq sistemi üçün nə qədər zərərli olduğunu mətbuatda bildiriblər. Hazırda əsas gündəmdə olan məsələ qanun layihəsinin prezident tərəfindən imzalanması ilə bağlıdır. Ona görə 70 nəfərlə ölkə başçısına müraciət etdik. Cənab prezident hüquqşünas deyil, siyasətçi, politoloqdur, dövləti idarə etməklə məşğul olan insandır. Amma onun məsləhətçiləri var ki, bu məsələ ilə bağlı prezidentə dolğun informasiya vermək onların borcudur. Bu şəxslərin üzərinə çox iş düşür. Bundan əlavə, Prezident Aparatında əyləşən Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovun da bu birbaşa işidir. Ədliyyə naziri cənab Fikrət Məmmədov həm də Məhkəmə Hüquq Şurasının sədridir. Bu sənədin hüquq adına necə utancverici olması barədə məlumat vermək onların borcudur. Hökumət bu gün hüquq sistemini dələduz insanlardan təmizləmək istəyirsə, bunun dünyada olduğu kimi sadə yolları var. Müraciətimizdəki 7 bənddə bunları göstərmişik. Biz onsuz da Apelyasiya Məhkəməsindən o tərəfə gedə bilmirdik, cinayət işlərinə çıxmaq hüququmuz da yox idi. Əvvəl zərərçəkmiş şəxsin nümayəndəsi qismində çıxış etmək imkanımız var idi, sonradan onu da qohumlar termini ilə əvəz etdilər. Orada da hüquqşünaslar, nümayəndələr zərərçəkmişləri müdafiə edə bilmirlər”.

Hüquqşünas Vəkillər Kollegiyasının üzvlərinin azlığına da toxundu: “Bu gün ölkədə qeydiyyatdan keçmiş 934 kollegiya üzvü var. Onlar heç bir halda 10 milyon əhalinin hüquqi işlərini apara bilməyəcəklər. Nəticədə vəkillər işlərə məsuliyyətsiz yanaşacaqlar. Bu gün əgər bir nümayəndə 200-300 manata vətəndaşın boşanma işini aparırsa, vəkil üçün artıq bu qanunun qəbulundan sonra belə işlər maraqlı olmayacaq. Vəkil daha pullu işlərə keçəcək. Nəticədə yoxsul təbəqə hüquqi yardımdan məhrum olacaq. Bu zaman dövlət üzərinə götürdüyü öhdəliklərə istinadən həmin vətəndaşın hüquqlarını necə təmin edəcək? Ölkədə sosial narazılıqların artacağı göz önündədir. Məhkəmənin onsuz da korrupsiyalaşmış səviyyəsi yüksək idi, bundan sonra daha da yüksələcək. Məhkəmə işçiləri vətəndaşdan 50-100 manat alıb onlara hazır ərizələr təqdim edəcəklər. Faktiki olaraq, nümayəndənin vətəndaş üçün gördüyü bəzi pulsuz işləri məhkəmə işçiləri pul müqabilində edəcəklər. Biz adi bir ərizə yazıb, aldığımız 20-30 manatın da çekini veririk. Buna görə də vergi ödəyirik. Qanun layihəsinin ən zərərli yönləri bunlardır. Buna görə də cənab prezidentə müraciət edib, xahiş etdik ki, qanun layihəsini imzalamasın. Çünki bu, hüquq adına doğrudan ləkə gətirən qanunvericilikdir. Əgər onlar vəkillərin bu işlərə çıxmasını istəyirlərsə, o zaman Vəkillər Kollegiyasına qəbul qaydalarını sadələşdirməlidirlər. İldə iki dəfə imtahan keçirilməli, qəbul balı aşağı olmalı, suallar çox sadə olmalıdır. Nümayəndələr var ki, vəkillərdən daha yaxşı qazanırlar. Çünki onlar işlərinə vicdanla, ləyaqətlə yanaşırlar. Bu zaman vətəndaş da seçim qarşısında qalır, vəkilinmi yanına getsin, yoxsa işini vicdanla görən nümayəndəninmi? Həbsxanadan çıxıb orada olduğu vaxt bir-iki maddə oxuyub hüquqşünas fəaliyyəti ilə məşğul olanların olduğu reallıqdır. Bizim tələbimiz odur ki, bu qanun layihəsi sırf hüquqşünas olmayan şəxslərin fəaliyyətini məhdudlaşdırsın. Hüquq peşəsinə yiyələnən şəxslərə toxunulmamalıdır. Onlar həm vəkillərin yüklərini daşıyırlar, həm də ailələrinə çörək pulu qazanırlar. Bu qanun layihəsinin təsdiqi ilə 8 min nəfər işsiz qalacaq, hər ailəni də 4 nəfərdən hesablasaq, 32 min nəfər çörəksiz qalacaq. Təsəvvür edin ki, bizim ailədə 8 nəfər var, əgər fəaliyyətim ləğv edilsə, görün hansı hallarla üzləşəcəm, eləcə də digər mənim kimilər”.

Bənzər yazılar

Back to top button