“AGBank”ın sərhəd tanımayan özbaşınalığı hakim tərəfindən niyə müdafiə olunur?

Print Friendly, PDF & Email

Zalov Əlibəy Nizami oğlu 10 noyabr 2006-cı il və 16 mart 2007-ci il tarixlərdə “AGBank” ASC ilə kredit müqaviləsi bağlamış və ona müvafiq olaraq 87000 (səksən yeddi min) AZN və 20000 (iyirmi min) AZN məbləğlərində kredit ayrılmışdır. 12.02.2008-ci il tarixdə Zalov Əlibəy Nizami oğlunun adına yeni kredit götürülmüşdür, lakin bu dəfə kreditin ayrılması Zalov Əlibəyin müraciəti nəticəsində olmamışdır. K-177/af saylı kredit müqaviləsi ilə 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində kredit ayrılmış və həmin məbləğ SKMF/50/af-m və 066/af-m saylı kreditlərin bağlanmasına sərf olunmuşdur.

“AGBank” ASC bu maxinasiyanı davam etdirmiş və 12.06.2009-cu il tarixdə K-011/af/OPEC saylı yeni kredit müqaviləsi bağlayaraq, 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit ayırmış və yenə ayrılmış məbləğlə digər kreditləri bağlamışdır. 16.07.2009-cu il tarixdə K-177/af və K-179/af saylı kredit müqavilələri qeyd olunan yeni kreditin hesabına bağlanmışdır. Bununla da kifayətlənməyən “AGBank” ASC son olaraq 12.04.2012-ci il tarixdə 103.LN.2105.120412.00001 saylı yeni kredit müqaviləsi bağlanmış, 450000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində kredit ayrılmış və yenidən eyni tarixdə əvvəlki – 12.06.2009-cu il tarixli, K-011/af/OPEC saylı kredit bağlanmışdır. Qeyd etmək lazımdır ki, bağlanılan kredit müqavilələri Zalov Əlibəyin iradəsini əks etdirməyib, bağlanan kredit müqaviləsində nəzərdə tutulan məbləğdən ona heç bir ödəniş olmayıb və bu müqavilələr sadəcə əvvəlki müqavilələri bağlamaq məqsədi güdərək yalan xarakter daşıyıb ki, bu da qanuna ziddir.

Bir müddət sonra isə “AGBank” ASC cavabdehlər Zalov Əlibəy Nizami oğlu, Mürsəlov Fərid İlham oğlu və Mürsəlova Pərvanə Balaəli qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Hazırda mülki iş hakim Şövkət Nəcəfovanın icraatındadır. Cavabdeh Zalov Əlibəy Nizami oğlunun nümayəndəsi Allahverdiyev Yusif iddia ərizəsinə dərhal etiraz etmiş, mülki icraatın predmeti olan kredit müqaviləsinin yalan xarakter daşıdığını bildirmiş, iddiasının doğruluğunu məhkəmə qaydasında sübuta yetirmək üçün məhkəməyə gərəkli vəsatətləri təqdim etmişdir.

Lakin 21 aprel tarixli məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən heç bir vəsatət icra olunmamışdır.Məhkəmə baxışı zamanı Abşeron rayon məhkəməsinin hakimi Ş.Nəcəfova birtərəfli mövqedən yanaşaraq “vəsatətlərin niyə icra olunmaması” sualına “biz onların (AGBankın) işinə qarışa bilmərik” cavabı verdi. Sözügedən məhkəmə prosesində Yusif Allahverdiyevin verdiyi vəsatətlər təmin edilməyərək onun “ümumi sözlər danışdığı” və “bu cür cəsarətin onda hardan olması” bildirilmişdir. Məhkəmə baxışı zamanı verilən izahatlar, təqdim edilən kifayət qədər sübutlara baxmayaraq və ən əsası iddiaçı tərəfindən təqdim edilmiş yeganə sübutun kserosürət olan məxaric qəbzi olması halı hakimi qətiyyən narahat etməmişdir. Hakim Şövkət Nəcəfovanın bütün bu hallara göz yumaraq işi yekunlaşdırmaq istəməsi onun obyektiv olması, qərəzsiz məhkəmə aktının qəbul etməsi barədə şübhə doğurur.

Bundan əlavə, 21 aprel 2017-ci il tarixli məhkəmə iclası nümayəndə Yusif Alahverdiyevin hakimə etiraz etməyi ilə təxirə salındıqdan sonra, hakim iddiaçının nümayəndəsini yanına dəvət edərək “hansısa məsələni” müzakirə edirdi ki, onlar arasında nəyin müzakirə olunması qaranlıq olaraq qalır. Hər kəsə məlumdur ki, “Məhkəmə və hakimlər haqqında Qanunun” 99-cu maddəsinə əsasən, hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

Bütün bunlar hakim Ş.Nəcəfovanın bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olduğunu və onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas olduğunu göstərir.

Məhkəməyə təqdim olunan sənədlə buradan tanış ola bilərsiz: http://www.aztoday.az/wp-content/uploads/2017/04/Scan-agbank.pdf

...