Nazirlik: 2300 nəfər müvəqqəti işlə təmin olunub

Print Friendly, PDF & Email

Son günlər bəzi media qurumlarında ölkədə özəl, kommersiya əsaslı əmək birjalarının yaradılmasının işədüzəltmə prosesində əlavə imkanların formalaşmasına səbəb ola biləcəyi barədə fikirlər səslənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin “APA-Economics”ə verdiyi məlumata görə, bu gün dünya praktikasında “əmək birjaları” anlayışına fərqli yanaşmalar mövcuddur: “Belə ki, bir çox ölkələrdə Əmək birjaları işədüzəltmə vasitəçiliyini həyata keçirən, ayrı-ayrı ölkələrdə isə birdəfəlik, qısa müddətli, mövsümü işlərdən ibarət müvəqqəti xarakterli məşğulluğun təmin olunmasına, bununla vətəndaşların boş vaxtları ərzində əlavə qazanc əldə etməsinə köməklik göstərən qurumlardır”.

E.Babayev bildirib ki, hazırda Azərbaycanda da Dövlət Məşğulluq Xidməti orqanlarının tərkibində olmaqla müvəqqəti xarakterli məşğulluğun təmin olunmasında vasitəçilik yolu ilə köməklik göstərilməsi üçün Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində Əmək birjaları fəaliyyət göstərir: “Cari ilin 9 ayında həmin Əmək birjaları tərəfindən 2,3 min nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Əmək birjalarının fəaliyyəti eyni zamanda müvəqqəti xarakterli işlər üzrə sifarişçilər və işçilər arasında müasir formada və ödənişsiz vasitəçiliyi təmin edərək, bu və ya digər məkanda pərakəndə əmək bazarının (hazırda işçi qüvvəsinin sərbəst şəkildə və qeyri-uyğun şəraitdə təklif olunduğu belə yerlərin “Qul bazarı” adlandırılması iş qüvvə və bacarığını təklif edən insanlara qarşı qeyri-etik yanaşmadan başqa bir şey deyil) yaranmasının qarşısını almağa yönəlib. Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərə gəldikdə isə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları ilə paralel olaraq, kommersiya əsasında fəaliyyət göstərən belə qurumlar da vardır.

Nazirlik rəsmisi əlavə edib ki, bununla belə, Dövlət Məşğulluq Xidməti orqanlarının işə düzəltmə vasitəçiliyi, aktiv əmək bazarı tədbirlərinin həyata keçirilməsi və bütövlükdə işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi ilə yanaşı, daha çox diqqət mərkəzində sosial cəhətdən həssas qruplardan olan işsiz və işaxtaran vətəndaşlar (o cümlədən gənclər, tək və çoxuşaqlı qadınlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, hərbi qulluqçular, cəzaçəkmə müəssisələrindən azad olunanlar və s.) saxlanılır. Bu cür kateqoriyadan olan şəxslərin işlə təmin olunması üçün işaxtaran vətəndaşın gözləntiləri və tələbatı nəzərə alınaraq, onların işə düzəlməsi üçün kompleks tədbirlər həyata keçirilir. Həmçinin peşə hazırlığı və peşəönümü işinin səmərəli təşkili, əmək yarmarkalarının, o cümlədən “Karyerada ilk addım” devizi altında gənclər üçün xüsusiləşdirilmiş yarmarkaların keçirilməsi, əmək birjalarının fəaliyyətinin təşkili, gənc əlillər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirlərlə yanaşı sosial tərəfdaşlıq prinsipləri əsasında kompleks yanaşmalar, innovasiya elementlərinin tətbiqi, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi ilə təkmilləşdirilmiş məşğulluq xidmətlərinin göstərilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, işsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Dövlət Məşğulluq Xidmətinin strukturunun optimallaşması və fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə mühüm addım kimi, Dövlət Məşğulluq Xidməti orqanlarının işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb.

E.Babayev bildirib ki, ölkədə ödəniş haqqı müqabilində xidmət təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətlərinin sayının artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu, əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanlarını artırır.

“Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi yalnız onların qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq subyekti kimi qeydiyyata alınması və vergi orqanlarına hesabatlılığın təqdim edilməsi çərçivəsində həyata keçirilir. Bu şirkətlər müstəqil olaraq öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər hansı hesabat forması təqdim etmirlər. Lakin digər tərəfdən, təcrübə göstərir ki, bu cur şirkətlərin fəaliyyətinin, onlarda toplanan işçi qüvvəsinin sayı və keyfiyyəti, bu işçi qüvvəsinin əmək bazarında ölkənin dövlət məşğulluq siyasətinin və sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun düzgün yerləşdirilməsi baxımından dövlət tərəfindən onların fəaliyyətinin tənzimlənməsinə, bu sahədə normativ-hüququ bazanın formalaşdırılmasına zərurət yaranır. Əks halda bu, həm əmək bazarının strukturuna və keyfiyyətinə, həm işçilərin sosial müdafiəsinə mənfi təsir göstərə bilər. Onu da bildirək ki, ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların həyatın hər bir sahəsinə geniş tətbiqi və yeni istehsal üsullarının, nəticə etibarı ilə əmək münasibətlərinin yeni formalarının (distant işçilər, frilanserlər, evdə şəraitində işləyənlər və s.) meydana gəlməsi ölkənin əmək bazarının inkişafına öz təsirini göstərir. Bu bir tərəfdən əmək bazarın inkişafına, ümumi məşğulluğun genişlənməsinə, əhalinin gəlirlərinin artmasına və əmək bazarında gərginliyin azalmasına müsbət təsir edir, digər tərəfdən isə bu gün əmək bazarının müstəqil seqmentinə çevrilən qeyri-formal məşğulluğa və əmək bazarında digər neqativ hallara yol açır. Məsələn, son zamanlar özəl işədüzəltmə şirkətləri tərəfindən geniş vüsət almış autsorsinq xidmətlərinin (“kirayə verilmiş” əmək) təklifi əmək münasibətlərində işəgötürənlərlə işçi ilə yanaşı üçüncü tərəfin də münasibətini nəzərdə tutur və bu halda “kirayə verilmiş” işçilərin sosial-əmək hüquqları müəssisənin daimi işçiləri ilə nisbətdə daha zəif təmin edilir. Bununla əlaqədar olaraq, əmək bazarında yaranan yeni əmək münasibətləri formaları çərçivəsində işçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması, bu sahədə hər hansı sui-istifadə hallarının qarşısının alınması məqsədilə dövlətin dəqiq normativ-hüquqi tənzimlənmə mexanizmləri və instrumentləri mövcud olmalıdır. Bu baxımdan özəl işədüzəltmə şirkətlərinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması, onların akkreditasiya qaydalarının müəyyən olunması, Dövlət Məşğulluq Xidməti orqanları ilə razılaşmalar əsasında məlumat və təcrübə mübadiləsinin, bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi bütövlükdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə öz töhfəsini verəcək”.

...