Elmar Məmmədyarov İsveçi ikili standartda qınadı

Print Friendly, PDF & Email

Oxu.Az-ın əməkdaşı Dubay hava limanının tranzit zonasında İsveçdən Efiopiyaya rəsmi səfər gedən xarici işlər naziri Elmar Məmmədyarovla rastlaşıb. Fürsəti əldən qaçırmayan əməkdaşımız ayaqüstü nazirə bir-iki sual verib. O da sağ olsun uzunməsafəli uçuşdan sonra yorğun olsa da sualımızı cavablandırıb.

Müsahibəni təqdim edirik.

– İsveçdən rəsmi səfərdən gəlirsiniz. Səfər barədə nə deyərdiniz?

– Bildiyiniz kimi, İsveç Avropa İttifaqının və ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Şərq Tərəfdaşlığı ölkələrinin Brüssel zirvə görüşü öncəsi üzv ölkələrlə bu kimi müzakirə və məsləhətləşmələrin aparılması faydalıdır. Bununla bərabər İsveç ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir və Minsk qrupunun bütün üzvləri, eləcə də İsveç beynəlxalq hüququn norma və prinsiplərinin aliliyini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaraq münaqişənin ədalətli həllinə və öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkün və qaçqınların kobud şəkildə pozulmuş hüquqlarının bərpasına, o cümlədən onların öz yurdlarına qayıtmasının təmin olunmasına dəstək və töhfə verməlidir.

Keçən ildə İsveçin naziri Azərbaycanda rəsmi səfərdə idi.

– İsveçin münaqişədə xüsusi bir fəallığı görünmür. İnsan hüquqlarının müdafiəsini özünün xarici siyasətinin təməl prinsiplərindən biri kimi müəyyən edən İsveçin hətta azərbaycanlı məcburi köşkün və qaçqınların hüquqlarının müdafiəsi baxımdan hər hansı fəaliyyəti nəzərə çarpmır. Bu barədə nə deyərdiniz?

– Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarında etnik təmizləməyə məruz qalmış bir milyondan artıq qaçqın və məcburi köşkünün hüquqlarının köklü şəkildə pozulması və onların Ümumdünya insan hüquqları konvensiyada nəzərdə tutulmuş yaşamaq hüququndan məhrum edilməsi məsələsi İsveç tərəfinin diqqətinə bir daha çatdırıldı. Təəssüflə qeyd etməliyəm ki, insan hüquqlarının carçısı kimi özünü təqdim edən İsveçin bu yanaşmasında ikili standartlar vardır. İsveçin bir milyondan artıq insanın hüquqlarının kobud və kütləvi pozulmasına münasibətdə susqunluq nümayiş erdirdiyi halda, yalnız hər hansı fərdi halın müdafiəçisi kimi özünü təqdim etməsi və məsələyə seçimli yanaşması iddia etdiyi insan hüquqlarının müdafiəçisi statusu ilə bir araya sığmır. Hətta fərdi hala gəldiyi halda belə, Avropa İnsan hüquqları Məhkəməsinin Çiraqov və digərləri Ermənistana qarşı işi üzrə işi üzrə qərarını İsveç tərəfinə bir daha xatırlatdım.

Digər bir tərəfdən İsveç qadınların bərabərliyi, hüquqlarının müdafiəsi məsələlərini də xarici siyasətində prioritet məqsəd kimi müəyyən edib. Azərbaycan qadın hüquqlarının müdafiəsi və qadınların cəmiyyətdə rolunun artırılması kimi məsələlərdə nümunəvi dövlətdir. Azərbaycan Demokratik Cümhuriyyətinin təcrübəsində ölkəmizdə qadınlara seçki hüququ 1918-ci ildə, yəni bir çox Avropa ölkələrindən o cümlədən İsveçdən onilliklər öncə verilib.

Hesab edirik ki, İsveç qadın hüquqlarına əhəmiyyət verirsə onda azərbaycanlı qaçqın və məcburi köşkün qadın və qızların hüquqları, bu ilin iyulun 4-də təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşi ilə vəhşicəsinə qətlə yetirilmiş 2 yaşlı Zəhra və onun nənəsinin hüquqları məsələsinə də lazımı diqqət ayırmalıdır.

– Efiopiya səfəriniz barədə nə deyərdiniz.

– Mətbuatı, XİN-nin saytını və sosial şəbəkə profillərini izləyin ətraflı məlumat veriləcəkdir. Efiopiya tərəfi və Afrika İttifaqı rəsmiləri ilə məhsuldar və çoxsaylı görüşlərimiz nəzərdə tutulub.

– Uzun təyyarə uçuşları sizi yormur?

– İşimizdir.

...