“Mövcud status-kvo qəbuledilməzdir” – Amerikalı diplomat

Print Friendly, PDF & Email

“ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrə görüşündən sonra verilən birgə bəyanatı alqışlayır”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamian ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda deyib.

O bildirib ki, bu sammit tərəflərin münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparmağa yenidən hazır olduğuna dair vacib siqnaldır: “Biz şadıq ki, dövlət başçıları təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə razılaşıblar. Tərəfləri bu müsbət impuls üzərində danışıqlar aparmağa və qarşılıqlı ittihamlardan çəkinməyə təşviq edirik”.

H. Kamian qeyd edib ki, ABŞ tərəfləri 2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilmiş zirvə görüşlərində razılaşdırılmış tədbirləri həyata keçirməyə çağırır. ABŞ həmçinin tərəfləri ATƏT-in insidentlərin araşdırılması mexanizminin yaradılması təklifi üzərində işləməyə dəvət edir.

Diplomat əlavə edib ki, ABŞ ermənilər və azərbaycanlılar arasında dialoqun genişləndirilməsini və etimad tədbirlərinin həyata keçirilməsini dəstəkləyir: “Dialoqa qatılanlar geri qayıdanda ölkələrində təzyiqlə üzləşmək qorxusu olmadan addımlar atmalıdır”.

H. Kamian sonda əlavə edib ki, ABŞ bu münaqişənin çox uzanması barədə tərəflərin məyusluğunu bölüşür və inanır ki, status-kvo qəbuledilməzdir: “Eyni zamanda, hamımız bu fikirdəyik ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və bərabər hüquqların təmin olunması prinsipləri nəzərə alınaraq sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırdır”.

...