Aprel şəhidinin atası etiraz etdi

Print Friendly, PDF & Email

Mən, Lənkəran rayonunun Hirkan qəsəbə sakini, Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi uğrunda döyüşdə mərdliklə vuruşaraq şəhid olmuş Ağayev Rusifin atası Ağayev İbrahim saytınızın 24 aprel tarixli sayında guya Lənkəranda şəhid ailələrinə diqqətin olmaması ilə bağlı mənim adımdan yayılmış yalan məlumata ciddi etirazımı bildirirəm və şəhid atası olduğumu bilə-bilə mənim heysiyyatıma toxunan, hansısa qüvvələrin sifarişi ilə mənim adımdan böhtan və əsassız informasiya yayan əməkdaşın dərhal cəzalandırılmasını tələb edirəm.

Şəxsən bir şəhid atası kimi bildirmək istəyirəm ki, Lənkəranda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Şəhər İcra hakimiyyətində və rayonun digər idarə və təşkilatlarında növbədən kənar qəbul olunuruq, problemlərimiz həll edilir. Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, şəhid oğlum dəfn olunarkən mərasimdə elim-obamla birlikdə İcra başçısı başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri də yanımda olub mənə həyan durublar, mənə təskinlik veriblər. Bundan başqa yas mərasimi davam edən üç gün müddətində, 40 və il mərasimlərində İcra başçısı rəhbər işçilərlə birlikdə məclisdə iştirak edib.

Bundan başqa oğlumun dəfn, qırx və il mərasimlərinin keçirilməsi və məzar daşının hazırlanması üçün İcra başçısı tərəfindən lazımı qədər vəsait verilmişdir.

Bundan əlavə Heydər Əliyev Fondu, Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsi, dövlət sığorta şirkəti, oğlumun xidmət etdiyi hərbi hissə tərəfindən maddi köməklik göstərilmişdir. Eyni zamanda şəhid oğlumun adına olan ipoteka kreditinin Standart bank, istehlak kreditinin isə Beynəlxalq bank tərəfindən tam ödənilməsi təmin olunmuşdur. Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə aprel döyüşlərinin ildönümünə həsr olunmuş, mənim və ailə üzvlərimin də iştirak etdiyi tədbirdə nümayiş etdirilmiş filmdə başqa şəhidlərlə yanaşı oğlumun da həyatı, təhsili və hərbi xidməti ilə bağlı görüntülərin verilməsi mənə yenə təskinlik oldu və oğlumun Vətən yolunda göstərdiyi xidmətdən bir daha şərəf duydum. Məgər bunlar şəhid ailəsinə göstərilən qayğı deyilmi? Özünüz mətbuat orqanı ola-ola bu barədə dəfələrlə verilmiş məlumatlara nə üçün əhəmiyyət vermirsiniz? Niyə onları nəzərə almırsınız? Siz kimə xidmət edirsiniz? Sizdən tələb edirəm, mənim adımdan verdiyiniz saxta informasiyaya görə dərhal təkzib verib məndən üzr istəyin. Əks təqdirdə məhkəməyə müraciət edəcəyəm.

Şəhid atası Ağayev İbrahim

...