AnalitikaBizim seçimManşetSiyasət

UKRAYNA VƏ AZƏRBAYCAN RUSİYA SÜLHMƏRAMLILARINI İSTƏMİR (TƏHLİL)

Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhəddə yerləşdirilməsini istəyir. Rusiya isə tam əskinə həmin sülhməramlıların sərhəddə deyil Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xəttə yerləşdirilməsinə çalışır.
Bu iki yanaşma arasında ciddi fərq var. Ukrayna beynəxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir.
Birinci səbəb. Sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasına mane olmalıdırlar.

İkinci səbəb. Sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri qanuni hərbi yardımına mane olmalıdır.
Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini ona görə istəyir ki, münaqişəni uzun müddətə dondura bilsin.

Ukraynanın beynəlxalq sülhməramlıların Ukrayna ərazisində yerləşdirilməsiylə bağlı əsas şərti budur: Sülhməramlıların tərkibində Rusiya hərbçiləri olmamalıdır!

Haqlı istəkdir. Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir.

Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar. Ancaq Ukrayna kimi Azərbaycan da bölgədə yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir. Bunun 4 vacib səbəbi var.

Birinci səbəb. SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu yaxın tarixdir.
İkinci səbəb. Rusiya Ermənistanın hərbi müttəfiqidir.

Üçüncü səbəb. Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr bu bölgədən bir daha çıxmamamağa çalışacaqlar.

Dördüncü səbəb. “Atlas” Araşdırmalar Mərkəzinin keçirdiyi kiçik sorğu da Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinə olduğunu göstərir. Sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u Rusiya sülhməramlılarının əleyhinə olduğunu bildirib, 1 nəfər isə “lehinə” deyil, sadəcə mövzu barədə kifayət qədər məlumatlı olmadığını ifadə edib.
Bu səbəbdən həm Donbasda, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər. Hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button