Hadisə

“Deyirdi ki, müəllimin işçisiyəm” – Təqsirləndirilən şəxs özünü Prezident Administrasiyasının işçisi kimi təqdim edib

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib. Onlardan biri özünü vəkil kimi, digəri isə vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Məhkəmədə zərərçəkmiş Qərib Məmmədov ifadə verib. O, təqsirləndirilən şəxslərin dələduzluq əməllərinin qurbanı olduğunu bildirib. Deyib ki, Etibar Hüseynovu vəkil kimi tanıyıb: “Etibar etibarımdan sui-istifadə edib məni aldatdı. Oğlum həbsdədir. Ümumi 22 min vermişəm. 20 min Gəncədə verdim. 2 min də öz evimdə. Pulu verəndən sonra işi həll eləmədi. Heç birimizin də telefonunu açmırdı. Etibar Hüseynov məni aldadarkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədrinin adından istifadə edib. Deyirdi ki, məhkəmənin sədri ilə danışıb. Mən də sədrin köməkçisi ilə əlaqə saxlayıb, xəbər tutdum. Belə bir halın olmadığını dedi”.

Hər iki təqsirləndirilən şəxslə bir neçə dəfə görüşdüyünü deyən Qərib Məmmədov pulunu Çingiz İsmayılov vasitəsi ilə aldığını bildirib: “Çingizə zəng edirdim. Etibar artıq telefonu açmırdı. Mən də Çingizlə danışdım. O, telefonu açırdı, Etibarı tapmağa kömək edirdi. Elə pulu da mənə Çingiz qaytardı. Onun vasitəsi ilə ala bildim. 457 dəfə zəng eləmişəm”.

Zərərçəkmiş şəxs deyib ki, 20 min manatı Etibar Hüseynova verərkən şübhələri olduğu üçün danışıqları telefona yazıb: “Pulu verəndə danışıqları telefona yazmışam. Çox pul idi. Ehtiyat da edirdim. Həmin səs yazılarını istintaqa təqdim etmişəm”.

Qərib Məmmədov qeyd edib ki, Çingiz İsmayılov ona 16 min verdikdən sonra pulunun qalan hissəsini də alıb. Tam olaraq pulunun ödənildiyini deyən Q.Məmmədov şikayət və tələbinin olmadığını söyləyib.

Suallara cavab verən Q.Məmmədov E.Hüseynovu vəkil kimi tandığını deyərkən Çingiz İsmayılovun da özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etdiyini qeyd edib: “Deyirdi ki, müəllimin işçisidir. Amma hansı müəllimi nəzərdə tuturdu bilmirəm”.

Təqsirləndirilən Çingiz İsmayılov isə özünü prezident Administrasiyasının əməkdaşı kimi təqdim etməsi ittihamını qəbul etməyib.

İş üzrə zərərçəkmişlərdən biri də Zəhra Məmmədovadır. O, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyir.

Z.Məmmədova Etibar Hüseynovu qardaşı oğlunun tanışı vasitəsi ilə tanıdığını deyib: “Qardaşımın oğlu İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü idi. Biz də Etibarı Orxan vasitəsi ilə tanımışıq. Bir neçə dəfə bizə gəlib. Nəvəsinin canına and içirdi. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı”.

Qeyd edək ki, ittihama görə, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib. Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Əziz Hüseynovdan 3640 manat alıb.

E.Hüseynov bundan başqa təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər. Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat alıblar. E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək Vəli Məmmədovu aldadıb.

İttihamda yazılır ki, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib. O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Zəhra Məmmədovadan 18 600 manat alıb.

E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan Ağatahir Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, məhkəmədə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini deyiblər.

Bənzər yazılar

Back to top button