Gündəm

”Turan”da yoxlama və sanksiyalar haqda Vergilər Nazirliyinin qərarı ləğv edildi

Vergi borcu sıfırlansa da, rəsmi təsdiq məktubu verilməyib

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyi barəsində vergidən yayınma haqda qərarını ləğv edib.

Bundan başqa nazirlik avqustun 16-da keçirilən 2010-2017-ci illər üçün səyyar vergi yoxlamasının etibarsız tanınması və qanunsuz təyinatı barədə agentliyin şikayətini təmin edib.

Məlumatı “Turan” agentliyi özü yayıb. Bildirilir ki, yoxlama ilə bağlı qərarın ləğv edilməsi haqqında nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Bununla belə agentlik qeyd edib ki, vergidən yayınma kimi göstərilən 38 min manat sıfırlansa da, bununla bağlı rəsmi təqdiq məktubu hələlik verilməyib.

Yeni yaranmış vəziyyətlə əlaqədar Turan agentliyi noyabrın 10-da təsərrüfat-maliyyə fəaliyyətini bərpa etməsi barədə Vergilər Nazirliyini məlumatlandırıb.

Lokal Gəlirlər Departamenti avqustun 7-də Turan agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb və cinayət işi çərçivəsində avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Sentyabrın 1-dən agentlik təsərrüfat-maliyyə fəaliyyətini rəsmi olaraq dayandırıb.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq tərəfindən təsdiqlənib.

Bənzər yazılar

Back to top button