Jurnalistlər üçün tikilən binalarda böyük korrupsiya? – Vüqar Səfərli sorğumuzu belə cavablandırdı

Print Friendly, PDF & Email

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən jurnalistlər üçün inşa olunan 2 binanın tikintisi prosesində korrupsiyaya yol verilməsi ilə bağlı ciddi ittihamlar var. Cəmiyyət arasında israrla dolaşan söz-söhbətlərdə həmin binaların tikintisində iştirak edən şirkətlərin Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yaxınlarına məxsus olduğu bildirilir. Əlbəttə biz bu məlumatlara inanmaq istəmirik və heç bu barədə araşdırma aparmağı da lazım bilmirdik. Amma…

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AzToday.az saytı ilə bağlı Mətbuat Şurasına ünvanladığı səhvlərlə dolu şikayət məktubunda özündən xoflanaraq bildirmişdi ki, dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə müvafiq qurumlar tərəfindən ciddi nəzarət olunur. Elə bununla da Vüqar Səfərli maraqlı bir mövzu vermiş oldu. Axı hansı dövlət qurumu nəzarət edir və indiyədək bu nəzarətin məhsulu olan hansı hesabat açıqlanıb?

Qeyd edək ki, sözügedən binalara ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı maliyyə hesabatlarına, xüsusilə də “Dövlət satınalmaları haqqında” AR Qanununa əsasən tenderlərin keçirilməsi ilə bağlı elanlara rast gəlməmişik.

Jurnalistlər üçün tikilib istifadəyə verilmiş 2 binanın inşası prosesində korrupsiyaya yol verilib-verilmədiyini araşdırmaq üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna sorğu yolladıq. Vüqar Səfərlidən xahiş etdik ki, şəffaflıq tələblərinə uyğun olaraq aşağıdakı suallarımızı cavablandırsın:

1. İnşa edilmiş iki bina və hazırda inşa edilməkdə olan bina üzrə mal və xidmətlərin alınması üçün “Dövlət Satınalmaları haqqında” AR Qanununa uyğun qaydada tenderlər keçirilibmi? Əgər keçirilibsə, tender barədə elanlar hansı tarixlərdə və hansı dövlət qəzetlərində dərc edilib?

2. Mal və xidmətlərin alınması üçün hansı şirkətlər tərəfdaş olaraq cəlb edilib? Xahiş edirik, inşaat prosesində əməkdaşlıq etdiyiniz bütün şirkətlərin siyahısını təqdim edəsiniz.

Amma Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun aparıcı məsləhətçisi Samir Müstafayevin adından elektron poçtumuza daxil olan məktubda sorğumuzun güya “İnformasiya əldə etmək haqqında” AR Qanununa uyğun gəlmədiyi, qanunun 13, 14, 15, 16 və 17-ci maddələri əsas götürülərək cavab verilməsi məqsədəuyğun hesab edilmədiyi bildirilib. Cavab müəlliflərinin savadsızlığı bizi bu dəfə də heyrətləndirdi.

Fikir verin, biz sorğunu elektron poçtla göndərmişik, KİVDF-in cavabı da təsdiqləyir ki, sorğu ünvanına çatıb. İndi isə Vüqar Səfərlinin pozulmuş hesab etdiyi maddələrdən birincisinə baxın:

Maddə 13. İnformasiya sorğusunun təqdim edilmə üsulu

13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir:
13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;
13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.
Oxudunuzmu? “Elektron poçtla” ifadəsini də gördünüzmü? Yəni qanun bizə elektron poçtla müraciət hüququ verib və biz də elə etmişik. Bu maddəni necə pozmuşuq, kaş biləydik. Sonra da bizə irad tuturlar ki, Vüqar Səfərlini niyə “savadsız” adlandırırsınız…
Guya pozmuş olduğumuz növbəti maddə:

Maddə 14. İnformasiya əldə etmənin formaları
14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər:
Baxın, biz maddəni yarımçıq kəsdik. Bura qədəri kifayətdir. Yəni biz sadalanan formalardan hər hansı birini seçmək hüququna sahibik. Görürsünüzmü, Vüqar Səfərli hüquq və vəzifə arasındakı fərqi də başa düşmür. Bu hüquqdan istifadə edib-etməmək bizim öz işimizdir. Həm də bu maddəni V.Səfərli nahaq yerə xatırladıb, çünki bu maddənin bəndləri hətta büdcə vəsaitlərinin xərclənməsinə dair mühasibat sənədlərinə də fiziki formada baxmağımıza icazə verir. Gəlib sənədlərə baxaqmı, Vüqar müəllim?

15-ci maddə sorğunun tərtibatını, sorğuda göstərilməli olan məlumatları nəzərdə tutur ki, biz də fiziki şəxs üçün tələb olunan bütün məlumatları daxil etmişik.

Növbəti maddə:
Maddə 16. İnformasiya sorğusunun icra olunma üsulları
16.1. İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir:
16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;
Dayanın! Bu maddənin ardı da var, amma ehtiyac varmı ardına? Bura qədəri yetmədimi? Sorğuda elektron poçt ünvanı göstərmişik və o poçt ünvanına artıq Vüqar Səfərli “boyunqaçırma” məktubu da göndərib. Axı bu maddənin harasını pozmuşuq?

Nəhayət, guya bizim sorğunun pozduğu sonuncu maddə:

Maddə 17. İnformasiya sahibinin sorğuçuya kömək göstərmək vəzifəsi

İndi nə qədər istəyirsiniz, gülün! Təsəvvür edirsinizmi, bu maddəyə əsasən əgər biz Vüqar Səfərlidən kömək tələb etsək, o sorğunun hazırlanmasında belə bizə kömək etməlidir. Amma biz bunu istəsək!.. Axı bu maddə bizim yox, Vüqar Səfərlinin üzərinə vəzifə qoyur. Bizə isə hüquq verir. İstəsək, o hüquqdan istifadə edərik, istəməsək, dincə qoyarıq…

Bu yerdə adamı heyrətə salan bir məqam da var: Bu qədər savadsız adamı tapıb bir araya gətirmək də asan məsələ deyil. İnanmırsınız, çıxın axtarın, görün, KİVDF kimi savadsız bir heyət qura biləcəksinizmi? Nə qədər çalışsanız da, bir də görəcəksiniz ki, topladığınız heyətin arasında oxuduğunu başa düşən birisi var.

Beləliklə, ya cənab Səfərlinin açıq mətnlə yazılmış qanunu başa düşməkdə problemi var, ya da Əli Həsənova məxsus, daha doğrusu, iki bina və hazırda inşa edilməkdə olan bina üzrə mal və xidmətlərin alınmasına cəlb olunan şirkətlərin adını açıqlamaqdan çəkinir…
Qanunvericiliyə əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan sorğumuza cavab verilməsini tələb edirik. Əks təqdirdə Vüqar Səfərlinin AzToday.az saytı ilə bağlı şikayət etdiyi Mətbuat Şurasına müraciət edib, onun məsələsinin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirə edilməsini tələb edəcəyik. Əgər Əflatun Amaşovun cəsarəti catacaqsa…

Rüfət Manafov

AzToday.az

...