Mədəniyyət

Xudayar bəy kimin babasıdır?

Kimlərsə İbrahimov qardaşlarına (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim İbrahimov və ATV telekanalının keçmiş rəhbəri Sahib İbrahimov ) sataşmaq üçün sosial şəbəkədə, saytlarda tez-tez yazır ki, görkəmli yazıçı, böyük satirik Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindəki mənfi qəhrəman Xudayar bəy ibrahimovların doğma babasıdır.

Qardaşlardan biri hörmətli Hacı İbrahim Nehrəmli məsələ ilə bağlı mətbuata açıqlama verərək cidd-cəhdlə sübut etməyə çalışır, AND-AMAN edir ki, onun babası ilə bağlı deyilənlər növbəti ağ yalandır: “Mənim babamın adı Novruzəli idi, onun da atasının adı Kazım olub”.

Belə olan halda ortaya suallar çıxır. Görəsən, Mirzə Cəlilin yaratdığı Xudayar bəy həqiqətdə kim(lər)in babası olub?
Niyə heç kim Xudayar bəyə sahib çıxmaq istəmir? Və niyə hamı ondan cüzamlı xəstədən qaçan kimi qaçır?

Əslində, Xudayar bəy konkret şəxs deyildi. Mirzə Cəlil bu ad altında nadanlığın, CƏHALƏT-in ümumiləşdirilmiş obrazını yaratmışdı. Ona görə də bu gün Xudayar bəyin konkret qohumlarını, törəmələrini, nəvə-nəticələrini axtarmaq gülünc söhbətdir.

Söhbət CƏHALƏT-dən düşmüşkən, bu mövzu ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Tanınmış alimlərimiz, yazarlarımız, o cümlədən yazıçı Əkrəm Əylisli öz müsahibələrində dönə-dönə qeyd edir ki, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin dövründə cəhalət indiki ilə müqayisədə çox-çox güclü idi.

Məncə, bu fikri söyləyənlər zahiri parıltıya, kompüter əsri-filan söhbətinə söykənərək səhv nətəicəyə gəliblər. Əslində bu zahiri parıltının arxasında Axundov, Mirzə Cəlil dövründəkindən daha dəhşətli və güclü cəhalət at oynadır.

Ozamankı, yəni Xudayar bəyin təmsil etdiyi cəhalət pərakəndə və çox zəif idi, bugükü cəhalətdən fərqli olaraq mediası, telekanalı, bankı, topu-topxanası və digər resursları yox idi. Bugünkü cəhalətin nəyi yoxdur?

Əslində ozamankı və bugünkü cəhalət müqayisə olunmazdır. Hətta dahi Mirzə Cəlil yatsaydı bugünkü cəhaləti yuxusunda da görə bilməzdi.

Ən dəhşətlisi isə bilirsiniz nədir?

Ozamankı zəif cəhalətin qarşısında Axundov, Mirzə Cəlil kimi nəhənglər dayanırdı. Bugünkü qat-qat güclü və amansız cəhalətin qarşısına çıxmağa isə cəsarət edən yoxdur. Ən böyük problem budur.

Digər tərəfdən binəva Xudayarın nəyi var idi?
Onun günahı, suçu, cinayəti nə idi?
Xudayar bəyin ən böyük günahı Məməmmədhəsən kişinin eşşəyinin dalına keçməyi idi.
Bu günkü xudayarlar nələrin dalına keçməyiblər?

Hansı daha dəhşətlidir: bir eşşəyin dalına keçmək, yoxsa..?
Yazıq Xudayarın bir günahı da dul arvad olan Zeynəbi xoşluqla, Allahın izni, mollanın xeyir-duası ilə özünə halal-hümbət arvad etmək istəyi idi.

Bəs bugünkü xudayarlar zeynəblərin başına hansı zülmləri açmır?
Təkcə bir misalla kifayətlənəcəm.

Son günlər bütün ölkə şahiddir ki, Gəncə boyda şəhərin rəhbərlərindən biri olan 58 yaşlı Məharət Mustafayev səlahiyyətlərindən sui istifadə edərək 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünə məşuq etmək üçün onu ölüm həddinə çatdırır.
İndi özünüz deyin: Xudayar dəhşətli idi, yoxsa Gəncənin meri ?
Yazıq Xudayarın bir günahı da bugünkü dillə desək, “legitim kəndxuda” olmaması idi.
Ozamankı cəhalətlə bügünkünü müqayisə etmək üçün gəlin Mirzə Cəliin özünə istinad edək.

Mirzə Cəlil yazırdı ki, Xudayar bəy özgә kəndxudalar kimi katda olmayıbdı: “Axır, adәt bu сürdü ki, kəndxudanı CAMAAT SEÇƏR. Amma Xudayar bәyi camaat seçməmişdi”.

Yəni Xudayarın günahı o idi ki, balaca bir kəndin camaatı onu demokratik yolla kəndxuda seçməmişdi.
Bəs XXI əsrdə vəziyyət necədir?
Cəhalət parlamentə qədər gedib çıxıb.

Bugünkü cəhalətin parlament təmsilçisi olan, xalqın “sevib-seçdiyi” professor-ziyalı-deputat Astan Şahverdiyev millətə “otxod” deyir ?

Hansı daha qorxulu və iyrəncdir: legitim olmayan Xudayar, yoxsa demokratik yolla seçilmiş alim deputat Astan Şahverdiyev?
Mən müəyyən nüansları nəzərə alaraq çox dərinliklərə getmək istəmirəm. Məgər Xudayar bəy general Çovdarovdan dəhşətli idi?
Hətta bu gün dünyada Tramp, Berluskoni, ərəb şeyxləri kimi elə transmilli xudayarlar var ki, bizimkilər onların yanında toya getməlidir.

Ona görə də gəlin Xudayardan xortdan düzəltməyək, ondan imtina etməyək. Və nəzərə alaq ki, əslində Xudayar hamımızın babasıdır. Onun adı Kazım da, Novruzəli də, Ziya da, Kamal da, Eldar da ola bilər.

Kamran Məhərrəmli

Mənbə: arqument.az

Bənzər yazılar

Back to top button