İcra başçısının oğlu Yunis Hüseynovu baş məşqçi təyin etdi

Print Friendly, PDF & Email

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. “Qaynarinfo” xəbər verir ki, klubun Müşahidə Şurasının qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub.

MŞ-nın sədri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.

Yunis Hüseynov təyinatı ilə bağlı fikirlərini klubun saytına verib: “Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam. Gəncə və “Kəpəz” mənim üçün çox doğmadır. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridir, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədirlər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətin bir şeydir, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdır. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadırlar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdür. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.

Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb.

Oyunçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb. Daha sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib.

Yunis Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, “Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb. “Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynov ilə Avropa yarışında mərhələ keçib.

Qeyd edək ki, Yunis Hüseynov komanda üzvlərinə sabah təqdim olunacaq.

...