Maşın bazarını çökdürəcək qərar

Print Friendly, PDF & Email

Ölkəyə gətirilən avtomobillərin gömrük rüsumu yüksəkdir. Digər ölkələrdə də bu kimi təcrübələr var. Məsələn, Türkiyə və İran da avtomobil idxalına yüksək vergi tətbiq edir. Ancaq bunun səbəbi adıçəkilən ölkələrdə yerli istehsalın olmasıdır. Türkiyə və İran yerli istehsalı stimullaşdırmaq üçün idxal edilən avtomobillərə gömrük rüsumunu artırıb. Ancaq Azərbaycanda yerli istehsal yoxdur. Gömrük rüsumları isə çox yüksəkdir. Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə Gürcüstan təcrübəsindən istifadə etməlidir. Gürcüstanda gömrük rüsumları çox aşağı olduğu üçün avtomobil bazarında inkişaf dinamik şəkildə gedir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşlarının da əksəriyyəti məhz Gürcüstandan avtomobil gətirirlər.

Yayılan məlumatlara görə, 16 minlik maşınını Azərbaycana gətirmək üçün 81 min manat rəsmi rüsum tələb olunur. Göründüyü kimi, tətbiq olunan rüsum avtomobilin qiymətindən 5 dəfə yüksəkdir. Digər tərəfdən, 2018-ci ildən ikinci əl avtomobillərin də ölkəyə gətirilməsinə tətbiq olunan gömrük rüsumlarının artırılacağı gözlənilir. Ekspertlər isə deyir ki, gömrük rüsumlarının həddindən artıq baha olması bu sektorun çökməsinə səbəb olacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, rüsumların artırılması avtomobil bazarının “qocalmasına” səbəb olacaq: “Əgər gömrükdəki qiymət artımı ilə paralel olaraq təşviq kampaniyaları da aparılsaydı, bunun məntiqini başa düşmək olardı. Məsələn, desəydilər ki, “elektriklə işləyən avtomobillərin gətirilməsi üçün gömrük rüsumu ləğv edilir” bunu qəbul etmək olardı. Bir çox ölkələrdə elektriklə işləyən avtomobillərə artıq dövlət tərəfindən 20-25 faiz güzəşt tətbiq olunur. Şimali Avropa ölkələrində belə bir yanaşma var və hətta gələn ildən Yaponiyada bu istiqamətdə ciddi təşviqat işlərinin görülməsi nəzərdə tutulur. Azərbaycanda isə nə yerli istehsal var ki, gömrük rüsumunu qaldırıb, yerli istehsalı qoruyasan?..

Deməli, gömrük rüsumlarının artırılması ilə avtomobil idxalından dövlət büdcəsinə daha çox vəsaitin transfert olunması hədəflənir. Bu da doğru yanaşma deyil. Çünki gömrük rüsumları artdıqca ölkənin avtomobil bazarında “qocalma” baş verəcək. Bu da əslində həm ekologiya, həm də təhlükəsizlik baxımından ölkəyə ziyan vuracaq yanaşmadır. Çünki normal gömrük rüsumu tətbiq olunsa, imkanı olan şəxslər daha müasir, ekologiyaya daha az ziyan vuran, idarəetməsi daha modern olan texnologiyalara keçid etməyə can atar. Köhnə modellərdən birdəfəlik imtina edər. Ancaq bu kimi problemlərin nəticəsidir ki, hələ də ölkədə sovet istehsalı olan avtomobillər var. Yeri gəlmişkən post-seovet ölkələrində, hətta Rusiyanın özündə sovet istehsalı olan avtomobillərin istifadəsini məhdudlaşdıran proqramlar qəbul olundu.

Köhnə, ekoloji cəhətdən problemli, təhlükəli idarəetməsi olan avtomobilləri dövlət alırdı, ciddi güzəştlərlə yeni avtomobillərin alınması üçün şərait yaradırdı. Azərbaycanda bu da olmadı. Ona görə də gömrük rüsumlarının belə sürətlə artması sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda köhnə, ekoloji cəhətdən zərərli, təhlükəsizlik nöqteyi nəzərindən daha aşağı səviyyəli avtomobilləri yollarda daha çox görəcəyik. Bu da sonun etibarı ilə həm ekologiyaya zərər verəcək, həm də qəzaların və ölüm hallarının çoxalmasına səbəb olacaq. Azərbaycanda hələ də 10 minlərlə avtomobil var ki, təhlükəsizlik yastığı yoxdur. Ancaq artıq bir çox ölkələrdə təhlükəsizlik yastığı olmayan avtomobillərin istifadəsinə qadağa qoyulub”.

Gömrük rüsumlarının azaldılmasının mümkün olub-olmamasına da gəlincə Natiq Cəfərli hesab edir ki, hökumət üçün bu daha doğru yanaşma olardı:

“Azərbaycanda hər şey ola bilər. Ancaq bu məsələdə həmin avtomobilləri ölkəyə kimin gətirdiyi önəmli deyil. Nəticədə həmin məbləğləri vətəndaş ödəyir. Yəni, qiymət artımından vətəndaş zərər çəkir. Təkcə yeni avtomobillər deyil, yanvar ayından etibarən köhnə avtomobillərin də gömrük rüsumunun artacağı gözlənilir. Bu işlə məşğul olan minlərlə insan var ölkədə. Almaniyadan, Gürcüstandan və digər ölkələrdən avtomobil gətirib satıb ailəsini dolandırırdı. Gömrük rüsumları artırılacaqsa, həmin insanların biznesi tamamilə çökəcək. Çünki onsuz da ölkədə alıcılıq qabiliyyəti çox aşağıdır. Rüsumlar artdıqca qiymətlər bahalaşacaq və bu həmin insanların gəlirlərinə mənfi təsir göstərəcək.

Bu da ciddi məsələdir. Bu həm işsizliyin artmasına və həmin sahədə çalışan insanların gəlirlərinin azalmasına səbəb olacaq. Ola bilər ki, mətbuatda, sosial şəbəkə belə bir müzakirə ortamı yaratmaqla sonradan rüsumların aşağı salınması ilə bağlı qərarın qəbul olunması ehtimalı var. Amma həm Gömrük Komitəsinin, həm də hökumətin mövqeyi ondan ibarətdir ki, ölkəyə gətirilən avtomobillərin rüsumunu artırmaqla büdcəyə daha çox vəsait cəlb olunsun. Bu isə çox səhv düşüncədir. Sadə misalla desək, 1 avtomobil üçün gömrük rüsumu 100 manat tətbiq olunsa, ölkəyə 100, rüsum 2 dəfə artırılsa 10 avtomobil daxil olacaq. Bu isə o deməkdir ki, gömrük rüsumu az olarsa, büdcəyə daha çox vəsait daxil olacaq”.

...