Pozğun qadının oğlu da bunu özünə sığışdırmamışdı… İndi bu hərəkət Azərbaycanda alqışlanır!

Print Friendly, PDF & Email

Azərbaycanda hüquq adına böyük rəzalət yaşanmaqdadır. Təəssüf ki, bu rəzalətdə birbaşa iştirak edənlər elə hüquqşunasların özləridir.

Belə ki, Elçin Qəmbərovun yazdığı “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitab vəkillik adına çox böyük biabırçılıq sayıla bilər.

Leyla Yunusun kim olmasından və hansı əqidəyə xidmət etməsindən asılı olmayaraq, onun vəkilinin əli ilə ifşa olunması hüquqi rəzalətdən başqa bir şey deyil. Bu, birbaşa dövlətin hüquqi əsaslarını sarsıdır. Bundan əvvəl də vəkillərin hüquqlarını qoruduğu şəxsin deyil, istintaq orqanlarının mənafeyinə uyğun addımlar atması ilə bağlı xeyli misallar var. Amma bu dəfə məsələyə geniş ictimai diqqəti yönəltmək və bunu təqdir olunacaq addım saymaq düşünə bilən hər bir Azərbaycan vətəndaşını yumşaq desək, şoka saldı. Vəkil hüquqlarını qoruduğu şəxsin sirlərini də qorumağa mükəlləf adamdır. Heç bir halda onun sirlərini yaya bilməz. Bu, hüququn əlifbasıdır.

Belə bir biabırçılığa hec Məhəmməd Peyğəmbərin sevimli nəvəsi İmam Hüseynin qatili olan Kufə əmiri Mərcanənin oğlu İbn Ziyad da yol verməyib. 680-cı ildə baş vermiş Kərbala faciəsindən az-çox məlumatı olanlar yaxşı bilir ki, İmam Hüseynin Kufəyə göndərdiyi Müslim İbn Əql əsir düşüb, öldürüləcəyini biləndən sonra qohumu İbn Səddə vəsiyyət edir. İbn Sədd tarixdə pozğun qadının oğlu kimi tanınan İbn Ziyada Müslimin vəsiyyətini danışmaq istəyir. Amma İbn Ziyad buna icazə vermir…

Amma Elçin Qəmbərovun etdiklərini millət vəkilləri, hüquq müdafiəçiləri, ən başlıcası isə Vəkillər Kolleqiyasının yeni seçilmiş sədri Anar Bağırov alqışlayır. Sözügedən kitabın təqdimatında edilən çıxışları diqqətlə oxuyanda məlum olur ki, bu ölkədə Elçin Qəmbərov kimi olmaq istəyən və bundan artığını etmək istəyənlər az deyil…

APA agentliyinin kitabın təqdimatı ilə bağlı hazırladığı xəbərdə Vəkillər Kolleqiyasına yenicə sədr seçilmiş Anar Bağırovun etdiyi çıxış sadəcə, adamı dəhşətə gətirir. Buyurun, siz də oxuyun:

Vəkillər Kollegiyasının sədri Anar Bağırov L.Yunusun ifşa olunmasına görə E.Qəmbərova təşəkkürünü çatdırdığını söyləyib: “Vəkillər etik davranış qaydalarına riayət etməlidirlər. Elçin Qəmbərovun kitabında vəkilliklə bağlı heç bir etik qayda pozuntusu yoxdur. Müəllif kitabında Leyla Yunusun müxtəlif yollarla alınan belə pullarla xaricdə hansı daşınmaz əmlakları olduğu, pulların hansı hesablara köçürüldüyü əksini tapır. Elçin Qəmbərovun yazdığı kitabda hər hansı vəkil sirri yayılmır, vəkil üçün vətəndaşlıq, Vətənə xidmət əsasdır. Bu kitabda vəkillik fəaliyyətinin pozulması halı yoxdur”.

İndisə buyurun Elçin Qəmbərovun hüquqlarını qoruduğu adam haqqında yazdıqlarını oxyun:

Virtualaz.org saytının yaydığı məlumatdan bəzi hissələri təqdim edirik:

Vəkil yazır: “Leyla Yunus düşündü və dedi: “Məni satdılar. Qərb uzağı ona nail oldu ki, təxribatçı Nuriyəni mənim kameramdan uzaqlaşdırdılar. Hakimiyyət Qərb KİV-lərinin yazdıqlarına, AŞPA və Avropa İttifaqının qətnamələrinə heç tüpürmək də istəmir. Mənə seçim yeri qoymadılar, ümid edirdim ki, Olland bizim azadlığa buraxılmağımıza nail olacaq. Lakin Avropa İttifaqının energetika maraqları bizim taleyimizdən üstün oldu. Mənə kömək elə Zakir Qaralovla görüşüm, yaxud Elmar Məmmədyarovla. Onların nəzərinə çatdırmaq lazımdır ki, mən hakimiyyətin əvəzsiz müttəfiqi ola bilərəm. Mən Qərbə və onun institutlarına tüpürürəm. Əgər hakimiyyət mənə maraq göstərsə, həbsxanadan sonra elə edərəm ki, onların müftəxorlara ehtiyacı olmaz. Mənim praktiki olaraq Avropanın hər yerində, ABŞ-da hökumət səviyyəsində güclü əlaqələrim var. Mən xaricdə hakimiyyətin xeyrinə təbliğat apara bilərəm. Əməkdaşlığa hazıram, əgər rəhbərliyə çıxa bilsən yalvarıram, onlara de ki, elə adam göndərsinlər məni başa düşsün. Və üstəlik, tam məxfiliyə əməl olunmalıdır”.

Kitabdan sitat: “Leyla Yunus mənə yalvarırdı ki, Baş Prokurorluğun rəhbərliyinə onun azadlığa çıxandan sonra çıxışlar etməyəcəyini, müsahibələr verməyəcəyini, pensiyaya çıxıb hüquq müdafiəçiliyinə son qoyacağını çatdırsın. Leyla əlavə etdi ki, onun sözlərinin qarantiyası Bakıdakı daşınmaz əmlakıdır. Hansı ki, 2-3 il sonra həmin əmlakı satacaq, bu vaxt ərzində Leyla Yunus adını yaddan çıxaracaqlar”.

Başqa bir misal:

Leyla Yunus Rüstəm Usubovla görüşü barədə dostu Azad İsazadəyə göndərdiyi məktubda da bəhs edir: “Məni Usubov özü qəbul etdi. Mən ona vəd etdim ki, əgər Ariflə məni Dinaranın yanına buraxsalar, susacam və pensiyaya çıxacam, üstəlik, dedim ki, onların təklif etdiyi öhdəliklərə imza da ataram. Usubov vəd etdi ki, yuxarılara mənim hər şeyə hazır olduğumu çatdıracaq. İki həftə sonra isə Elçinə cavab diqtə edib yazdırıblar ki, mənimlə əməkdaşlıq onlara gərək deyil. Yəni biz heç kimik və bizə görə heç kim Azərbaycana sanksiya tətbiq etməyəcək. Onlar imtina etdilər, sən haqlısan – onlar güclü təzyiq hiss etmirlər…”

Vəkillər Kolleqiyasının sədrinin verdiyi və APA-nın yaydığı başqa bir açıqlamasına şərh belə vermək artıqdır.
Sitat: “Vəkillər çirkli pulların qanunsuz “yuyulması” faktlarına rast gələrsə, bu zaman mütləq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verməlidirlər”.

A.Bağırov deyib ki, bu, vəkillərin borcudur və Vəkillər Kollegiyası buna nəzarəti artıracaq: “Biz bu sahəyə nəzarəti artıracağıq. Çünki bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da çirkli pulların “yuyulmasına” qarşı mübarizə aparılır. Vəkillərin bununla bağlı təqdim etdiyi məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Palatasına təqdim olunacaq. Biz Maliyyə Monitorinq Palatası ilə əməkdaşlıq edirik və bunu gizlətmirik. Çirkli pulların yuyulmasına qarşı mübarizə bu sahədə əməkdaşlığı zəruri edir”.

Demək hər şey aydındır: Vəkillər Kolleqiyası yeni sədri ilə yeni səlahiyyətlər də alıb. İstintaqla da məşğul olacaqlar…

Məni isə bir sual daha çox maraqlandırır. Görəsən, hakimiyyətin düşünən beyinləri belə bir rəzalətə niyə izn veriblər? Niyə dövlətin hüquqi əsaslarını sıradan çıxarırlar?

Elmidar Əliyev

Tendensiya.com

...