REAL qurultayla bağlı bəyanat yaydı

Print Friendly, PDF & Email

Respublikaçı Alternativ Hərəkatı (ReAL) Qurultayla bağlı bəyanat yayıb.

Dekabrın 15-də yayılan bəyanatda deyilir ki, Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi (TK) Partiyanın I Təsis Qurultayının bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar verib və Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması (bir günlük kirayəsi) xahişi ilə müraciət edib.

REAl bildirir ki, müraciət olunan özəl yerlər siyasi partiya tədbirlərinə yer verməkdən imtina ediblər: “Bunu nəzərə alaraq Partiyanın Təşəbbüs Qrupu adından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə digər siyasi partiyaların bugünə qədər qurultay və digər tədbirlərini keçirtdiyi obyektlərlə bağlı müraciət ünvanlamışdır. Hər iki qurum cavab məktublarında qurultayımızın keçirilməsi üçün onlarda uyğun yerin olmadığını bəhanə gətirərək yer ayırmaqdan imtina ediblər. “Qanun” Nəşriyyat Evi və “Hürriyyət” qəzeti də onlara məxsus binalarda Qurultayın keçirilməsinə razılıq verməmişdir”.

Bəyanatda vurğulanır ki, Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Müsavat Partiyasına məxsus binanın qurultayın keçirilməsi üçün bir günlük ayrılması xahişi ilə müraciət edib və müsbət cavab alıblar: “Qurultayın 17 dekabr 2017-ci il tarixində Müsavat Partiyasının qərargahında keçirilməsi ictimaiyyətləşdirildikdən sonra Müsavat Partiyasının rəhbərliyinə Qurultaya yer verməməklə bağlı ciddi təzyiqlər göstərilməyə başlanmışdır. Belə ki, Dövlət Əmlak Komitəsi rəsmi məktubla Müsavat Partiyasına xəbərdarlıq etmişdir ki, əgər Qurultay üçün ReAl-a yer verilsə, istifadələrində olan binanın boşaldılması üçün addımlar atılacaq. Halbuki bugünə qədər həmin binada müxtəlif siyasi partiyaların və təşkilatların tədbirləri heç bir maneə ilə üzləşmədən keçirilib. Bundan əlavə, Müsavat Partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılaraq qərargahda keçiirilməsi planlaşdırılan ReAl-ın Qurultayı ilə bağlı xəbərdarlıq alıb”.

Bütün bu təzyiqlərdən sonra Müsavat Partiyasının rəhbərliyi Respublikaçı Alternativ TK-na müraciət edərək hakimiyyətin təzyiqləri, xüsusən Dövlət Əmlak Komitəsinin hüquqi iddiaları ilə bağlı məsələlərə aydınlıq gələnə qədər Təsis Qurultayının Müsavat partiyasının binasında keçirilməsini müvəqqəti olaraq təxirə salmağı təklif edib”, – bəyanatda qeyd olunur.

ReAl TK Qurultayın keçirilməsi üçün yer ayırması ilə bağlı Müsavat partiyasına edilən bütün təzyiqləri kəskin şəkildə pislədiyini, Müsavat Partiyasının müraciətini və partiyanın istifadəsində olan binanın itirilməsi təhlükəsinin ciddi olduğunu nəzərə alaraq, Təsis Qurultayını müvəqqəti olaraq təxirə salmağı qərara aldığını bəyan edir.

“ReAl olaraq bəyan edirik ki, ölkədə olan bütün qanuni vasitələrdən istifadə edərək Təsis Qurultayımızın keçirilməsinə nail olmaq niyyətindəyik”, – bəyanatın yekununda qeyd olunur.

REAL Hərəkatı 2009-cu ildə yaradılıb.

Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.

Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunazidd və siyasi motivli hesab edib.

Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov hələ də həbsdədir.

...